AZ

Yüksək humanizm və milli mədəniyyətimizə böyük qayğı

Dünyadakı hazırkı mənzərə fonunda ölkələrin dövlət siyasətində humanizm prinsiplərinin önə çəkilməsi, qloballaşmanın yaratdığı təhdidlər nəzərə alınmaqla milli mədəniyyətlərə diqqət və qayğının artırılması heç vaxt olmadığı qədər mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr xüsusi diqqət çəkir. Belə layihələr bir qayda olaraq həssas qruplardan olan insanları əhatə edir və milli mədəniyyətimizin yad təsirlərdən qorunmasını, daha da zənginləşdirilməsini, inkişafını hədəfləyir. Mehriban xanım Əliyevanın qeyd olunan istiqamətlərdə fəaliyyəti davamlı səciyyə daşıyır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  və ailə üzvlərinin elə bugünlərdə Bakının Xətai rayonundakı Alim Məmmədov adına körpələr evi-uşaq bağçasının təmirdən sonra yenidən istifadəyə verilməsi tədbirinə qatılmaları, həmçinin Talassemiya Mərkəzini ziyarət etmələri, Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olmaları bunun əyani təsdiqidir.

Dünyaya verilən humanizm mesajları

Belə bir deyim var: Dünyanı gözəllik xilas edəcək. Mehriban xanım Əliyevanın timsalında isə bu ifadəni aşağıdakı kimi dəyişmək mümkündür: Dünyanı gözəllik və xeyirxahlıq xilas edəcək. Mehriban xanım Əliyeva bayramlarda bir qayda olaraq xüsusi qruplardan olan uşaqların əhatəsində olur, onlar üçün klonların, sevilən müğənnilərin iştirakı ilə şənliklər təşkil edir, internat məktəblərinə baş çəkir, səhiyyə ocaqlarına gələrək daun sindromlu, talassemiyalı xəstələri yoluxur. Onun ana nəvazişinə həsrət qalan uşaqlar üçün tort bişirib hədiyyə etdiyi də minnətdarlıq hissi ilə xatırlanır. Bütün bunlarla Mehriban xanım Əliyeva cəmiyyətə humanizm mesajları ötürür, insanlara mərhəmətli olmağa, başqalarının ağrı-acısını, kədərini özününkü kimi qəbul etməyə, xoş günlərin sevincini paylaşmağa çağırış edir. Məhz bu nümunədə həyat gözəldir və yaşamağa dəyər!

Oktyabrın 31-də Talassemiya Mərkəzində olarkən səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezidentə və ailə üzvlərinə Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Mehriban Əliyeva tibb müəssisəsindəki transplantologiya şöbəsində, yeni açılan reanimasiya şöbəsində və böyüklər üçün stasionar şöbədə olub, burada müalicə alan uşaqlarla, tibb işçiləri ilə söhbət edib, müalicə prosesinin gedişi ilə maraqlanıb.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun Mərkəzin fəaliyyətinə və ümumiyyətlə, səhiyyəyə daim önəm verdiyini bildirib.

Qeyd edək ki, tibb müəssisəsində görülən işlər, aparılan islahatlar, burada müalicə alan xəstələrin səhhəti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılır. Fondun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzində xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün görülən tədbirlər talassemiya xəstəliyinin profilaktikasında əhəmiyyətli rol oynayır.

Xatırladaq ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsinə və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Uşaqların sağlam və xoşbəxt böyümələri naminə

İndiyədək Heydər Əliyev Fondunun icra etdiyi təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internat və uşaq evi yenidən qurulub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə “Məzun evi” tikilərək uşaq evləri və internat məktəblərinin məzunu olan gənclərin istifadəsinə verilib. Bütövlükdə bu binalarda 365 gənc hər cür rahatlığı olan mənzillərlə təmin olunub. Bakının Xətai rayonundakı Alim Məmmədov adına körpələr evi-uşaq bağçası da oktyabrın 31-də təmirdən sonra yenidən istifadəyə verilib. Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına körpələr evi-uşaq bağçası ötən müddətdə istismara yararsız vəziyyətə düşdüyünə görə təmirə ehtiyac yaranmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, körpələr evi-uşaq bağçası müasir tələblər səviyyəsində təmir olunub.

Yüz yerlik körpələr evi-uşaq bağçası zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar.

Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, uşaqlar üçün oyun meydançası yaradılıb.

Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərilir. Uşaq bağçalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bu baxımdan mühüm rol oynayır.

Milli mədəniyyətimizin hamisi

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi olaraq vurğulamaq lazımdır. Çünki Azərbaycanın birinci xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin hamisi kimi çıxış edərək onun qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Milli mədəniyyətimizin ən mühüm qollarından olan muğam sənəti məhz Mehriban xanım Əliyevanın xüsusi diqqəti sayəsində hazırda özünün yeni bir intibah dövrünü yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan albomlar, mütəmadi olaraq keçirilən festivallar, Bakıda və bölgələrdə yaradılan mərkəzlər respublikamızda muğama böyük maraq oyadıb. Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Mehriban xanım Əliyeva 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Jurnal dünyanın onlarla ölkəsində bir neçə dildə yayımlanıb.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirir. Onun təşəbbüsü ilə Fondun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisini isə xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2012-ci ilin yanvarında Londonda açılan bu sərgi iki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada da təşkil edilərək yerli sakinlərin böyük marağını cəlb edib.

Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.

Oktyabrın 31-də isə Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar. Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verən mədəniyyət naziri Adil Kərimli bildirib ki, respublikamızın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən isə Azərbaycan Dövlət Pantomim Teatrı keçmiş “Şəfəq” kinoteatrının binasında yerləşdirilib.

Otuz ildən artıq dövrdə Pantomim Teatrında bir çox müəlliflərin əsərləri səhnələşdirilib. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.

Bu gün Pantomim Teatrı ən çox ziyarət olunan və böyük tamaşaçı məhəbbəti qazanan mədəniyyət ocaqlarımızdan biridir.

Qeyd edilib ki, Azərbaycan Dövlət Pantomim Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.

Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verilib.

Mübariz ABDULLAYEV

Seçilən
12
yeniazerbaycan.com

1Mənbələr