Son dövrlər ölkəmizdə özəl tibb müəssisələri tərəfindən vətəndaşlara saxta sağlamlıq arayışının verilməsi halları aşkarlanır.
Bu hallardan biri də ötən günlərdə Bakı şəhərində yerləşən "General Hospital" klinikasında qeydə alınıb. Belə ki, həmin klinikanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır.
Bəs, belə hallar necə baş verir və bunun qarşısını hansı formada almaq olar?
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən tanınmış həkim, professor Adil Qeybulla bildirib ki, istər özəl, istər dövlət tibb müəssisəsi olsun, saxta sənəd verən şəxs və ya klinika hüquqi məsuliyyət daşıyır:
"Təəssüflər olsun ki, bu gün nəzarətdən çıxmış sahələrdən biri də özəl sektordur. Saxta sağlamlıq arayışı verən şəxslər mütləq şəkildə cəzalandırılmalıdırlar. Ona görə ki, saxta arayışlar müxtəlif xəstəliklərin və ya infeksiyaların yayılmasına səbəb ola bilər.
İctimai-iaşə obyektlərində vərəm, hepatit kimi xəstəlikləri olan şəxslərin işləməsi ilə bağlı məhdudiyyətlər var. Ona görə də, bu arayışların düzgün verilməsi olduqca vacibdir.
Əfsuslar olsun ki, sağlamlıq arayışlarının saxta yolla müəyyən maraq müqabilində verilməsi halları müşahidə edilir. Mülkiyyət formasından asılı olmayaraq, istər dövlət, istərsə də özəl tibb müəssisələrinin hər biri tibbin və Azərbaycan Respublikasının qanunları ilə işləməlidir. Bu çərçivədən çıxma halları olarsa, müvafiq tədbirlər görülməldir", - deyə A.Qeybulla qeyd edib.
Murad İbrahimli