Ermənilər tarix boyu azərbaycanlılara qarşı məhz azərbaycanlı olduqları üçün soyqırım aktı törədiblər. Bu soyqırımı aktı etnik təmizləmə əməliyyatından tutmuş kütləvi məzarlıqlara qədər müşahidə olunub. Kütləvi məzarlıq anlayışının mənası dəfn edilmədən öncə təyin edilə bilən və ya bilinməyən bir neçə cəsəddən ibarət basdırılma yeridir. Ümumilikdə kütləvi məzarlıqların yaranmasını iki səbəbdən xarakterizə etmək ümkündür: təbii fəlakət hadisələri ilə bağlı və kütləvi öldürmə şəklində törədilən cinayətlər. Hər iki halda kütləvi məzarlıqların yaranmasını epidemiya təhlükəsini sovuşdurmaq məqsədilə görülən tədbir kimi də qiymətləndirmək mümkündür. Səbəblərdən asılı olmayaraq kütləvi dəfn olunan şəxslərin hansı zəmində həyatını itirməsinin araşdırılması, tədqiqi və dəqiq məlumatların ictimailəşdirilməsi müasir sülhsevər dünya birliyi qarşısında dayanan mühüm humanizm tədbiridir.
Məlumat üçün qeyd edək ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında erməni silahlı quldur dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu kimi ortaya çıxdı. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılmasına qərar vermişdir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında deyib: "Bu gün biz Quba Soyqırımı Memorial Kompleksinin açılışına toplaşmışıq. 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir."
Birinci Qarabağ müharibəsi dövründə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı akti həm də kütləvi məzarlıqlarla diqqəti çəkib. Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad edilməsindən ötən müddətdə erməni vandallığının yeni izləri aşkarlanır. Ötən illər ərzində onlar təkcə ərazilərimizi talayıb, xarabazara çevirməyib, həm də əsir və girov götürdükləri azərbaycanlılara dəhşətli zülm və işgəncə veriblər. Birinci Qarabağ müharibəsindən sonra yüzlərlə azərbaycanlının taleyi hələ də naməlum qalır. Dəfələrlə Azərbaycan tərəfi Ermənistana müraciət etsə də hələ ki, heç bir nəticə əldə edilməyib. Qarabağda erməni terrorçuları tərəfindən dinc əhalinin və hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır. Çünki 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqlar bunu sübut edir. Tapılan cəsədlərin üzərindəki işgəncə əlamətləri onu deməyə əsas verir ki, ermənilər bütün bunları məqsədli şəkildə həyata keçirmişlər. Belə məzarlıqlar işğaldan azad edilmiş ərazilərimizdə kifayət qədərdir. Azərbaycanlılar xüsusi amansızlıqla qətlə yetirilərək qazılmış quyularda kütləvi şəkildə basdırılmışdır. Yeri gəlmişkən xatırladaq ki, Birinci Qarabağ müharibəsində 4 min nəfərə yaxın insan itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insandır. Əldə edilmiş məlumatlardan aydın olur ki, itkin düşmüş hərbçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər.
Bu vaxta kimi Qarabağda kütləvi məzarlıqlar Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə və digər yaşayış məntəqələrində aşkarlanıb. Tapılan məzarlıqlar bununla bitmir. Axtarışlar onu deməyə əsas verir ki, ərazidə çoxlu sayda basdırılmış insan cəsədləri var. Xocalı rayonunun Əsgəran qəsəbəsində daha bir kütləvi məzarlıq aşkar edilib. Əsgəran qalasının yaxınlığında qazıntı işləri aparılarkən Xocalı soyqırımı qurbanlarına aid olduğu ehtimal edilən məzarlıqda 8-ə yaxın insan qalıqları aşkarlanıb. Lakin ərazidə olan müvafiq qurumların nümayəndələri orada daha çox insana aid qalıqların olduğunu düşünürlər. Tapılan cəsədlərin üzərindəki əlamətlərdən aydın olur ki, onlar xüsusi amansızlıqla qətlə yetirilib. Paltarlı basdırılan bu insanlar əl-ayaqları məftillərlə sarınmış, kürəklərinə bəzi məişət əşyaları, bıçaq, balta sancılmış formada basdırılıblar. Məsələn, Edillidə aşkarlanan kütləvi məzarlıqda işğal dövründə girovluqda saxlanılan 15-20 azərbaycanlı mülki şəxsin nəşi 3 metr dərinlikdən çıxarılıb. Ötən il isə Şuşa həbsxanası yaxınlığında qazıntı işləri aparılarkən daha bir kütləvi məzarlıq aşkar edilib. Məlum olub ki, buradakı insan sümükləri həbsxanada saxlanılan 4 azərbaycanlı əsirə aiddir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən mütəxəssislərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntıların və monitorinqlərin nəticəsində məlum olmuşdur ki, üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib ki, buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar: "Məlumdur ki, bu və digər kütləvi məzarlıqlar ermənilər tərəfindən törətdikləri müharibə cinayətlərinin izlərinin itirilməsi üçün məqsədyönlü şəkildə məhv edilmişdir. Bu faktlar beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarını gözləyən itkin ailələrinə və insanlığa qarşı hörmətsizliyin bariz nümunəsidir".
Hazırkı dövrədək erməni işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya olunub. Rəsmi məlumata görə, həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib. Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsində 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilmişdir. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib. Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilib. Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib. Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb. Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb.
Qeyd edək ki, hələ aşkarlanmayan neçə-neçə kütləvi məzarlıqların olduğu şübhə doğurmur. İşğaldan azad edilən, ancaq minalardan təmizlənməyən ərazilərdə yeni kütləvi məzarlıqların aşkarlanacağı istisna deyil. Ermənilərin bu əməlləri beynəlxalq humanitar hüquq normalarının, o cümlədən "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə Konvensiyasının, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyanın və ona dair 1977-ci il tarixli bir saylı Əlavə Protokolun müddəalarının kobud şəkildə pozulmasıdır. Azərbaycan tərəfi dəfələrlə erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırsa da buna adekvat reaksiya verilməyib. Odur ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymalıdır. İnsan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə hüquqi qiymət verilməlidir. Ermənistan törətdiyi bütün müharibə cinayətlərinə görə, beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.