M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Qeyri-səlis məntiq və nitq-dil” kitabının təqdimat mərasimi keçirilib.
Kult.az xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarını salamlayaraq, “Qeyri-səlis məntiq və dil-nitq” kitabının elmi əhəmiyyətindən söz açıb, yeni nəşrin elmi ictimaiyyət və ziyalılar tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb.
Tədbirin aparıcısı, professor Qorxmaz İmanov bildirib ki, akademik Kamal Abdulla və professor Rafiq Əliyev son illər qeyri-səlis məntiq nəzəriyyəsinin daha da dərinliklərinə enərək, bu nəzəriyyəni ictimai elm sahələrinə uğurla tətbiq edirlər. Onlar dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq edərək son dərəcə dəyərli əsər - “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabını yazıblar. Bu yaxınlarda isə Kamal Abdulla və Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və nitq-dil” adlı kitabı çapdan çıxıb. Müəlliflər qeyri-səlis məntiqi dil və nitqə tətbiq edərək, müxtəlif fərqli yanaşmaları cəmləyən intellektual bir araşdırma ortaya qoyublar.
Kitabın müəlliflərindən olan professor Rafiq Əliyev qeyri-səlis məntiqin sosial elmlərə tətbiqinin əhəmiyyətindən söz açıb, bu nəzəriyyənin dilin çoxqatlı məzmununu daha dəqiq ifadə etməyə imkan verdiyini bildirib: “Bu kitab, qeyri-səlis məntiqin klassik məntiq çərçivəsindən çıxaraq, dilin təbii axarında necə təzahür etdiyini göstərir. Biz dilin çoxmənalılığını araşdırarkən, onun yalnız tək anlamlı deyil, geniş perspektivlər yaratdığını dərk etdik. Bu yanaşma Azərbaycan elmi üçün yeni bir addımdır”.
Akademik Kamal Abdulla kitabın yazılma prosesindən bəhs edərək qeyd edib ki, qeyri-səlis məntiq nəzəriyyəsinin dilin özünəməxsus çoxmənalılıq və qeyri-xətti xüsusiyyətləri ilə uzlaşdırılması müasir dilçilik elmi üçün yeni üfüqlər açır: “Biz bu kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilə tətbiqi ilə onun qeyri-xətti məqamlarını, çoxmənalılıq xüsusiyyətlərini əhatəli şəkildə izah etməyə çalışmışıq. Bu kitab sosial elmlərdə yeni bir dövr açmaq potensialına malikdir”.
Təqdimat mərasimində ADNSU-nun prorektoru, professor Lətafət Qardaşova, Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Burak Eke, ADNSU-nun rektoru Vazeh Əskərov, xalq şairi Ramiz Rövşən, əməkdar jurnalist Elmira Axundova, tanınmış ictimai xadim Hacan Hacıyev, professor Qəzənfər Paşayev, akademik Muxtar İmanov və professor İsmayıl Məmmədov çıxış ediblər. Natiqlər bildiriblər ki, təqdim olunan yeni kitab həm Azərbaycan dilçiliyi, həm də elmin digər sahələri üçün fundamental bir töhfədir. Bu əsər, Azərbaycanın elm tarixində bir çox intellektual başlanğıcların mənbəyi ola bilər.
Qeyd edilib ki, qeyri-səlis məntiq nəzəriyyəsinin dilə tətbiqi Azərbaycan elmi tarixində unikal bir hadisədir və bu, elmi ictimaiyyətə geniş imkanlar və yeni tədqiqat sahələri, perspektivlər açır. Dil və nitq arasındakı əlaqələrin belə incəliklə öyrənilməsi, dilçiliyin gələcək inkişafında mühüm rol oynayacaq. Bu fundamental tədqiqat təkcə elmi dairələrdə deyil, həm də geniş oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılanacaq, gələcək nəsillərə zəngin miras qoyacaq.