İndiyədək müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara 511 mln. manata yaxın kredit verilib.
"APA-Economics" bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bunun 80 mln. manata yaxını cari ilin yanvar-oktyabr aylarının payına düşüb.
Fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6 600 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 nömrəli Fərmanı ilə Fondun sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Cari ildən etibarən daha iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Yeni alətlərin tətbiqi qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına imkan verəcək.