AZ

“Bizi döyüşə qaytarın!..”

Yaralı əsgərlər həkimlərə belə yalvarırdılar

Vətən müharibəsindən 4 il keçsə də, onunla bağlı olaylar illər keçdikcə xatırlanır. Zəfərlə başa çatan haqq savaşı xalqımızın 30 ilə yaxın davam edən torpaq, yurd həsrətinə son qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun əsgər və zabitləri hərb tarixində misli görünməmiş böyük fədakarlıq, döyüş şücaəti nümayiş etdirdilər. Onlar torpaqlarımızın düşmən işğalından azad olunması üçün öz canlarını belə qurban verməkdən çəkinmədilər. 44 gün davam edən bu qəhrəmanlığın şahidlərindən biri də hərbçilərimizin sağlamlığı keşyində dayanan həkimlər idi...

Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki Diaqnostika Mərkəzində anestezioloq-revmatoloq kimi çalışan Elşən Əliyev o günlərdən belə söhbət açır: “İstər ali məktəbdə təhsil illərində, istərsə də internetura dövründə çoxlu meyit, canlı əməliyyat görmüşdüm. İşlədiyim illər ərzində ağır əməliyyatlar aparmışam. Amma Vətən müharibəsi günlərində üzləşdiyim ağlasığmaz mənzərələri nəinki görmüşdüm, heç təsəvvür edə bilməzdim. Son dərəcə ağır, tükürpədən mənzərələri idi”.

Elşən Əliyev 1984-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 30 ildən artıq Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında işləyib, hazırda həmin xəstəxanada təcili yardım şöbəsinin müdiridir.

O, sentyabrın 27-də xəstəxanada növbədə olub. Vətən müharibəsinin başlandığını eşidən Elşən xəstəxananın rəhbərliyinə müraciət edərək cəbhəyə getmək arzusunu bildirib. Elə oradan da birbaşa döyüş bölgəsinə yola düşüb.

– Böyük Bəhmənlidəki Diaqnostika Mərkəzinin reanimasiya şöbəsi 6 çarpayılıq idi. Əlbəttə, bu, axın-axın yaralının gəldiyi həmin ağır günlərdə qətiyyən kifayət edə bilməzdi. Dərhal çarpayıların, eləcə də süni nəfəs aparatlarının sayını 9-a çatdırdıq, monitorların sayı artırıldı, – deyə həkim söhbətinə davam edir. – 4 əməliyyat otağında fasiləsiz olaraq həyatla-ölüm arasında mübarizə gedirdi. Neyrocərrahların, damar və üz-çənə cərrahlarının işi həddindən çox idi. Elə əməliyyatlar olurdu ki, onlar 10–12 saat ölümün pəncəsindən almaq üçün çalışırdılar.

– Məni ən çox heyrətləndirən yaralı əsgər və zabitlərin yurd sevgisi, bu yolda onların nümayiş etdirdiyi fədakarlıq və iradə idi. Təəssüf ki, yaralıların ad və soyadları yadımda qalmayıb. Polad adlı bir döyüşçü Qubadlının girəcəyində topuqdan iki ayağını itirmişdi. Çox istəyirdim ki, özü, necə deyərlər, isti-isti bundan xəbər tutmasın. Əvəzində o, özü bütün həkimləri təəccübləndirdi. Dedi, həkim, mən bilirəm ki, ayaqlarımın ikisi də yoxdur, amma mən bura şəhid olmaq üçün gəlmişdim. Görünür, şəhid olmaq qismətimdə yox imiş...

Bakıdan bir döyüşçü xatirimdə qalıb, gərək ki, adı Alik idi. Çiynindən və sol qolundan yaralanmışdı. Hospitalda əməliyyat olunandan sonra onu ikinci əməliyyat üçün Bakıya təxliyə etdik. Həmin döyüşçü tez-tez telefonla komandirinə zəng edib deyirdi ki, mənim heç nəyim yoxdur, amma həkimlər buraxmırlar, siz məni buradan azad edin, döyüş mövqeyinə qayıdım. Dövlət Təhlükəsizlik Xidmətindən Səbuhi adlı yüksəkrütbəli zabit var idi, döş qəfəsindən snayper yarası almışdı, onun da üzərində həkimlər çox əziyyət çəkdilər, bir sutkadan sonra Bakıya göndərdik.

Daha bir döyüşçü var idi, səhv etmirəmsə, Bakıdan idi, Toğrul adında, ilkin əməliyyat etdik. Sonra onu Bakıdakı hospitala təxliyə etmək üçün danışıqlar apardıq. Cəbhədəki mövqeyinə qayıtmaq istəyirdi. Axırı məcbur olub başa saldıq ki, sən yeriyə bilmirsən, bu vəziyyətdə hara gedirsən? Dedi ki, onsuz da biz orada yerimirik ki, sürünürük... Yəni bu səhnələri, mənzərələri görəndə heç kəs özünü saxlaya bilmirdi...

Elşən həkim bir epizodu da ürək ağrısı ilə xatırlayır:

– Snayper gülləsinə tuş gəlmiş əsgərin beyni dağılmışdı, üz-gözü tanınmaz vəziyyətə düşmüşdü. Neyrocərrah Bəhmən həkim beyin fəaliyyətini bərpa etmək üçün onun üzərində saatlarla zəhmət çəkdi, çox böyük əziyyət hesabına əsgəri əməliyyat edib, reanimasiya şöbəsinə göndərdi. Lakin bir sutkadan sonra onu həyatda saxlamaq mümkün olmadı...Elə olurdu ki, 20–22 saat fasiləsiz əməliyyat aparır, yemək də yadımıza düşmürdü.

Mən noyabrın 13-də yaralı vəziyyətdə olan döyüşçülər reanimasiya otağından çıxandan sonra Bakıya qayıtdım. Vətən torpağının azad olması, xalqımızın qazandığı möhtəşəm qələbə sevinci hər şeyi unutdurmuşdu. Amma inanın ki, evə qayıdandan 15–20 gün sonra da yuxuda səksənir, qulağıma yaralı əsgərlərin səsi gəlirdi...

Vətən müdafiəçilərinin sağlamlığı keşiyində dayanan həkim Elşən Əliyev həmin günlərdə yerli əhalinin göstərdiyi həmrəylik, birlik və vətənpərvərlik nümunələrindən də ağızdolusu danışdı:

– Kəndin gəncləri bütün sutka boyu xəstəxananın həyətində növbə çəkir, yaralıların xəstəxananın şöbələrinə paylanılmasında kömək göstərirdilər. Yerli həkim və tibb işçiləri, xadimələr evlərinə getmirdilər, döşəmənin üstündə 2–3 saat bir çimir yuxu alıb işlərinə davam edirdilər. İxtiyar yaşında analar, nənələr iki balışı qoltuğuna vurub gətirirdilər ki, bəlkə yaralıların ehtiyacı var. Hərçənd ki, heç nədən korluq yox idi, bununla belə yerli əhali cəbhəyə gedən maşınların yük yerinə ən müxtəlif ərzaq və mallar yığıb doldururdu...

Süleyman QARADAĞLI

Seçilən
18
xalqqazeti.az

1Mənbələr