İspaniyada güclü yağışların səbəb olduğu daşqınlar 95 nəfərin həyatına son qoyub.
Musavat.com xəbər verir ki, bu barədə “El País” məlumat yayıb. Bildirib ki, ölkədə üç günlük matəm elan edib.
92 nəfərin həlak olduğu Valensiya ən çox zərər görən şəhərlərdəndir. Daha bir nəfər Malagada iki nəfər isə Kastilya-La Mançada ölüb. Hələ də itkin düşənlərin olduğu bildirilir. Onların sayı dəqiqləşdirilmədiyi üçün qurbanların sayı arta bilər. Hərbçilərin, yanğınsöndürənlərin və polisin iştirakı ilə axtarış-xilasetmə əməliyyatları davam edir.
Oktyabrın 30-da axşam saatlarında 115 min insan işıqsız, 120 minə yaxın insan isə rabitəsiz qalıb. Valensiyada hələ də bir çox yollar bağlanıb, su seli ilə yuyulan minlərlə avtomobil yollarda qalıb, sürətli və müntəzəm qatarların hərəkəti dayandırılıb.
İspaniya hökuməti zərər çəkmiş ərazilərin sakinlərinə lazımi köməklik göstərəcəyini vəd edib. Oktyabrın 31-də İspaniyanın baş naziri Pedro Sançes böhran mərkəzinin iclasında iştirak etmək üçün Valensiyaya gələcək.
Oktyabrın 29-da axşam saatlarında İspaniyanın şərq və cənub bölgələrində güclü yağışlar yağıb. Meteoroloqların hesablamalarına görə, cəmi səkkiz saat ərzində Valensiyaya 491 mm yağıntı düşüb ki, bu da təxminən illik normadır.
Şahanə Rəhimli
Musavat.com