Sübuta yetirilən fakt ondan ibarətdir ki, dünyada elə dövlətlər və beynəlxalq təşkilatlar var ki, onlar açıq şəkildə sülhə və təhlükəsizliyə təhdid yaradırlar. Sözdə isə insan hüquq və azadlıqlarına hörmətdən danışır, azad, demokratik cəmiyyətlərin quruculuğundan söhbət açırlar. Reallıqda isə birinci növbədə onlar süni müharibələr, münaqişələr törətməklə on minlərlə insanın ölümünə, yaralanmasına, yüz minlərlə ailənin isə öz doğma yurd-yuvasından didərgin düşməsinə səbəbkar olurlar. Müasir dövrün köklü dəyişiklikləri, yenilikləri olmasına baxmayaraq hələ də müstəmləkə siyasəti aparan və müstəmləkə altında saxlanan ərazilərdə qanlı qırğınlar, vəhşiliklər törədən dövlətlər var. Fransa o dövlətlərdəndir ki, on illərdir ki, müstəmləkə siyasəti aparır və qanlı qırğınlar həyata keçirir. Misal olaraq Fransanın Yeni Kaledoniyada, Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada və digər ərazilərdə törətdiyi soyqırımı aktlarını göstərmək olar. Bu fakt ondan xəbər verir ki, Fransa hələ də orta əsrlərdə törətdiyi vəhşiliklərini yeni formada davam etdirir. Hələ o zaman, yəni 1789-cu il də xalq üsyanı nəticəsində kralın devrilməsi ilə qurulan hakimiyyətin qəbul etdiyi “İnsan haqları haqqında” Bəyannamə indiki qanunlar kimi sadəcə kağız parçasıdır. Baxmayaraq ki, bəzən Makron hakimiyyəti tarixə istinad etməklə Fransanın hələ 1789-cu ildən insan hüquq və azadlıqlarına qəbul etdiyi qanunlara dəyər verdiyini qeyd edir.
Məlumdur ki, o dövrdə Kralın idarə etməsindən narazı qalan fransızlar 1789-cu ilin iyulun 14-də Bastiliya qalasına hücum edərək əvvəlcədən hazırladıqları planlarını reallaşdırdılar. Nəticədə iyulun 17-də həmin dövrün Fransa kralı XVI Lui xalqın qələbəsini tanımağa məcbur oldu. Kral Parisi respublika elan etdi.1789-cu il Fransa inqilabı “İnsan haqları haqqında” Bəyannamə qəbul etmişdi, lakin çox keçmədən Fransanın başlatdığı müharibələr və geniş müstəmləkəçilik fəaliyyəti qəbul edilən bəyannamənin humanist müddəalarını ayaqlar altına atdı. Fransa müstəmləkələrindəki üsyanları amansızlıqla yatırırdı. 1856-1859-cu illərdə Melaneziyadakı, xüsusən Yeni Kaledoniyanın mərkəzi Noumeadakı üsyanlar ağır cəza tədbirləri vasitəsilə boğulurdu. Sürgün, ağır vergilər və s. Yaxud 1962-ci ildə Əlcəzair xalqının azadlıq uğrunda mübarizəsi 1 milyonadək qurban və 2 milyon məcburi köçkünlə nəticələnmişdi.
Fransa müstəmləkə siyasətindən əl çəkmir
Müasir dövrün müəyyən yenilikləri, inkişafı Fransanı orta əsrlərin qəddar işğalçı siyasətindən çəkindirməyib. Hələ də müstəmləkə siyasəti aparır və işğal etdiyi ərazilərdə insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. Yeni Kaledoniya adası uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. 300 min nəfərə yaxın əhalisi olan bu ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Fransa digər ərazilərdə olduğu kimi, burada da yerli əhalinin müstəqillik çağırışlarına məhəl qoymur, onların haqlarını kobud şəkildə pozur və eyni zamanda, təbii sərvətlərini talan etməyə davam edir. Bu isə haqlı olaraq ada əhalisinin narazılığına səbəb olur. Fransa hökuməti adaya nəzarətin əllərindən çıxmaması üçün buraya qoşun yeridib, fövqəladə vəziyyət tətbiq edib. Əhalinin fransa ordusu ilə sərt və qətiyyətli mübarizəsi nəticəsində yüzlərlə insan yaralanıb, onlarla insan isə yaralanıb. Çoxsaylı insan Fransa ordusu tərəfindən həbs edilərək amansız işgəncələrə məruz qalıblar. Cari ilin iyulun 17-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayın açılış mərasimində çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs olunub. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qalıblar. Onlar arasında azyaşlı uşaqları olan qadınlar da var. Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan edir. Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Bakıda keçirilən tədbirdə iştiraklarına görə Azərbaycan hökumətinə və buna şərait yaradan bütün insanlara təşəkkürünü ifadə edib. Deyib ki, Fransanın koloniyaları ilə bağlı bu Qurultayda biz çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq. “Biz plaftormalarımızı möhkəmləndirməliyik, müzakirələr aparmalıyıq. Siyasi fəaliyyətimizi elə qurmalıyıq ki, çağırışlara cavab tapa bilək. Bakı Təşəbbüs Qrupu bizə imkan yaradıb, bunu dəyərləndirməliyik. Bir araya gələrək müxtəlif gələcək platformalar barədə düşünməliyik. Yeni dünya düzənində öz yerimizi tapmalıyıq”, - deyə o əlavə edib. Yeni Kaledoniya Konqresinin üzvü İzabella Kaloi vurğulayıb ki, mayın 13-dən bəri Yeni Kaledoniyada yaşananları hamı bilir. Azərbaycana gəlmək, bu qurultayda iştirakımızın məqsədi Fransa dövlətinin bizə qarşı aktlarının qəbuledilməz olduğunu qətiyyətlə bildirməkdir. Biz bunu sərt şəkildə qınayırıq. Burada əsasən irqçi polislərdən söhbət gedir. Yazılan hesabatlar, insanların bu barədə dedikləri hələ də reallığa çevrilmir. Nəticə olaraq insanlarımıza qarşı düzgün hərəkət edilmir, hazırkı vəziyyətdə regionda qarşıdurmalar, yanğınlar baş verir. İllərdən bəri yaranmış problemlər gündən-günə daha geniş vüsət alır.
Fransa insan azadlıqlarını kobud şəkildə pozur
Araşdırmalar nəticəsində bəlli olur ki, Fransa amansız işgəncə maşınını daha geniş formada həyata keçirmək üçün Makronun birbaşa nəzarəti ilə maskalı qruplar yaradır. Həmin qrupların əsas vəzifəsi nisbətən fəal, müstəmləkəçiliyə qarşı mübarizə aparan aktivləri təqib etmək, onları həbs edib, zindanlarda çürütməkdir. İpə -sapa yatmayan azadlıq fədailərini yeri gələndə öldürmək belə Makron hakimiyyətini hədəf seçdiyi əsas fəaliyyətlərdəndir. Hesablamaya görə, son iki il ərzində Yeni Kaledoniyada, Polineziyada, Korsikada, Melaneziya, Karib, Antil və digər müstəmləkə ərazilərindən 443 fəal müxtəlif formada Makron hakimiyyətinin nəzarəti ilə yaradılan və fəaliyyət göstərən vəhşi qrup tərəfindən öldürülüblər. Bir qədər əvvəl isə Fransa hökuməti növbəti rüsvayçılığa imza atıb. Belə ki, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Seba Parisdə həbs edilib. Məlumata görə, K.Seba restoranda həmkarı ilə nahar edərkən saxlanılıb. O, Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmə qarşı fəal mübarizə aparır, yəni neokolonializmin əsas tənqidçilərindən biridir. 2024-cü ildə Fransa hakimiyyətini açıq şəkildə tənqid etdiyi və onun dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün vətəndaşlıqdan məhrum edilib. Bəzi hüquq müdafiəçiləri Kemi Sebanın həyatı üçün narahat olduqlarını bəyan ediblər. Hüquq müdafiəçilərinin iddiasına görə, həbs ediləndən bu günə qədər K.Sebanın taleyi ilə bağlı məlumat əldə edə bilmirlər. Bu isə onu deməyə əsas verir ki, artıq Fransa hüquq-mühafizə orqanları K.Sebanı öldürüblər. İnsan Haqları Liqası assosiasiyası da Fransada “hüquq və azadlıqlara qarşı artan hücumlardan” narahatdır. Belə ki, assosiasiyanın Bordo şəhərində təşkil etdiyi 92-ci konqresdə LDH-ın prezidenti Patrik Budənin təqdim etdiyi “mənəvi hesabat”da Fransada insan hüquq və azadlıqlarına qarşı artan hücumlarla bağlı vəziyyətin kritik olduğu bildirilib. Yerli mətbuat tərəfindən yayılan hesabatda qeyri-mütənasib və ayrı-seçkilik yolu və qadağanedici tədbirlərin çoxladılması ilə nümayiş etmək hüququna mane olmasına dair xəbərdarlıq edir. Hesabatın müəllifi inzibati ləğvetmə tədbirlərindən istifadənin artdığını qeyd edib. 2025-ci ilin martına qədər alqoritmik videomüşahidədən istifadəyə icazə verən 2023-cü ilin yazında qəbul edilmiş Olimpiya Oyunları qanununa istinad edərək, bu müvəqqəti tədbirin daimi xarakter alacağını xatırladıb. LDH prezidenti həmçinin Fransada son dərəcə artmış islamofob hərəkətlərə qarşı mübarizə aparılmasının vacibliyini də xatırladıb.
Makron vaxtilə “İslam dövləti” terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində HAMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Hansı formada? Şübhə yoxdur ki, Liviyaya, İraqa və Suriyaya qarşı təşkil olunun kaolisiya forması düşünülür. Belə hal yaranarsa, müharibə ocağının genişlənəcəyi və daha amansız xarakter alacağı şübhəsizdir. Rusiya, Çin və müsəlman ölkələrinin Makronun iddialarına qarşı sərt təpki göstərmələri və belə bir birliyin yaradılması istəyini tənqid etmələri qeyd olunanlara misal ola bilər. Müharibə isə dayanmayacaq. Çünki bundan əvvəl ABŞ prezidenti Bayden də Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, “hələ müharibəni dayandırmağın vaxtı deyil”. ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib.
Makron hakimiyyəti terrora da dəstək göstərir
Görünən ondan ibarətdir ki, müstəmləkə siyasəti həyata keçirən və insan azadlıqlarına qarşı geniş müharibə aparan Makron hakimiyyəti bəzən öz maraqlarını təmin etmək üçün terror vasitələrindən də istifadə edir. Yəni terrora hərbi, siyasi dəstək göstərməklə və ya maliyyə yardımları həyata keçirməklə terrorun çiçəklənməsinə çalışır. Misal olara Hizbullaha, Həmasa, PKK-ya, eləcə də erməni terror təşkilatlarına Fransanın hərbi və maliyyə yardımları etməsini göstərmək olar. Makronun İsrail-HAMAS müharibəsini dayandırmaq üçün fəal iş aparmaq əvəzinə savaşın davam etdirilməsinə dəstək verməsi bir daha göstərir ki, Makron rejimi müharibənin davam etməsində maraqlıdır. Çünki müharibənin davam etməsi ilə Fransa gərəksiz və keyfiyyətsiz silah sursatını müharibə aparan dövlətlərə satmaq imkanı qazanır. Xarici media orqanlarında dərc edilən məlumatlara görə, Fransa yaxın münasibət də olduğu Hizbullaha və HƏMAS-a böyük çeşiddə silah-sursat satıb və bu alveri davam etdirməkdədir. Qeyd etmək lazımdır ki, bu gün Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Raket silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkənin silah istehsal edən şirkətləri dünyanın 130 ölkəsinə silah satışını həyat keçirilər. Əsas silah alıcıları Səudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Son vaxtlar isə Livan, İraq və Ermənistan silah alıcıları siyahısında yer alırlar. Fransa silah tədarükü etməklə kifayətlənməyib, bəzi ölkələrdə terror aktlarının həyata keçirilməsinə də vasitəçi olur. Bu günlər PKK terror təşkilatının Türkiyədə törətdiyi terror aktında Makron hakimiyyətinin əlinin olmasına dair sübutların üzə çıxması buna misal ola bilər. Bütün bunlar onu təsdiq edir ki, Fransa bəşəriyyət üçün təhlükə mənbəyidir. Problemin həlli uzanarsa bundan daha çox insan əziyyət çəkər və cəmiyyətlər problemlərlə qarşılaşa bilər. Ona görə də, dünyanın tərəqqipərvər xalqları və sülhsevər dövlətləri bir araya gələrək insanlığa real təhlükə mənbəyi olan Fransa kimi irticaçı dövlətlərdən xilas olmalıdır.
İLHAM ƏLİYEV