Rizvan Fikrətoğlu: “Sertifikasiya mərhələsini keçənlər müsahibədə də uğur qazanarsa, fəaliyyətini davam etdirəcək”
"Bağçalarda işləyən pedaqoji və tərbiyəçi-müəllim heyətindən təxminən 5 min nəfərin ixtisaslarında bu sahə ilə uyğunsuzluqlar var". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib. Onun sözlərinə görə, onlar arasında keçirilən diaqnostik qiymətləndirmənin nəticəsi təhlil edilir.
O bildirib ki, yekunla bağlı ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat veriləcək: “Bu gün ölkədə 100 mindən çox uşaq ənənəvi bağçalarda təhsil alır. Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə tədbirlər həyata keçirilir. Son iki ildə mərkəzləşmiş qaydada bağçalara təyin olunan tərbiyəçi müəllimlərin sayı 677 nəfərdir”.
Qeyd edək ki, bağçada çalışan pedaqoji və tərbiyəçi-müəllim heyətinin ixtisasının çalışdığı sahəyə uyğun olması vacib amildir. Bu problemin həlli istiqamətində mühüm addımlar atılmalıdır. Maraqlıdır, hazırda bu sahədə çalışan və ixtisasında uyğunsuzluq olan 5 min nəfərin taleyi necə olacaq?
“Uğur qazanmayan müəllimlərə isə yenidən şans yaradılacaq və onlar təkrar sertifikasiya imtahanı verəcəklər, əgər nəticə müsbət olmazsa onların fəaliyyətinə xitam veriləcək”
Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, oktyabrın 19-u və 20-də ölkə üzrə ilk dəfə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib. Əvvəllər məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarının tabeliyində olduğu üçün tərbiyəçi-müəllimlərin çoxu kollec məzunları və sadəcə orta məktəbi bitirənlər idi. Onların az qismi bu sahənin mütəxəssisləri idi: “Nəticədə, körpə fidanların təcrübəsiz işçilərə etibar olunması, uşaqların incidilməsi, günlük normaların yerinə yetirilməməsi kimi neqativ hallar çoxalmış, ictimai narazılığa çevrilmişdi. Nəhayət, 3 il əvvəl məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi və keçən il yeni yaradılmış Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin birbaşa nəzarətinə keçdi. Bundan sonra bilik və səriştəsi kifayət etməyən tərbiyəçilərin ixtisaslı kadrlarla əvəzlənilməsinə başlanıldı. Bu diaqnostik qiymətləndirilmənin məqsədi pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edərək sertifikatlaşdırma prosesinə hazırlığı təmin etməkdir. Başqa sözlə desək, növbəti illərdə reallaşacaq sertifikasiya imtahanına tərbiyəçi-müəllimlərin hazırlığına zəmin yaradılır. Diaqnostik qiymətləndirmədə onların ixtisas və metodiki bilikləri nəzərə alınır, peşəkarlıqla bağlı tələblər nəzərə alınmır. Tərbiyəçi-müəllimləri qarşıda daha bir ciddi imtahan – sertifikasiya gözləyir. Sertifikasiya mərhələsini keçənlər müsahibədə də uğur qazanarsa, fəaliyyətini davam etdirəcək. Bununla yanaşı, uğur qazanmış tərbiyəçi-müəllimlərə differensial əmək haqqı təyin ediləcək. Uğur qazanmayan müəllimlərə isə yenidən şans yaradılacaq və onlar təkrar sertifikasiya imtahanı verəcəklər. 2-ci dəfə uğur qazanmayanların əmək müqaviləsinə xitam veriləcək. 2022-ci ildən məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün təlimlər keçirilir. Bugünə qədər, təxminən, 10 min tərbiyəçi-müəllim və metodist təlimlərdə iştirak edib. Təlimlərin məqsədi pedaqoji heyəti məktəbəqədər təhsil və idarəetmədə olan yeni yanaşma və strategiyalarla tanış etməkdir. Bu yolla tərbiyəçi-müəllimlər uşaqların sosial-psixoloji adaptasiyası ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirirlər. Diaqnostik qiymətləndirmə məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin hansı səviyyədə olmasını göstərəcək. Müəllim qəbulunda o dövrün tələbləri də başqa idi. Sertifikasiyanın məqsədi müəllimləri tədrisdən kənarlaşdırmaq deyil, daha savadlı kadrları işə cəlb etməkdir. Azərbaycanda təhsilin bütün pillələrində yeni formalar tətbiq edilir. Məktəbəqədər təhsil müəssisələri yeni məzmunda fəaliyyətə hazırlanır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, illər öncə işə qəbul olunan tərbiyəçilərin təcrübəsi, stajı, əmək fəaliyyəti, iş yerindəki uğurları nəzərə alınacaq. Həmçinin, diaqnostika balı yüksək olan müəllimlər seçilir: “Dediyim kimi, gələcəkdə bağça müəllimlərin sertfikasiyaya cəlb olunması gözlənilir. Sertifikasiya nəticələri yaxşı olan müəllimlərin əmək fəaliyyətinə xitam verilməyəcək”.
Günel CƏLİLOVA