Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması qaydası müəyyənləşir. Bu, Milli Məclisdə təsdiqlənmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən yeni - 29-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq.
Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bəs görəsən, digər satış məhsulları ilə bağlı minimum qiymətlərin müəyyən edilməsi gözlənilirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ümumiyyətlə, hansısa satış məhsulu ilə bağlı minimum qiymət müəyyən edilməsi yanlış yanaşmadır:
“Alkoqollu içkilərlə bağlı minimum qiymət siyasəti kökündən səhvdir. Çünki Milli Məclisdəki müzakirələrdən belə başa düşmək olur ki, bazarda çox ucuz alkoqollu içkilər var və onlar sağlamlığa zərər verir. Amma bunun səbəbi qiymətin yüksək olması ilə bağlı deyil. Əslində, alkoqollu içkilərin bazara necə daxil olması araşdırılmalı və bunun qarşısı alınmalıdır. Qiyməti artıracaqlar və bu dəfə eyni keyfiyyətsiz məhsullar 2 manata deyil, 3 manata satılacaq. Dəyişən bir şey olmayacaq.
İstər ərzaq məhsulları, istərsə də digər məhsulların qiymətini dövlətin müəyyənləşdirməsi 70 illik sovet dövründə keçdiyimiz yoldur. Bu heç bir effekt vermədi, əksinə, sonradan qıtlığa, alverçilərin yaranmasına, keyfiyyətsiz məhsulların bazara çıxmasına səbəb oldu”.
Ekspert qeyd edib ki, belə addımlar bazarda keyfiyyətsiz və insan səhhətinə zərər vuran məhsulların sayını kəskin artıracaq:
“Buna görə də mən şəxsən, istər ideoloji, istərsə də iqtisadçı olaraq bu yolun qəti əleyhinəyəm. Qiymətlərin tənzimlənməsini bazar iştirakçıları müəyyənləşdirməlidir. Dövlət ədalətli hakim rolunu oynamalı və bazara çıxarılan keyfiyyətsiz məhsulların yığışdırılmasına çalışmalıdır. Bunun müxtəlif inzibati və hüquqi yolları var. Ona görə bu yolu düzgün saymıram.
Düşünürəm ki, əksinə, qiymət yüksəldikcə qara bazar artacaq və daha keyfiyyətsiz məhsullar bazara daha çox çıxacaq. Nəticə etibarı ilə insanların sağlamlığına daha çox zərər dəyəcək”.