AZ

Azərbaycanda dördgünlük iş həftəsinə KEÇİLƏ BİLƏRMİ? - Mühüm AÇIQLAMA

Dünya ölkələri iş günlərinin sayının azaldılmasını müzakirə edir. Bəzi ölkələrdə artıq dördgünlük iş həftəsi tətbiq edilir. Dördgünlük iş həftəsinin tətbiqindən sonra iqtisadiyyatında artım qeydə alınan ölkə isə İslandiya olub.
 

MÖVZU İLƏ BAĞLI:

Dörd günlük iş həftəsinə keçdi, iqtisadi artım iki dəfədən çox artdı


CNN-in məlumatına görə, İslandiyanın ÜDM-i 2023-cü ildə 5% artıb. Bu rəqəm də iqtisadiyyatda yüksəkdir. İslandiya bu artımla yalnız Maltadan geri qalır. Analitiklər ölkənin iqtisadi uğurunu məhz iş həftəsinin azaldılması, daha az çalışmaqla stress və yorğunluqdan xilas olan işçilərin əməyinin səmərəsi ilə əlaqələndirirlər.

Araşdırmada ölkənin 2006-2015-ci illərdə orta iqtisadi artım tempinin ildə 2% təşkil etdiyi qeyd edilib. 2022-ci ilə qədər ölkədə işçilərin 51%-i daha qısa iş saatına və ya dördgünlük iş həftəsinə keçib. Bu gün islandiyalıların 59%-i bu formatda işləyir.

Azərbaycanda hazırda həftəlik iş saatı 40 saatdır.

Əmək Məcəlləsinə görə, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Məcəllənin 90-cı maddəsinə əsasən, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq altıgünlük iş həftəsi də müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz. Həmçinin, qanunvericilikdə iş günlərinin sayı 5 və ya 6 gün müəyyənləşsə də, təcrübədə iş günlərinin sayı qarşılıqlı razılaşma ilə müəyyən olunur. Yəni hansısa şirkətlə işçi arasında həftədə 4 iş günü və 3 istirahət gününün olmasına dair müqavilənin bağlanması qanuna zidd deyil.

Bəs Azərbaycanda dördgünlük iş həftəsinə keçilsə, iqtisadiyyatda hansı dəyişiklik baş verər

İqtisadiyyat sahəsi üzrə ekspert Eldəniz Əmirov məsələ barədə Bizim.Media-ya danışıb. O, bu təcrübənin iqtisadi cəhətdən daha dayanıqlı olan ölkələrə məxsus olduğunu bildirib:

“Hazırda dünyanın heç bir ölkəsində dördgünlük iş rejiminə keçirilməyib, dördgünlük iş rejiminə müəyyən ölkələrdə həm özəl, həm də dövlət sektorunda tətbiq olunub. Ərəb ölkələrində, Yaponiyada bu tip nümunələrə rast gəlinir”.

Ekspert hesab edir ki, 10 ildə Azərbaycanda bunun tətbiqi real görünmür:

“Yaxın beş il ərzində dünyanın heç bir ölkəsi dördgünlük iş rejiminə tam olaraq keçə bilməyəcək. Qarşıdakı illərdə bu mümkün olacaq. Bu, ilk olaraq iqtisadi cəhətdən daha çox inkişaf etmiş və əmək qüvvəsinin daha rentabelli olan ölkələrində mümkün olacaq. İnkişaf etməkdə olan ölkələrdə, o cümlədən, Azərbaycanda yaxın 10 il ərzində bu, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq”.

Günay Şahmar, Bizim.Media

 

Seçilən
12
bizim.media

1Mənbələr