AZ

Bakıda ən uzun avtobus dayanacağı burada olacaq - Fotolar

Xəbər verdiyimiz kimi, metronun “28 May” stansiyasının qarşısı (Dəmiryol vağzalı meydanı və Cəfər Cabbarlı heykəlinin ətrafı) müasir şəhərsalma prinsipləri əsasında abadlaşdırılıb.

“Qafqazinfo”nun məlumatına görə, COP29 ərəfəsindən paytaxtın urbanistik transformasiya keçirən bu ərazisində bir çox yeniliklər edilib.

Belə ki, yeniliklərdən sonra 2 metro stansiyasının (“28 May” və “Cəfər Cabbarlı”), 10-dan artıq müntəzəm marşrut avtobusu xəttinin keçdiyi qovşağa daha minik avtomobilləri buraxılmayacaq. Ərazidə iriçətirli ağaclardan ibarət yaşıllıq zolağı da salınıb. Burada avtobus gözləyən sərnişinlər üçün Bakıda ilk dəfə olaraq yüzlərlə insanın yağış və günəşdən qorunmaq üçün istifadə edə biləcəyi platformaşəkilli dayanacaq quraşdırılıb.

“28 May” stansiyasının qarşısı daha əvvəl

Həmçinin ərazidə yol hərəkətinin təşkilində də xeyli dəyişikliklər var. Belə ki, paytaxtda ilk dəfə olaraq bu meydandan çıxan avtobuslar prospekt boyu nəqliyyat axınının əksinə (Cəfər Cabbarlı heykəlinin qarşısından sağa – Azadlıq prospektinə dönməklə) hərəkət edə biləcək.

Şəhər mobilliyinin təmin edilməsi baxımından böyük əhəmiyyətə malik olan bu layihə hər gün onminlərlə insanın rahat və asudə hərəkətini təmin etməklə yanaşı, Bakıdakı səs kirliliyinin müəyyən qədər azalmasında rol oynayacaq.

Həmçinin burada elektrik avtobusları üçün yerindəcə doldurma stansiyaları da quraşdırılıb.

Yaxın günlərdə ərazidən müntəzəm marşrut avtobuslarının hərəkətinə start veriləcək.







Seçilən
3
2
qafqazinfo.az

3Mənbələr