AZ

Müğənnilərdən vergi borcu olan elə tək Ağadadaş Ağayevdir?..

Image

Aydın Xan Əbilov: “Müğənnilərin, sənətçilərin bir çoxu nəinki vergi ödəmir, hətta toyda qazandıqları pulla bağlı vergi orqanlarına vaxtlı-vaxtında hesabat belə vermirlər”  

Azərbaycanda müğənnilərin, şou-biznesdə tanınan şəxslərin, musiqiçilərin qazanclarının kifayət qədər olduğu barədə məlumatlar mətbuatda yer alır, hətta onların toy qiymətləri də vaxtaşırı olaraq açıqlanır. 

Bir neçə istisnanı nəzərə almasaq, bizim müğənnilər vergi ödəmək məsələsində çox passivdilər. Məsələn, Türkiyədə müğənnilər bir-biri ilə kim dövlətə daha çox vergi ödəyir məsələsində yarışırlar. Hər bir müğənni çalışır ki, dövlətin vergisini vaxtlı-vaxtında ödəsin, adı liderlər sırasında olsun. Bizdə isə əksinədir. Yəni Azərbaycanda nə qədər müğənni vergidən yayınır və onların dövlətə külli miqdarda borcları var. Onların içində yalnız Ağadadaş Ağayev məhkəməyə verilib. Bu günlərdə məlumat yayılıb ki, xalq artisti Ağadadaş Ağayev vergi borcuna görə məhkəməyə verilib, hətta onun ölkədən çıxışına qadağa qoyulub. 

Bəs başqa müğənnilərin vergi borcu necə olacaq? Bu ölkədə vergidən yayınan müğənni təkcə Ağadadaş Ağayevdir ki? 

Əlbəttə yox, vergidən yayınan müğənnilər əl-qolunu sallayıb gəzir. Vergi xidmətindən gələn bildirişlərə əhəmiyyət vermir çoxu. 

Amma sadə bir vətəndaşın vergiyə bir qəpik borcu olanda belə ödəməyə məcbur edilir, hətta müəyyən prosedurlar da həyata keçirilir, amma şou müğənnilərinə heç bir cəza verilmir, məcburi ödənişə cəlb edilmir. 

Bunlar günü-gündən qanunları saymaz olurlar. Hər toydan 10 min manat pul qazanırlar, amma vergi ödəmirlər. Vergi orqanları da onlara loyal yanaşır. 

Mətbuatda gedən araşdırmalardan birinə diqqət yetirək: 

“Müğənnilərin el şənliklərindən əldə etdikləri qazancın, şabaşın məbləği istər sosial mediada, istərsə də cəmiyyətdə hər zaman müzakirə mövzusu olub. Tanınmış müğənni Kərim Abbasovun toydan əldə etdiyi qazancla bağlı verdiyi açıqlama da birmənalı qarşılanmayıb.

O qeyd edib ki, iştirak etdiyi toyların birində 15 dəqiqə ərzində 28 min dollar şabaş qazanıb. O. həmçinin bildirib ki, müğənni həmkarı - Xalq artisti Röya Ayxan da həmin toya çox yüksək məbləğə, yarım saat iştirak üçün 45 min dollara dəvət olunub.

Bu açıqlamadan sonra sosial şəbəkələrdə onların qazandığı bu qədər pula görə vergi ödəyib-ödəməmələri müzakirə olunub”.

Mətbuat 30-a yaxın sənətçinin vergi borclarını araşdırıb və bəlli olub ki, onların xeyli hissəsinin borcu var. 

“Çünki bir çox müğənnilər məmurların övladlarının toyunda oxuyurlar, buna arxayın olurlar...”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə  şərhində bildirdi ki, bütün dünyada vergi, maliyyə sistemi dövlətin şah damarı sayılır. A.X.Əbilov qeyd etdi ki, bu, dünya tərəfindən qəbul edilmiş qızıl qaydadır. Ekspertin sözlərinə görə, inkişaf etmiş dövlətlərdə maliyyə sanksiyaları, dövlət bücəsinə ödəmələr vətəndaşın ictimai bir fiqir olduğuna dəlalət edən əsas xüsusiyyətlərdən sayılır. O, təəssüflə qeyd etdi ki, Sovet dövründə bir çox sahələrdə olduğu kimi, bu sahədə də boşluqlar vardı, çox az məvacib verən Sovet hökuməti bu məvacibdən, gəlirdən vergi tutmurdu. A.X.Əbilov dedi ki, o vaxt özəl şirkətlər, fərdi biznes yox idi deyə iş yerləri dövlətə aid idi.  O dövrdə qəribə vergi növlərinin olduğunu deyən ekspert bildirdi ki, əgər bir şəxs müəyyən yaşdan sonra ailəli deyildisə o subaylıq vergisi ödəyirdi. “Biz bazar iqtisadiyyatı dövrünə qədəm qoymuşuq. Vaxtilə dövlətə aid olan bir çox sahələr özəl sektora keçdi, fərdi sahibkarlıq inkişaf edir. Kapitalizm sistemi bizi vergi və dövlət büdcəsinə ödəmələrin vaxtlı-vaxtında ödənilməsini dərk etməyə çağırır. Bu bütün vətəndaşlara aiddir, həmçinin şou-biznesdə və kreativ sənayedə çalışan şəxslərə də. Lakin bizdə vergi dövlət qurumlarında və səneyedə çalışanlara daha çox şamil olunur. Bəzi fərdi qurumlarda işləyənlərə də bu sahədə ciddi nəzarət edilir. Amma fərdi olaraq hansısa biznes sahəsində çalışan, yaxud işləyən şəxslərə vergi orqanları o qədər də nəzarət etmirlər. Yaxud bu sahəni sadəcə özbaşına buraxıblar. Tutalım, bunların sırasında müğənnilər, pulla Yasin oxuyan mollalar, günəmuzd işləyən fəhlələr və sairlərini götürə bilərik. Biz evimizə bir fəhlə çağırıb beşinci mərtəbəyə divanı qaldıranda onlara buna görə 30 manat pul veririk. Nəzərə alsaq ki, bu adamlar gün ərzində beş divan qaldıra bilər, onun bir gündə qazandığı kifayət qədər məbləğ sayıla bilər. Bu gəlirdən isə o heç bir vergi vermir. Amma mən dövlət qurumunda işləyirəm, dövlət məndən 20 faizə qədər, bəzən çox, bəzən az vergi tutur, yaxud vergiyə aid olan sosial ödəmələri tələb edir. Mənim uşağım da, həmin o vergi verməyən şəxsin uşağı da eyni dövlət məktəbində oxuyur, bu məktəblər də büdcədən maliyyələşir. Xəstələnəndə də İcbari Tibbi Sığorta hər ikimizi fərq qoymadan müalicə edir və pensiyaya çıxanda da, demək olar ki,  pensiyalarımız da eyni olur. Necə olur bu? Bu ədalətlidirmi?

Konkret mövzuya gəlincə, bəli, müğənnilərin, sənətçilərin bir çoxu nəinki vergi ödəmir, hətta onlar toyda qazandıqları pulla bağlı vergi orqanlarına vaxtlı-vaxtında hesabat belə vermirlər.  Yaxud böyük məbləğdə vergi borcları yaranır, o borc onlardan tələb olunmur. Çünki bir çox müğənnilər məmurların övladlarının toyunda oxuyurlar, buna arxayın olurlar, yaxud onların bəziləri, ola bilsin, vergi orqanlarında işləyənlərin tanışlarıdır və sair. Xüsusən də gənc xanım müğənnilər bir də görürsən ki, birdən-birə sıfırdan qalxdığını, ev, bağ aldığını, evini baha qiymətə təmir etdiyini, 500, 200 minlik avtomobil aldığını elan edir. Amma vergi orqanları onlara hər hansı bir sanksiya tətbiq etmir və yaxud sosial ödəmələri, gəlirdən vergiləri ödəməməyin səbəblərini sanki soruşmurlar. Görünən mənzərə budur. Biz belə bilirik, müşahidə edirik. Buna nə ad vermək olar? Birdən-birə 18-20, 30 yaşlı bir sənətçi, toy müğənnisi bu qədər var-dövlətə necə malik ola bilər? Əgər onu kimsə ona bağışlayıbsa, o bağışlayan adam bu qədər pulu hardan əldə edib ki, rahatlıqla müğənnilərə pul xərcləyir, sağa-sola pul səpir? Müğənnilərin vergiləri, sosial ödəmələri  ödəmədikləri ilə bağlı məsələ dəfələrlə qaldırılıb. Nəinki bu, hətta müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı onların şairlərin, bəstəkarların, proqram istehsalçılarının, sənətçilərin və bu sahədə çalışan digər insanların qonorarını kəsməsi barədə dəfələrlə fikirlər səsləndirmişik. Çox mənasız insanlar var ki, bunu anlamır və onları ictami qınağa çəkmək əvəzinə bizi qınayırlar. Tutalım, bir bəstəkar yazılı və yaxud şifahi müqavilə əsasında yazdığı mahnını sata, bağışlaya bilər, yaxud  mahnısını verəndə müqavilədə qeyd edilə bilər ki, hər dəfə bu mahnıdan istifadə edilən zaman müəyyən müəllif kimi ona qonorar verilməlidir”-deyə A.X.Əbilov qeyd etdi.

Elspertin sözlərinə görə, müəllif hüquqlarının müdafiəsi ilə məşğul olan Əqli Mülkiyyət Agentliyi də, başqa ictimai qurum da var. 

Bəstəkarın mahnısı televiziya və radioda səslənərsə oradan müəllifə, oranjemançıya, şairə qonorar verilə bilər. “Amma müğənnilər restoranlarda  oxuyub bu mahnılardan gen-bol istifadə edib pul qazanırlar. Toylarda, ad günlərində, başqa mərasimlərdə bu mahnılardam istifadə edirlər, amma bundan müəllifə və vergiyə bir qəpik də olsun pul verilmir. Vergi qurumları bir vaxtlar şadlıq evlərində, restoranlarda xüsusi kameralar quraşdırdılar və o kameralar vasitəsilə restoran və şadlıq saraylarının sahiblərinin gəlirlərini hesablamağa başladılar. Amma orda oxuyan və saat hesabı ilə 3-4, 5-6 min manat pul qazanan  müğənnilər  üçün sanki heç bir nəzarət funksiyası yerinə yetirilmədi. Bu hesablamaların aparılmadığına, nəzarətin olmadığına görə, Xalq artistindən tutmuş sadə toy müğənnilərinə qədər artıq vergi ödəməməyə meyllər artıb. İki televiziya verlişində iştirak etdikdən sonra gəlib bahalı maşınını nümayiş etdirən, obrazlı şəkildə desək, kreativ sahənin zəhmətkeşlərinin vergidən yayınması ilə bağlı biz nə rəsmi, nə  ictimai qınaq, nə də etirazlar gördük. Nə də toy sahibləri müğənnilərdən tələb etmirlər ki, gedin, bu qazancınızdan vergi ödəyin. Əslində onların maliyyə imkanları yaxşılaşdıqca xalqın, dövlətin inkişafına səbəb olacaq, dövlət büdcəsini zənginləşdirməyə xidmət edəcək ödəmələri etməlidirlər. 

Üstəlik, müğənnilər də özlərindən o qədər razıdır ki, heç nə veclərinə deyil, sanki onlar ayrıca bir zümrədir, başqa planetdən gəliblər, digərilər isə “qara” zümrədir, biz işləməliyik, vergi verməliyik, pensiya fondlarına ödəmələr etməliyik, digər müavinətlərə kömək etməliyik, amma biz bunu müğənnilərin timsalında görmürük. Gəlin baxaq, görək ki, yalnız vergi iləmi bağlı problemlər var? Hansı müğənni  COP29-la bağlı ekoloji bir hərəkat başladıb? Biz bunu görmürük. Dövlət müəssisələri, ictimai qurumlar, ziyalılar gedib ağac əkirlər, ağaclara qulluq edirlər, iməcilikdə iştirak edirlər, şəhəri təmizləyirlər, ən azı ekomaarifçiliklə məşğul olurlar. Amma siz ağac əkən, ekoloji maarifçiliklə məşğul olan, ekologiyanın qorunması ilə bağlı çağırış edən hansısa bir müğənni görmüsüzmü? Onlar maşınlarını düzgün park etməyəndə, cəzalandırılanda dostumuz xalq artisti Ədalət Şükürov kimi üsyan edir və dövlət qurumlarına etirazlarını bildirirlər. Yaxud bir az tıxac görən kimi saldıqları səs-küydən başımız ağırıyır, amma vergi ödəmək lazım olanda, qanunların tələblərini pozduqlarına görə dövlət qurumları onları inzibati məsuliyyətə cəlb etmək istəyəndə aləm bir-birinə qarışır və az qala hamı tanınan və tanınmayan müğənnilərin nmüdafiəsinə qalxır.  Amma heç kim düşünmür ki, bunlar dövlət büdcəsinə vergi ödəməlidir, vətəndaş kimi dövlətin bütün qanunlarına əməl etməlidir, dövlət büdcəsi vergilər hesabına da zənginləşməlidir ki, bizim maaşımız, pensiyalarımız artsın, uşaq pulu tələb edənlərə uşaq pulu verilsin və sair. Düşünürəm ki, yaxın gələcəkdə bizim vergi mədəniyyətimiz formalaşacaq. Biz sivil cəmiyyətlərdə olduğu kimi dərk etməliyik ki, vergi verməsək dövlət bizim üçün heç nə etməz, ona görə də istər məmur, istər aktyor, istər müğənni, istər iş adamı, istərsə də sadə vətəndaş olsun, hər kəs vergiləri və dövlətin müəyyən etdiyi ödəmələri  vaxtında ödəməlidir”-deyə A.X.Əbilov qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
33
baki-xeber.com

1Mənbələr