Gürcüstanda Qərb üçün şok seçki sonuclarının ardınca müxalif düşərgədə bütün gözlər ABŞ ilə Avropaya yönəlib. ABŞ və Avropa İttifaqı hələlik seçkinin nəticələrinə ehtiyatla cavab verib. Bu nəticələrə görə, hakim “Gürcü Arzusu” partiyası səslərin 54 faizini, dörd müttəfiq müxalifət qüvvəsi isə birlikdə 38 faizini toplayıb.
Xatırladaq ki, oktyabrın 26-da axşam – seçki sonuclarının açıqlanmasından az sonra müxalifət partiyaları nəticələrin saxtalaşdırıldığını bəyan edib. Bundan sonra Gürcüstan prezidenti Salome Zurabişvili də nəticələrin “total saxtalaşdırma” və hətta Rusiya “xüsusi” əməliyyatının nəticəsi olduğunu deyib. Bu açıqlamalardan sonra Salome Zurabişvili prokurorluğa çağrılıb. Prokurorluğun bəyanatında deyilir ki, istintaq zamanı iddia edilən cinayət faktları ilə bağlı bilgiləri ola biləcək bütün şəxslər sorğu-sual ediləcək. Zurabişvili Qərbi hakim “Gürcü Arzusu” partiyasına təzyiq göstərməyə səsləyib. Eyni zamanda Zurabişvili son parlament seçkilərinin saxtalaşdırılması iddiaları ilə bağlı Baş Prokurorluqda dindirilməkdən imtina edib. O,prokurorluqda təyin olunmuş söhbətə getməyəcəyini deyib və vurğulayıb ki, prokurorluq qanun pozuntularına dair sübutları özü axtarmalı, dövlət başçısından bunu tələb etməməlidir. Prezident seçki saxtakarlığı texnologiyaları haqqında videoçarx nümayiş etdirməklə başlayıb: “Prokurorluğa məsləhət görərdim ki, işə başlasınlar və prezidentlə siyasi hesablaşmalardan çəkinsinlər. Prokurorluğa müraciət edirəm: siz xalqa hesabatlısınız, ictimaiyyət sizdən mənim sübutlarımı yox, təcili araşdırma tələb edir”. Xatırladaq ki, Gürcüstanda prezident vəzifəsi nominal xarakter daşıyır. Müxalifət partiyaları hakim partiyanı tənqid edən Zurabişvilinin dəstəyindən yararlanmağa çalışır. Baş verənlər fonunda Avropa İttifaqı öz bəyanatında Gürcüstan hökumətini pozuntuları araşdırmağa çağırıb. ABŞ Dövlət Departamenti isə beynəlxalq müşahidəçilərin nəticələri azad və ədalətli elan etmədiyini vurğulayıb. Ancaq onların hər ikisi seçkini qeyri-legitim elan etməkdən yayınıb. Belə ehtiyatlı yanaşma Gürcüstanda ABŞ və Avropadan dəstək gözləyən müxalifət liderlərini məyus edib. Müxalif “Dəyişiklik naminə koalisiya” blokunun liderlərindən Nika Qvaramiya Britaniyanın “The Financial Times” qəzetinə müsahibəsində deyib: “İndi güzəşt və həlim sözlərin vaxtı deyil. Bu, diplomatiya məsələsi deyil, geosiyasət məsələsidir”. “Utanc Hərəkatı”nın qurucularından Mariam Qequçadze isə bildirir: “Qərb qərar verməlidir: ya Gürcüstan xalqını tərk etməli, ya da onun yanında möhkəm dayanıb seçkini tanımaqdan imtina etməlidir. Bunun orta nöqtəsi yoxdur”. Təhlilçilərin fikrincə, beynəlxalq aləmin sakit qalmasının bir neçə səbəbi var. Ekspertlər deyir ki, Macarıstanın millətçi-mühafizəkar baş naziri Viktor Orbanla “Gürcü Arzusu”nun yaxın münasibətləri Avropa İttifaqının reaksiyasını məhdudlaşdıracaq. Orban hakim partiyanı hətta nəticələrin elan olunmasından da öncə qələbə münasibətilə təbrik edib. O, oktyabrın 28-də yüksəkvəzifəli şəxslərlə görüşmək üçün Tiflisə gələrək mətbuat konfransı keçirib və hakim partiyanın qələbəsinin danılmaz olduğunu söyləyib. Karneqi Avropa Mərkəzinin aparıcı tədqiqatçısı Tomas de Vaal qeyd edir ki, Orban Avropa İttifaqının hərəkətinə mane olacaq: “Üstəlik, üzv ola biləcək ölkə ilə münasibəti tam korlamaq da istəməzlər”.
Almaniyanın Henrix Böll Fondunun Tiflis ofisinin rəhbəri Sonya Şiffers qeyd edir: “Gürcü arzusu”nun qələbəsini təmin edən say fərqi önəmlidir, axı ciddi beynəlxalq müdaxilənin ağır nəticələri ola bilər. Aİ dərindən müdaxilə edəcəyi halda, qütbləşmə və münaqişənin daha da artması mümkündür”. Ancaq o deyir ki, beynəlxalq aləm pozuntuların miqyasını anlayandan sonra etirazlar sürərsə, bəlli koordinasiyanın ardınca daha güclü reaksiya gələ bilər. Di gəl, seçki sonucları ilə bağlı suallara cavabı ölkə içində axtaran gürcülər də var. Gürcüstanın cənubunda - erməni və azərbaycanlıların yaşadığı ərazilərdə çoxluğun “Gürcü Arzusu”na səs verdiyini görəndən sonra buna sosial mediada mənfi reaksiya verməyə başlayıblar. Nəticələrin bu bölgələri diqqətdənkənar qoyan müxalifətin öz günahı olduğunu iddia edənlər də var. Tiflisdə çalışan təhlilçi Olesya Vartanyan qeyd edir: “Bu son seçkidə heç bir müxalifət lideri bölgəyə baş çəkmədi, yerli mediada heç bir gerçək kampaniya gözə dəymədi və seçkidən bir neçə gün öncə, sadəcə, bir neçə poster asıldı. …Ancaq “Gürcü Arzusu” səsləri almaq üçün bütün mülki və güvənlik şəbəkələrini sıx səfərbər edib”. Tiflis Beynəlxalq Film Festivalının direktoru Qaqa Çxeidze Gürcüstanın mərkəzi hissəsində yerləşən bir kənddə seçki müşahidəçisi olub və öz təcrübəsini “Facebook” postunda paylaşıb. O, seçki gününün sakit keçdiyini, baş verən kiçik pozuntuların düzəldildiyini, günün sonunda həmin dairədə seçicilərlə sıx işləməsi ilə izah edib: “Çox aydın göründü ki, “Gürcü Arzusu” bu kənddə əvvəlcədən yaxşı işləyib və, bəlkə də, Gürcüstanın hər yerində bütün kəndlərdə yaxşı işləyib. Nəticələr də bunu təsdiqləyir”. Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası 11-ci çağırış parlamentdə 89 yer tutacaq.Parlamentdə ən çox yer tutan ikinci partiya müxalif “Dəyişiklik üçün Koalisiya”dır. Bütün səslərin 11,034%-ni qazanan koalisiya parlamentdə 19 yer tutacaq. Ümumilikdə 5% -lik seçki baryerini 5 partiya/koalisiya keçərək parlamentə düşə bilib. Sabiq prezident Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının da olduğu “Birlik-Milli Hərəkat” koalisiyası isə parlamentdə 16 mandat əldə edərək üçüncü yerə düşüb. Bununla da “Vahid Milli Hərəkat” partiyası ana müxalifət partiyası statusunu itirib. “Güclü Gürcüstan” 14 mandat, “Qaxariya Gürcüstan üçün” partiyası isə 12 mandat əldə edib. 148 mandat partiyalar arasında bölüşdürülüb, bölüşdürülməmiş 2 mandat isə ən yaxşı göstəricilərə malik “Gürcü Arzusu” və Qvaramiya və Melianın “Dəyişiklik üçün Koalisiya”sı arasında bölüşdürülüb.
Tahir TAĞIYEV