Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şəkidə dəfn olunub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş Şahid Sabir oğlu Məmmədov doğulub boya-başa çatdığı Şəki rayonu Orta Zəyzid kənd qəbirsanlığında torpağa tapşırılıb. Şahid Məmmədov qalıqlarının dəfn mərasimində rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqan əməkdaşları, hərbiçilər, rayon ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.
Qeyd edək ki, Şahid Məmmədov 1974-ci ildə Şəki rayonu Orta Zəyzid kəndində dünyaya gəlib. 1992-cü ilin dekabr ayında həqiqi hərbi xidmətə gedib. 1993-cü ilin fevral ayında Ağdərə rayonu Mehmana kəndində gedən döyüşlərdə itkin düşüb. Şahid Məmmədovun qalıqları Vətən müharibəsi başa çatdıqdan sonra Ağdərə rayonu Mehmana kəndi ərazisində aparılan işləri zamanı tapılıb.