AZ

UNESCO vandalları himayə etməkdən əl çəkmir

“Azərbaycanın Qarabağda ermənilərin mədəni və tarixi irsini məqsədyönlü şəkildə məhv etdiyi” barədə dünyaya yalanlar üfürən İrəvan bu zaman beynəlxalq təşkilatların dəstəyinə də ümid bəsləyir.

Belə təşkilatlardan biri UNESCO-dur. İki gün bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Matenadaranda UNESCO ilə birgə konfransda çıxışında bəyan edib: “Qarabağın erməni irsi məhv olmaq və kimliyinin təhrif edilməsi təhlükəsi altındadır”.

Rəsmi İrəvanın böhtan xarakterli bəyanatlardan, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyi, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın “Dağlıq Qarabağ” ifadəsini işlətməsi onların Azərbaycanın ərazi bütövlüyünü yalnız sözdə tanıdığını göstərir. Hayların baş diplomatının Qarabağa UNESCO-nun missiyasının göndərilməsi ilə bağlı cəfəng təklifinə gəldikdə isə deməliyik ki, belə bir faktaraşdırıcı missiyanı Azərbaycanda da gözləyirlər. Ən azı, o səbəbdən ki, həm Qarabağda, həm işğalından azad edilmiş digər ərazilərimizdə, həm də Qərbi Azərbaycanda milli-mədəni irsin sistemli şəkildə məhv edilməsi ilə bağlı bizim çağırışımlıza UNESCO tərəfindən hələ də bizim çağırışımıza cavab verilməyib.

Erməni mediası yazır ki UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar Departamentinin direktoru, 1954-cü il Haaqa Konvensiyasının və onun iki protokolunun (1954 və 1999-cu illər) katibi Krista Pikkat təşkilatın narahatlığını ifadə edib. O, “Qarabağda müxtəlif mənşəli və tipli mədəni sərvətlərin məhv edilməsi haqqında” danışıb. Onun sözlərinə görə, UNESCO-nun baş direktoru da münaqişədən sonra vəziyyəti qiymətləndirmək, təşkilatın bu regionda müxtəlifliyin qorunub saxlanmasına və qorunmasına necə kömək edə biləcəyini anlamaq üçün bölgəyə texniki missiyanı göndərmək arzusunu ifadə edib”.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, otuz illik erməni işğalı dövründə Azərbaycanın mədəni-tarixi irsi dağıdılan zaman Qarabağa heç vaxt öz missiyasını göndərməyən UNESCO bölgəyə texniki heyət göndərmək arzusunu yalnız indi bildirib. Bakı ötən ilin noyabrında bu qurumu Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün missiya göndərməyə çağırmışdı. Amma UNESCO tərəfindən bu istiqamətdə konkret addımlar atılmadı ki, bu da Azərbaycana münasibətdə açıq ikili standartın göstəricisidir.

İndi onları çox böyük hörmət bəslədikləri ermənilər çağırırlar, buyurub gəlsinlər. Amma obyektiv olsunlar. “Çox mədəni xalq” hesab etdikləri ermənilərin Azərbaycanın qədim tarixi və dini abidələrini, məscid və qəbiristanlıqlarını, şəhər, kənd və digər yaşayış məskənlərini nə günə qoyduqlarını öz gözləri ilə görsünlər.

* * *

Oxuculara xatırladaq ki, cari ilin sentyabrında Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ATƏT və Avropa Şurası rəhbərliyinə açıq məktubla müraciət ediblər. ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqa və Avropa Şurasının baş katibi Alan Berseyə ünvanlanan məktubda tarixən azərbaycanlıların yaşadıqları Ermənistanda soydaşlarımıza məxsus maddi-mədəni irsin məhv edilməsinə yönəlmiş sistemli kampaniya aparıldığı barədə məlumat verilib: “Bu qəsdən məhvetmə kampaniyası onilliklərdir davam edir. Ürək ağrısı ilə qeyd edirik ki, bu gün Ermənistan ərazisində 1870-ci ildə qeydiyyatdan keçmiş 269 məsciddən yalnız biri salamat qalıb. Bundan başqa, azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq sistemli şəkildə dağıdılıb. Ermənistan paytaxtı İrəvan şəhəri bir vaxtlar Şəhər, Dəmirbulaq kimi rayonlardan ibarət olub və Ermənistan hökumətinin Azərbaycan xalqının mədəni irsinin silinməsi istiqamətində apardığı sistemli işin bir hissəsi kimi Təpəbaşı məhəlləsinin 2000, 2009, 2008, 2012-ci il tarixlərində abadlıq-quruculuq işlərinin aparılması bəhanəsi ilə tamamilə məhv edilməsi planlaşdırılır”, – yazılı müraciətdə deyilir. Məktubda, həmçinin qeyd olunub ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Təpəbaşı məhəlləsinin dağıdılmasının qarşısının alınması ilə bağlı müraciətlərinə UNESCO-dan heç vaxt cavab almayıblar.

* * *

Mövzu ilə bağlı “XQ”-yə açıqlama verən Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva bildirdi ki, BMT-yə daxil olan qurumların nizamnamələrində əksini tapmış şərtlərin UNESCO-ya və onun fransız dövlətinin təsiri altında formalaşan rəhbərliyinə, sanki, aidiyyəti yoxdur: “Baş direktor Odri Azule seçiləndən sonra UNESCO-nun nizamnaməsinə, eləcə də mandatına məhəl qoymadan fəaliyyət göstərir. Xatırladım ki, keçən il O.Azulenin yanlış idarəçiliyi, üzv dövlətlərin ayırdığı vəsaitlərindən şəxsi maraqları üçün sui-istifadəsi, nizamnamə qaydalarına hörmətsizliyi, Fransanın milli hakimiyyət orqanlarından gələn sifarişləri qeyd-şərtsiz həyata keçirməsi səbəbindən onun vəzifəsindən kənarlaşdırılması üçün mövcud mexanizmlərin işə salınmasına start verildi. Nəticədə baş direktora gələcəkdə UNESCO-nu Fransanın alt təşkilatı kimi idarə edəcəyi halda ciddi intizam cəzasına məruz qalacağı ilə bağlı xəbərdarlıq edildi. Ümumiyyətlə, Fransanın öz adamları vasitəsilə BMT təsisatlarını ələ keçirməsi ənənəsi qədimdir. Bu barədə 2000-ci ildə “The Guardian” qəzeti araşdırma dərc etmişdi. Nəşr özəl sənədlərə əsasən göstərir ki, iki fransız nazir UNESCO-nun katibliyinə birbaşa müdaxilə edərək keçmiş prezidentin köməkçilərinə BMT-nin Parisdə yerləşən Təhsil, Elm və Mədəniyyət Təşkilatında yüksək vəzifələr verilməsinə nail olublar”.

Y.Hacıyeva UNESCO-nun Azərbaycana qarşı daim ikili siyasət yürütməsi məsələsinə də toxundu: “Rəsmi Bakı dəfələrlə UNESCO-nu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməyə və erməni işğalçılarının Azərbaycanın milli, dini və mədəni bəşəri dəyərlərinə qarşı vandallığın miqyasını dəyərləndirməyə dəvət edib. Son üç il ərzində UNESCO müxtəlif izahlarla öz missiyasını Qarabağa göndərməkdən imtina edib, işğaldan azad edilmiş ərazilərimizdəki vandalizmin miqyasını sənədləşdirməkdən yayınıb. İşğaldan azad etdiyimiz ərazilərdəki bütün şəhərlər, qəsəbələr, kəndlər, mülki infrastruktur, qədim abidələr, məscidlər, qəbiristanlıqlar, ümumilikdə isə azərbaycanlıların bütün bəşəri və mədəni irsi ermənilər tərəfindən tamamilə dağıdılıb.

Dünyanın aparıcı KİV-ləri, Bakıda akkreditə olunmuş xarici diplomatik korpusların nümayəndələri Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırdılar. Dağıntıların miqyası və xarakteri onu göstərir ki, bu, döyüşlərin və ya bombardmanın nəticəsi deyil, Azərbaycana və azərbaycanlılara qarşı erməni faşistlərin nifrətinin ifadəsidir”.

Bu barədə yəqin ki, təkcə UNESCO-da deyil, Avropa Şurasında, ATƏT-də də xəbərdardırlar. Ona görə də Azərbaycanın erməni barbarlığına göz yummağa üstünlük verən bu beynəlxalq strukturlara inamını itirməsi təəccüblü deyil.

* * *

Məlumdur ki, erməni vandalları Azərbaycanın Qarabağ və ətraf rayonlarında 927 kitabxananı, 60-dan çox məscidi, 44 məbədi, 473 tarixi abidəni, saray və muzeyi dağıdıb, həmçinin 40 min muzey eksponatlarını talayıb, aparıblar. Ermənistanın qanunsuz əməllərinin qarşısını almaq üçün Azərbaycan dəfələrlə işğal olunmuş ərazilərə UNESCO-nun missiyasının göndərilməsini təklif edib, amma İrəvan ən müxtəlif yollarla bunun qarşısını alıb.

Öz növbəsində Ermənistanın Azərbaycan ərazilərində törətdiyi mədəni və tarixi soyqırımı haqqında ətraflı məlumatların yer aldığı bir neçə nəşr hazırlanıb. Məsələn, hələ 2007-ci ildə “Azərbaycana qarşı müharibə – mədəni irsə hücum” kitabı hazırlanaraq UNESCO-ya təqdim olunub. Orada Ermənistanın işğal etdiyi ərazilərdə dağıdılmış mədəniyyət və dini abidələrin siyahısı, habelə alban kilsələrinin erməni kilsəsi kimi təqdim edilərək qəsdən erməniləşdirilməsi barədə məlumatlar yer alıb. Məlum olduğu kimi, UNESCO bu faktlara heç bir reaksiya vermədi.

Yeri gəlmişkən, bir faktı xatırlatmaq yerinə düşər: 2022-ci ilin noyabrında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırıb və bu barədə təşkilatın baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri Odri Azule ünvanladığı məktubda məlumat verib. Məktubda 30 ilə yaxın işğal dövründə Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı erməni siyasəti və vandalizmi barədə məlumatlar öz əksini tapıb. Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə yaxın gələcəkdə UNESCO-nun işğaldan azad edilmiş ərazilərə missiyasının təşkilinə də ümid ifadə olunub.

Bu kontekstdə digər məsələlərlə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətini qeyd etmək yerinə düşər: “Azərbaycan UNESCO-ya müraciət edib ki, bu ölkədə illərdir dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətini qiymətləndirmək üçün Ermənistana texniki missiya göndərsin. Təəssüf ki, UNESCO hələ də bu çağırışa cavab verməyib”.

BMT-nin aparıcı qurumlarının, o cümlədən vandalların himayəçisi rolunda çıxış edən UNESCO-nun Azərbaycanın tarixi-mədəni irsinə qarşı Ermənistanın təcavüzünü təsdiqləyən real faktlara susması onları beynəlxalq hüquq qarşısında məsuliyyətdən azad etmir. Müdriklərin dediyi kimi, haqq nazilər, amma üzülməz. Ermənistan UNESCO kimi ikiüzlü təşkilatların dəstəyinə baxmayaraq, gec-tez bütün pis əməllərinə görə cavab verəcək.

İ.HƏSƏNQALA
XQ

Seçilən
24
xalqqazeti.az

1Mənbələr