Moldova Avrointeqrasiya yolunu seçdi: Konstitusiya Məhkəməsi referendumun nəticələrini təsdiqlədi
Moldova Konstitusiya Məhkəməsi respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun nəticələrini təsdiqləyib. Səsvermə oktyabrın 20-də keçirilib. Onun nəticələrinə görə, seçicilərin 50,35 faizi Avropaya inteqrasiyanın tərəfdarı olub.
Moldova Konstitusiya Məhkəməsinin sədri Domnica Manole “2024-cü il oktyabrın 20-də keçirilmiş respublika konstitusiya referendumunun nəticələri təsdiq edilsin” deyib. Məhkəmə konstitusiyaya ölkənin Avropa kursunun dönməzliyini göstərən düzəlişləri də təsdiqləyib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası referendumun nəticələrinə əsasən seçici fəallığını 50,72 faiz təşkil etdiyini bildirib (referendumun keçirilməsi üçün seçicilərin azı üçdə birinin iştirakı tələb olunur). 1,5 milyondan çox seçiciyə bülletenlər verilib. “Hə” variantına 749 719 nəfər (50,35%), “yox” variantına 739 155 nəfər (49,60%) səs verib. Seçimlər arasında fərq 0,75% (10,5 min səs) təşkil edib.