ABŞ Konqresindəki hər iki siyasi partiyanın nümayəndələri noyabrın 5-nə təyin edilmiş prezident seçkilərindən sonra ölkədə siyasi zorakılığın artması ehtimalından narahat olduqlarını bildiriblər.
Editor.az xəbər verir ki, bu barədə Axios portalı qanunvericilərə istinadən xəbər verir.
Portala müsahibə verən demokratların fikrincə, respublikaçı namizəd Donald Tramp böyük ehtimalla məğlub olacağı təqdirdə seçkinin nəticələrinə etiraz etməyə çalışacaq. Onlar hesab edirlər ki, bu, ölkə daxilində geniş iğtişaşlara səbəb ola bilər və hətta Tramp tərəfdarlarının 2021-ci ilin yanvarında Kapitoliyə hücumu kimi hadisələrin təkrarlanmasına səbəb ola bilər. Demokrat Partiyası artıq bu məsələ ilə bağlı tədbir görüb və seçkidən sonrakı gecə üçün planlaşdırılan hadisələrin mühafizəsi üçün bir qrup polis təyin edib. “Biz mütləq yüksək riskli bir mühitdəyik. Heç bir şübhə yoxdur ki, biz ayıq-sayıq olmalı və ehtiyat tədbirləri görməliyik”, – deyə demokrat Ceyson Krou bildirib. Partiya üzvü Delia Ramirez deyib ki, Tramp qalib gəlsə, tərəfdarları güclənəcək, uduzsa, dörd il əvvəlkindən daha pis davranacaqlar.
//Gülnarə Abasova, Editor.az