AZ

Yolların təhlükəsizliyinə nəzarət:Azərbaycanda elektron tərəzilərin tətbiqi nə vəd edir? - ARAŞDIRMA

Yol infrastrukturu ölkə iqtisadiyyatının əsas sütunlarından biri kimi Azərbaycanın inkişafında mühüm rol oynayır. Lakin ağır yüklü nəqliyyat vasitələrinin yollara vurduğu zərər bu infrastrukturu sürətlə aşındıraraq həm dövlət büdcəsinə, həm də əhalinin rahatlığına ciddi zərbə vurur. Son zamanlar yolların aşınması ilə bağlı şikayətlərin olması yolların mühafizəsi məsələsini gündəmə gətirir. Bu məqsədlə 2022-ci ildən etibarən Azərbaycanın nəqliyyat sektorunda yeni və genişmiqyaslı bir yenilik olan “Elektron tərəzilər” layihəsi həyata keçirilir ki, bu da yolların qorunması və istifadə müddətinin artırılması üçün mühüm bir addım kimi dəyərləndirilir. Layihənin əsas məqsədi yollarda həddindən artıq ağır tonnajlı nəqliyyat vasitələrinin icazə verilən limitlərdən artıq yüklərlə hərəkət etməsinin, bu istiqamətdə qayda pozuntularının qarşısını almaqdır. Azərbaycan hökumətinin “Elektron tərəzilər” layihəsi texnoloji yeniliklərə əsaslanaraq uzunmüddətli infrastruktura yatırılan sərmayələrin qorunmasını təmin edir. Bu layihə, ölkə yollarının uzunömürlü olmasını təmin etməklə yol təhlükəsizliyini də artırır.

Avtosfer.az “Report”a istinadən Azərbaycanda yol infrastrukturunun qorunması və yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən “Elektron tərəzilər” layihəsinin əhəmiyyətini, həyata keçirilməsi istiqamətində atılan addımları diqqətə çatdırır.

Layihənin icra vəziyyəti

“Elektron tərəzilər” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Türkiyənin “Aselsan” şirkəti arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. İki əsas mərhələdən ibarət olan layihənin ümumi dəyəri 165,1 milyon manat olaraq müəyyən edilib. İlkin mərhələ 2022-2024-cü illəri əhatə edir və bu mərhələdə 11 yerdə 17 elektron tərəzinin quraşdırılması üçün dövlət büdcəsindən AAYDA-ya 59,8 milyon manat vəsait ayrılıb. 2025-ci ildə həyata keçirilməsi nəzərdə tutulan ikinci mərhələdə isə daha 20 nöqtədə əlavə 34 elektron tərəzinin quraşdırılması planlaşdırılır ki, bunun üçün də dövlət büdcəsindən əlavə olaraq 105,3 milyon manat vəsaitin ayrılmasına ehtiyac var. Ümumilikdə, layihənin tam başa çatması ilə Azərbaycanda 31 yerdə 51 elektron tərəzinin quraşdırılması nəzərdə tutulur.

Hazırda layihənin birinci mərhələsi üzrə elektron tərəzi stansiyası istifadəyə verilib, 11 stansiya üzrə quraşdırma işləri davam etdirilir. Tərəzilər yollarda müəyyənləşdirilən çəki limitlərini pozaraq qanunsuz şəkildə hərəkət edən ağır tonnajlı nəqliyyat vasitələrini aşkarlayır və cərimələrin tətbiq edilməsinə imkan verir ki, bu da inzibati tədbirlərin tətbiqinə şərait yaradır, sürücüləri qanuni çərçivədə hərəkət etməyə təşviq edir.

Yüklərin həcmi ilə bağlı məlumatlar vahid mərkəzdə

Elektron tərəzilərdən gələn bütün məlumatların toplanması və emalı Bakı Beynəlxalq Avtovağzalında yaradılan xüsusi Monitorinq Mərkəzində həyata keçirilir. Bu mərkəz ölkənin müxtəlif yerlərində quraşdırılan elektron tərəzilərdən əldə olunan məlumatların mərkəzləşdirilmiş şəkildə emal olunmasına, təhlilinə və aidiyyəti qurumlarla paylaşılmasına şərait yaradır. Monitorinq Mərkəzi tərəfindən toplanan məlumatlar qanunsuz yükləmə halları barədə dərhal bildiriş yaradılaraq Daxili İşlər Nazirliyinin İnformasiya Sisteminə inteqrasiya edilir. Bu məlumatlar əsasında inzibati protokollar tərtib olunur və qanun pozanlara qarşı ciddi tədbirlər görülür.

Cari ilin yanvar-sentyabr ayları ərzində ölkə daxilində qanunsuz yüklənmə səbəbindən qayda pozuntusu üzrə 1 336 protokol tərtib edilib və bu protokollar əsasında cərimələr tətbiq olunub. Həmçinin təkrar qayda pozuntuları törətmiş 67 nəfərin sürücülük vəsiqəsindən məhrum edilməsi üçün məhkəməyə müraciət edilib. Bu addımlar nəticəsində qanunsuz yükləmə halları əhəmiyyətli dərəcədə azalıb, yollara olan təsir və aşınma minimuma endirilib.

Yolların uzunömürlülüyü və davamlı mühafizə strategiyası

Azərbaycan yollarının tez-tez aşınması əhalinin ən çox səsləndirdiyi narazılıqlardan biridir. Ağır yüklü nəqliyyat vasitələri normadan artıq yük daşıdıqda yol örtüyü sürətlə sıradan çıxır və bu da dövri təmir xərclərinin artmasına, eləcə də yollardan istifadə rahatlığının azalmasına səbəb olur. Elektron tərəzilər sayəsində yollara ziyan vuran ağır tonnajlı nəqliyyat vasitələri aşkarlanır, cərimələnir və beləliklə, bu cür hərəkətlərin qarşısı alınır. Bu, yolların istismar müddətini uzunömürlü etməklə yanaşı, dövlət sərmayələrinin daha səmərəli istifadəsinə imkan yaradır.

“Elektron tərəzilər” layihəsinin tətbiqi ilə yolların təmir xərclərinin də azalması gözlənilir. Dövlət büdcəsindən ayrılan vəsaitlər daha uzunmüddətli və dayanıqlı layihələrə yönəldiləcək ki, bu da iqtisadi səmərəliliyi daha da artıracaq.

Uğurlu təcrübələr

Beynəlxalq təcrübə göstərir ki, yollarda elektron tərəzilərin quraşdırılması bir neçə məsələni səmərəli həll etməyə imkan verir. Birincisi, yükün həddindən artıq olmasına nəzarətə imkan yaradır. Elektron tərəzilər nəqliyyat vasitəsinin kütləsini dəqiq müəyyən etməyə və yol örtüyünə əhəmiyyətli zərər vuran həddindən artıq yüklənmiş avtomobillərin hərəkətinin qarşısını almağa imkan verir.

İkinci məsələ yol yığımlarının toplanılması ilə bağlıdır. Bəzi ölkələrdə elektron tərəzilər yol yığımlarının toplanılması sistemlərinə inteqrasiya edilib ki, bu da nəqliyyat axınlarını optimallaşdırmağa və yolların təmirini maliyyələşdirməyə imkan verir.

Üçüncüsü, elektron tərəzilər yol təhlükəsizliyinin yaxşılaşdırılmasına yardım göstərir. Çəki məhdudiyyətlərinə riayət olunmasına nəzarət nəqliyyat vasitələrinin texniki nasazlıqları və ya yol verilən yüklərin həddini aşması səbəbindən baş verən qəzaların azalmasına kömək edir.

Dördüncü məsələ isə logistika proseslərinin optimallaşdırılması ilə bağlıdır. Belə ki, elektron tərəzilər sistemi vasitəsilə əldə edilən məlumatlar marşrutların planlaşdırılması, daşımaların optimallaşdırılması və logistika şirkətlərinin işinin səmərəliliyinin artırılması üçün istifadə oluna bilər.

Bu gün ABŞ, Avropa və Asiya ölkələri daxil olmaqla bir çox dövlətlərdə elektron tərəzilər sistemləri uğurla tətbiq olunur. Hətta bəzi ölkələrdə bu sistemlər daha geniş “ağıllı nəqliyyat” sistemlərinə inteqrasiya edilib. Yeri gəlmişkən, Almaniyada elektron tərəzilərin tətbiqi yol zədələnmələrini 30-40 % azaltmağa imkan verib.

Bundan başqa, elektron tərəzilərdən fəal şəkildə istifadə edən ABŞ-də yol örtüyünün aşınması daha aşağıdır və həddindən artıq yüklənmə ilə bağlı qəzaların sayı daha azdır.

Rusiyada bir çox federal və regional yollarda da elektron tərəzilər quraşdırılıb. Bu ölkədə stasionar komplekslər, mobil çəki kompleksləri və dinamik tərəzi sistemləri mövcuddur.

Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan da çəki nəzarəti sistemini fəal şəkildə inkişaf etdirir. Əsas nəqliyyat dəhlizlərində stasionar və mobil tərəzilər quraşdırılıb.

Belarusda da çəki nəzarəti sistemi mövcuddur. Elektron tərəzilər bu ölkədə yolların əsas hissələrində quraşdırılıb.

Ukrayna mürəkkəb vəziyyətə baxmayaraq, elektron tərəzilərin tətbiqi istiqamətində addımlar atır. Lakin onların istifadə miqyası hələ də Rusiya və ya Qazaxıstandakı qədər böyük deyil.

Digər MDB ölkələrində (məsələn, Ermənistan, Özbəkistan, Qırğızıstan) də çəki nəzarəti sistemlərinin tətbiqi üzrə işlər aparılır, lakin onların miqyası və səmərəliliyi əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Elektron tərəzilər sisteminin quraşdırılması və onunla bağlı texniki xidmət ciddi investisiyalar tələb edir. Üstəlik, bunun üçün yüksək dəqiqlikli avadanlıq və məlumat ötürmə sistemlərinə də ehtiyac duyulur. Elektron tərəzilər sisteminin tətbiqi üçün həm də müvafiq qanunvericilik aktlarının hazırlanması və tətbiqi lazımdır.

Gələcək perspektivlər

Beynəlxalq təcrübə göstərir ki, belə sistem təkcə yol örtüyünün zədələnməsinin qarşısını almağa deyil, həm də nəqliyyat proseslərini optimallaşdırmağa, logistika şirkətlərinin işinin səmərəliliyini artırmağa və yol infrastrukturunun saxlanması xərclərini azaltmağa imkan verir.

Beləliklə, “Elektron tərəzilər” layihəsi Azərbaycanın yol infrastrukturu sahəsində müasir texnologiyalardan səmərəli istifadə etməsi ilə regional nümunə yaradır. Dövlətin yolların mühafizəsinə yönəlmiş bu təşəbbüsü gələcəkdə layihənin ölkə daxilində daha çox yayılması ilə genişləndiriləcək. Nəticədə, yol təhlükəsizliyi və keyfiyyəti təmin olunmaqla yanaşı, bu sahədə dünya səviyyəsində qabaqcıl texnologiyaların tətbiqi dəstəklənəcək.

Azərbaycanın tərəzi sistemi vasitəsilə yol infrastrukturunun qorunması və nəqliyyat təhlükəsizliyinin artırılması üzrə göstərdiyi səylər, digər ölkələrə də örnək ola bilər. Elektron tərəzilər sistemi yollara yönəldilən dövlət investisiyalarının qorunmasına və bu investisiyaların effektiv istifadəsinə xidmət etməklə, Azərbaycanın dayanıqlı nəqliyyat infrastrukturunu qorumaq istiqamətində atdığı ən mühüm addımlardan biridir.

Seçilən
38
7
avtosfer.az

7Mənbələr