AFFA "Kəpəz"in legioneri Dioqo Verdaskanı cəzalandırıb.
İntizam Komitəsinin son iclasında belə qərar qəbul edilib.
Portuqaliyalı yarımmüdafiəçi Premyer Liqanın 11-ci turunda “Turan Tovuz”la matç bitdikdən (1:2) sonra hakimin qərarına etiraz edib. Nəticədə o, ikinci sarıdan qırmızı vərəqə alıb.
Ona görə də 27 yaşlı müdafiəçi 1 oyunluqcəzalanıb. “Kəpəz” isə 500 manat cərimələnib.
Sözügedən oyunda "Turan Tovuz" 2:1 hesabı ilə qalib gəlib. Tovuz təmsilçisi qələbə qolunu 90+3-cü dəqiqədə vurub.
Ev sahibləri məhz ona görə təyin edilmiş cərimə zərbəsindən sonra Emmanuel Hakmanla fərqlənib. Verdaskanı da elə bu hadisə «cin atına mindirib».
O, topun əlinə dəymədiyini bildirərək, Rauf Allahverdiyevin üstünə qıcıqlanıb. Yanlış qərar çıxarmış referi isə utanıb başını aşağı salmaq əvəzinə Kriştanu Ronaldonun həmyerlisinə ikinci «sarı»nı (həm də qırmızı kartı) göstərib.
Vaxtilə ölkəsinin U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının formasını geyinmiş, yolu «Porto»dan düşmüş arxa xətt oyunçusu «fit sahibi»nə nə söyləsə yaxşıdır?
«Saraqosa»nın şərəfini qorumuş müdafiəçi Allahverdiyevə tərəf öncə «no respekt» qışqırıb. Cəzalandığını görnüncə isə «sən kişi deyilsən» söyləyərək, üzünü çevirib gedib.
SPORTİNFO.AZ