Okeanın dibində sirli dəliklər qeydə alınıb
Atlantik okeanın dibində 2540 metr dərinlikdə qəribə dəliklər var.
Reyting.az xəbər verir ki, dəlikləri ABŞ-nın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) tədqiqatçıları qeydə alıblar.
Orta Atlantik silsiləsində aparılan elmi araşdırmalar zamanı robot düz xətt boyu yerləşən kiçik dəliklər aşkar edilib və bu görüntü alimləri heyrətə salıb.
Fotolarda həyat əlaməti yoxdur, dəliklərin bir-birinə bağlı olub-olmadığı da məlum deyil.
Mütəxəssislər bu qeyri-adi strukturların mənşəyini aydınlaşdırmağa kömək edəcəklərinə ümid bəslədiklərinə görə, o ərazidəki çuxurların yaxınlığından çöküntü nümunələri götürüblər.
Elm adamlarının ilkin fərziyyələri isə təbii geoloji proseslərdən tutmuş naməlum su canlılarının və hətta insanların mümkün müdaxiləsinə qədər dəyişir, baxmayaraq ki, sonuncu variant mümkünsüz hesab olunur.
Mütəxəssislər bildiriblər ki, belə bir kəşf ilk dəfə deyil: 2004-cü ildə eyni silsilənin şimal hissəsində 2082 metr dərinlikdə, lakin əyri xətləri olan bənzər dəliklər aşkar edilmişdi. Bu faktın özü də okean dərinliklərində üzə çıxan sirri daha çox maraqlı edir.
Qeyd edək ki, Atlantik okeanı zəif öyrənilmiş bir sahədir və onun dərinliklərinin əhəmiyyətli hissəsi tədqiq edilməyib. Bunun da nəticəsində oradakı öyrənilməmiş həyat formalarının mövcudluğu haqqında bəzi mənbələrin saysız-hesabsız fərziyyələri ortaya çıxır.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının yardımı ilə bu böyük təşkilatla müntəzəm olaraq əməkdaşlıq edən tədqiqatçılar əminliklə bildiriblər ki, onlar tezliklə okeanın 2540 metr dərinliyindəki dəliklərin sirrini aşkar edəcəklər.
Oqtay QORÇU