“Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola “Real”dakı həmkarı, italyan mütəxəssis Karlo Ançelottini təbrik etdiyini bildirib.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, söhbət Ançelottinin “France Football” nəşrinin seçimi əsasında 2023/2024-cü illər mövsümün üçün ən yaxşı məşqçi elan edilməsindən gedir:
“Mən Ançelottini uğuru və dünyanın ən yaxşı məşqçisi kimi tanınması münasibətilə təbrik etdim. Bununla belə, Can Pyero Qasperini də “Atalanta” ilə inanılmaz işlər görüb. Eyni sözləri Luis de la Fuentenin İspaniya yığmasındakı işi haqqında da demək olar. Sizcə, onlar mükafatı qazanmağa layiq idilərmi? İnsanlar Ançelottiyə səs verdilər və bu, layiqlidir”, deyə Xosep Qvardiola bildirib.
Xatırladaq ki, ötən mövsüm Ançelotti “Real”a İspaniya La Liqasını, İspaniya Super Kubokunu və Çempionlar Liqasını qazandırıb.
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.