AZ

Zorakılığı təbliğ edən oyunlarla bağlı hansı tədbirlər görülməlidir?

Müasir dövrdə video oyunlar, əyləncə dünyasının ayrılmaz bir parçası halına gəlib. "GTA" (Grand Theft Auto) və "Counter Strike" kimi məşhur oyunlar, yalnız oyunçular arasında populyarlıq qazanmaqla qalmır, eyni zamanda zorakılıq, quldurluq və cinayət elementləri ilə bağlı mübahisələrə də səbəb olur. 

Mövzu ilə bağlı "Operativ Media"ya danışan sosiloq Elçin Bayramlı bildirib ki, Azərbaycanda bu tip oyunların qadağan olunmasına çoxdan ehtiiyac var:




"Uşaqlarımızın psixologiyasını zədələyən faktorlar arasında bəzi oyunların xüsusi rolu var. Mən bu oyunların sıradan bir əyləncə olmadığını, əksinə, olduqca təhlükəli olduğunu düşünürəm. Bu cür oyunların təsirlərinin araşdırılması və onların siyahısının tutulması mütləqdir. Həmçinin, mütəxəssislərin rəyini nəzərə alaraq, bir çoxunun qadağan olunması lazım gəlir.

Bugünlərdə uşaqların psixologiyasında aqressiv davranışların inkişaf etməsi ciddi bir problem olaraq qarşımıza çıxır. Bəzi oyunlar vasitəsilə uşaqlar arasında insan öldürmə və digər vəhşiliklərin normallaşması, onların psixologiyasında dərin izlər buraxa bilir. Bu, nəticə etibarilə uşaqlar arasında kriminal davranışların artmasına, narkotik maddələrə meyilin yüksəlməsinə səbəb olur. Zorakılıq, təcavüz, terrorizm kimi təhlükələr uşaqların şüur altına yerləşdirilərək, onların gələcək davranışlarını formalaşdırır. Bu, cəmiyyətimiz üçün son dərəcə təhlükəlidir.

Azərbaycanda bu məsələyə qarşı adekvat tədbirlərin olmaması narahatlıq doğurur. Valideynlərin 90%-dən çoxu bu təhlükələrin fərqində deyil. Uşaqların psixoloji sağlamlığına dair ciddi yanaşmanın olmaması, bu problemlərin daha da dərinləşməsinə yol açır. Buna görə də, dövlətin bu məsələyə nəzarət etməsi və ciddi tədbirlər görməsi zəruridir.

Eyni zamanda, xüsusi bir elmi mərkəzin yaradılması vacibdir. Bu mərkəz, belə oyunların təsirlərini araşdırmalı, valideynlərə və mütəxəssislərə bu sahədə məlumat verməli və praktiki həll yolları təklif etməlidir. Dünyanın bir çox ölkələrində bu məsələlərə qarşı ciddi tədbirlər görülür. Azərbaycanda da bu vəziyyətə ciddi yanaşmağın, real və effektiv addımlar atmağın zamanıdır".

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov "Operativ Media"ya bildirib ki, müxtəlif oyunlara maraq göstərmək insanın həyəcan niyyətindən irəli gəlir:



"İnsan hər zaman həyəcan axtarışındadır. Bütün münasibətlər və fəaliyyətlər də insanın həyəcanı ilə tənzimlənir. Oyunlar asılılıq yaratmırsa hansısa mənfi emosiyalar müşahidə edilmir. Uşaqların oyun asılılığı zamanı onlarda aqressiya, təşviş, stress və ya digər psixoloji narahatlıqlar müşahidə olunur. Uşaqlar gün ərzində zamanın daha çox hissəsini müxtəlif oyunlara sərf edirlərsə, uşaqlarda aqressiya, təşviş, stress və digər psixoloji narahatlıqlar müşahidə olunursa, yuxu və ya qida pozuntusu yaranırsa, həyəcan siqnalının səsini eşitmək lazımdır. 

Uşaqları rəqəmsal oyunlardan ayırmaq olmaz. Qadağa etdikcə, daha çox maraq yaranmış olacaq. Gün ərzində məhdud zamanla mərhumiyyətlər tətbiq etmək olar. Mərhumiyyətlər əvəzlənib məhdudiyyətlər tətbiq olunmalıdır. Qaydalar pozulmamalıdır. "GTA", "Counter Strike" kimi oyunlar uşaqlarda fərdi düşüncə formalaşdırır. Mənfi emosiyaların dəyərləndirilməsini aparmaq üçün fərdi olaraq yanaşılmalıdır. Uşaqlarda hansı  mənfi emosional düşüncəni yaratdığını nitq və davranışlarında ifadə edirlər. Valideynlər övladlarının yanında rəqəmsal dünya ilə fəaliyyətlərini tənzimləməlidirlər. Oyun asılılığı yaranmış uşaqlar ilə bağlı psixi sağlamlıq mütəxəssislərinə müraciət olunması tövsiyyə olunur".

 

Bunu da oxu: https://operativmedia.az/post/68210/tacikistanda-gta-ve-counter-strike-oyunlari-qadagan-edilir


Nərmin Qocamanlı

 

Seçilən
24
operativmedia.az

1Mənbələr