AZ

İcbari tibbi sığorta ilə bağlı daha bir yenilik— Bu müayinə də pulsuz olacaq

Gələcəkdə çek-ap müayinələri də İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə salına bilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva Trend-ə açıqlamasında bunu bildirib. Onun sözlərinə görə hazırda qaydalara əsasən vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayəti olduğu halda, icbari tibbi sığorta hesabına, yəni ödəniş etmədən tibbi müayinədən keçə bilir: “Tibbi göstəriş yoxdursa, icbari tibbi sığorta hər hansı müayinənin ödənişini qarşılamır. “Lakin gələcəkdə ola bilsin ki, çek-ap müayinələrini Xidmətlər Zərfinə salaq və ya ilkin səhiyyədə bu müayinələr aparılsın. Bu müayinələrin də nəticəsində artıq sağlamlıq haqqında arayış formalaşacaq. Yəni bunun üzərində işləyirik. Ona görə də hansı çek-ap Xidmətlər Zərfinə salınacaqsa, ondan irəli gələn arayışların da Xidmətlər Zərfinə salınması barədə düşünəcəyik”, – deyə o əlavə edib.

Məsələyə həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında münasibət bildirib. Ş.Məmmədov deyib ki, bugünkü gündə Azərbaycanda icbari tibbi sığortanın geniş profilli tətbiqinə səy göstərilir:

“Bu məsələ dövlət rəhbərinin tapşırığına əsasən həyata keçirilir. İnsanların icbari tibbi sığortadan tam yararlanması üçün müxtəlif işlər görülür. “Çekap” müayinələrdə də sığortanın tətbiqi gözlənilir. Ola bilər ki, bu məsələ gələn il müzakirə olunacaq. Hazırda icbari tibbi sığorta xəstələrə göstəriş olduqda tətbiq olunur. İlkin mərhələdə çekap zamanı icbari tibbi sığorta ilə bağlı çətinliklər yaşana bilər. Amma düşünürəm ki, bu, gələcəkdə insanların sağlamlığına mühüm töhfə verəcək”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
37
demokrat.az

1Mənbələr