AZ

İntihara bərabər ADDIM: Rusiya Polşaya HÜCUMA HAZIRLAŞIR? – XƏRİTƏ

Polşa Rusiya ilə sərhəddə müdafiə məqsədli istehkam xəttinin tikintisinə başlayıb. Bu barədə Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib. “Şərq Qalxanı”nın tikintisinə başlanıldığını diqqətə çatdıran hökumət başçısı Rusiya ilə sərhəddə ilk işlərə start verildiyini vurğulayıb.

Xatırladaq ki, Polşa ilə Rusiyanın Kalininqrad vilayəti həmsərhəddir. Polşa bu vilayətlə sərhəddə nədən ehtiyatlanaraq belə bir addım atır? Rusiyanın indi və ya perspektivdə Polşaya hərbi müdaxilə etmək planları varmı? Hazırda Ukrayna cəbhəsində savaşan Rusiyanın müharibənin coğrafiyasını daha da genişləndirməsi, iki cəbhədə döyüşməsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azər Qasımov bildirib ki, dünyada baş verən qarşıdurmalar fonunda dövlətlərin nəzəri də olsa müharibə ehtimalına görə öz təhlükəsizliyini təmin etmək üçün hazırlıqlar görməsi təbii haldır.

Onun sözlərinə görə, dövlətlər təbii olaraq siyasi kluarlarda hansı mühitin hökm sürdüyündən daha məlumatlıdırlar: “Görünən odur ki, hamı silahlanma yarışına girişib. Bu baxımdan Polşanın Ukrayna ilə sərhəd olması və orada gedən müharibə fonunda qeyd edilən təhlükəsizlik tədbirləri həyata keçirməsi təbiidir. Amma bunun Rusiya onlara hücum edəcəyi altında həyata keçirilməsi, hesab edirəm ki, bir az şişirdilir. Əvvəla, Vladimir Putin qeyd edib ki, Rusiyanın NATO-ya, bu halda Polşaya hücum edəcəyini iddia etmək ağılsızlıqdır. Rusiya və NATO-nun imkanları arasındakı fərq məlumdur”.

Siyasi şərhçinin qənaətincə, əgər Rusiya Ukrayna cəbhəsində üstünlük əldə etmək üçün Şimali Koreyadan əsgər gətirmək məcburiyyətində qalıbsa, onun NATO-ya hücum etməsi intihara bərabərdir: “Dünyada bir müharibə lobbisinin, güclərinin olduğu bəllidir. Onların müharibədə maraqlı olduğu vurğulanır. Qeyd edilir ki, yeni dünya düzəni müharibəsiz qurula bilməz. Hətta bunu dini amillərə belə bağlayıb, armagedon döyüşü də adlandırırlar. Fikrimcə, buna barmaqarası baxmaq olmaz. Hesab edirəm ki, sivil və sülhpərvər insanlar dünyanın taleyini əlində güclü imkanları olan bir qrup ağılsız fanatikin iddialarına, ambisiyalarına qurban verməyəcəklər”.

Nailə QASIMOVA

Seçilən
31
medianews.az

1Mənbələr