Milli Məclisdə onkoloji xəstələrin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi məsələsi yenidən gündəmə gəlib.
Modern.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında deputat Elşad Musayev danışıb.
O bildirib ki, sözügedən məsələyə baxılmalıdır: "Onkoloji xətələr icbari tibbi sığortaya düşmür. Seçkilər zamanı bölgələrdə qaldırılan, tələb olunan məsələlərdən biri bu idi",-deputat vurğulayıb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, həmkarının dediklərində həqiqət var: "Ötən dəfə qanun layihəsini müzakirə edəndə kadr çatışmazlığı, həkimlərin ixtisaslaşmasında problemlər, onkoloji xəstəliklərin icbari tibbi sıığorta zərfinə daxil edilməməsi problemlərini qeyd etdik".
O qeyd edib ki, rayonlarda kadrların olmaması yox, çatışmaması problem var: “4 il əvvəl səhiyyə sahəsinə ayrılan məbləğ 870 milyon idisə, indi İcbari Tibbi sığorta ilə birlikdə bu, 3 milyardı keçib. İcbari Tibbi Sığorta nə qədər faydalı olsa da, problemlər var. Həkimlər təyin edilirlər, amma onlar rezidentura oxuduqdan sonra təyinat alırlar. Bu gecikməyə səbəb olur”.