Qarabağ zəfərinin əsasları ölkənin müxtəlif rayonlarında müzakirə edildi.
QHT.az xəbər verir ki, Vətəndaş Tribunası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Qarabağ zəfərinin əsasları” layihəsini başa çatdırdı. Layihə çərçivəsində Bakı şəhərinin Binəqədi və Qaradağ rayonlarında, eləcə də Naxçıvan MR-nın Şərur rayonunda yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirildi. Şəhid ailələri və qazilərin, rayon fəallarının və digər ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi bu görüşlərdə 27 sentybar 2020-ci ildə başlanmış və Azərbaycan Ordusunun qələbəsilə başa çatmış 44 günlük Vətən müharibəsi və 19 sentyabr 2023-cü ildə Azərbaqycan Ordusu tərəfindən Qarabağda keçirilib, bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsinin mühüm tarixi əhəmiyyəti haqqında məruzələr dinlənilib. Azərbaycan torpaqlarında dayanıqlı sülhün təmin olunması üçün müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi və Azərbaycan Ordusunun döyüş qüdrətinin daim artırılmasının vacibliyi vurğulanmışdır. Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq örnəyindən səmərəli istifadə edilməsi xüsusi olaraq qeyd edilib.
Layihə çərçivəsində nəşr edilmiş “Qarabağ zəfərinin əsasları” kitabçasında Qarabağ münaqişəsinin tarixi kökləri açıqlanmış, iki yüz illik işğal dövründə rus imperiyasının Azərbaycan torpaqlarını parça-parça ermənilərə bağışlayaraq onlara dövlət yaratması, habelə 1988-ci ildən başlanmış qanlı münaqişənin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan dövlətinin onilliklər boyu göstərdiyi səylər müxtəlif mənbələrə istinadən şərh edilib.
Binəqədi rayonunda layihə mövzusunun müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri ilə müzakirəsində Qarabağ zəfərinin və bütövlükdə müharibə mövzusunun bədii ədəbiyyatda inikası barədə maraqlı diskussiya olub. Bu barədə dünya ədəbiyyatının təcrübəsi, eləcə də Azərbaycan ədəbiyyatının Qarabağın otuz illik işğalına həssas münasibəti analiz edilərək, şair və yazıçılara yeni yaradıcılıq tövsiyələri verilib.
Naxçıvan MR Şərur rayon ictimaiyyətilə görüş əhalinin belə tədbirlərə kütləvi marağı ilə yaddaqalan olub. Görüşdə məruzə ilə çıxış edən layihə rəhbəri Səfər Alışarlı Qarabağda böyük tarixi qələbəni ölkəmizin taleyində ciddi dönüş nöqtəsi kimi qiymətləndirib, bu nöqtədən Türk Dövlətləri Birliyinə birbaşa yolun açıldığını qeyd edib. Məruzədə Azərbaycanın Qarabağ zəfərinin siyasi, iqtisadi, hərbi və mənəvi əsasları geniş şərh edilib. Çıxış edən rayon ictimaiyyəti nümayəndələri, eləcə də şəhid ailələrinin təmsilçiləri və Vətən müharibəsi qaziləri müharibə günlərini xatırlayıb, şəhid və qazilərin qəhrəmalığından danışıblar.
Layihə çərçivəsində Bakı şəhəri Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması naminə Azərbaycan gəncliyinin milli ənənələrə sadiqliyi və bununla bağlı qarşıda duran vəzifələr haqqında müzakirə aparılıb. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev layihənin əhəmiyyətini vurğulayıb, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın önəmli cəhətlərini diqqətə çatdırıb.
Bütün tədbirlərdə iştirakçılara dəftərxana ləvazimatları paylanıb, ünsiyyətin davam etdirilməsi üçün çay-qəhvə stolları təşkil edilib.