"Həkim çatışmazlığı olmasa, insanlar bir rayondan digərinə sınıqçı, çöpçü dalınca getməz" — AÇIQLAMA
"Müasir tibb inkişaf edənə qədər müxtəlif ölkələrdə, xalqlarda xalq təbabəti inkişaf edib. Loğmanlar insanlara tibbi xidmətlər göstəriblər.
Müasir tibb inkişaf etdikdən sonra xalq təbabəti bir qədər arxa plana keçib. Müasir tibb daha rasional və proqmatik addımlar atır. İlkin tibbi dioqnostik qiymətləndirmədən sonra xəstələrə müdaxilə edilir"
Bu sözləri Demokrat.az-a sosioloq Üzeyir Şəfiyev deyib:
"Ancaq bu gün də görürük ki, insanlar müasir tibb inkişaf etsə də, xalq təbabətindən istifadəyə maraq göstərir. Çöpcülər, sınıqçılar hələ də fəaliyyət göstərir. Bunun fəsadlarını da görürük. Mətbuatda bu tip informasiyalara rastlaşırıq. İnsan itkisinə gətirib çıxaran hadisələr belə baş verir".
Sosioloq bildirir ki, daha çox bu məsələ haqqında düşünməliyik ki, insanlar nə üçün xalq təbabətinə üz tutur, müasir tibbə yox?
"Deyilə bilər ki, tibbdə də bu cür hadisələr baş verir. Bu fikir də başa düşüləndir. Sosioloji müşahidələri nəzərə alaraq danışaq. Pasientlərin rəyinə görə xəstəxanalarda növbə sistemi, diaqnostik qiymətləndirmələr, analizlərin çoxluğu, həkim çatışmazlığı və.səbəblər göstərilir. Xalq təbabəti ilə məşğul olanlar "piar" la yox, ağızdan-ağıza gəzərək məşhurlaşdığı üçün daha çox inam yaradırlar".
Üzeyir Şəfiyev hesab edir ki, ölkəmizdə bir qədər tibbi personal çatışmazlığı və düzgün yerləşdirilməməsi problemi var. Statistikaya əsasən yüz minə yaxın tibbi personal var. Onlardan cəmi otuz iki mini ixtisaslaşmış həkim personalıdır:
"Fərqli ixtisaslardan olan həkim personalının sayını artırmaq, ölkə üzrə paylanmasını təmin etmək lazımdır. Əhaliyə həkim nəzarəti olarsa, insanlar bir rayondan digərinə sınıqçı, çöpcü dalınca getməz. Sosial maarifləndirmə ilə insanlara göstərmək lazımdır ki, sınıqçı, çöpcü xalq təbabəti risklidir. Onlar ilkin tibbi diaqnoz olmadan şəxsə müdaxilə edirlər. Bu işə qalxışan bəzi həkimlər "tutsaq qatıq, tutmasa ayran" prinsipi ilə hərəkət edirlər. Alınırsa, alınır. Alınmasa, bədbəxt hadisə meydana çıxır. Bunlar olmasın deyə insanlarda səhiyyə savadlılığını artırmaq lazımdır. Eyni zamanda ixtisaslı həkimlərin sayı artmalıdır. Xalq təbabətindən də imtina etməli deyilik. Xalq təbabəti ilə bağlı kifayət qədər bilgisi olan insanlar da var. Onlar belə kor-təbii şəkildə fəaliyyət göstərməməlidir. Onların da işləri lisenziyalaşdırmalıdır. Bununla da fırıldaqçılar həmin sahəyə girə bilməz, insanların səhhəti risk altında qalmaz".
Mehriban Mirzəzadə
Demokrat.az