Olivye diplomatik etiket qaydalarını aşır
Fransız səfir Ermənistanın “vəkili” funksiyasını yerinə yetirməkdədir
Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Rəsmi Paris Ermənistanın maraqlarına xidmət edərək ölkəmiz haqqında böhtan kampaniyası aparır. Fransanın Ermənistandakı səfiri Olivye Dekotini də diplomatik etiket qaydalarını unudaraq dəfələrlə Azərbaycana qarşı yalan və böhtanlardan ibarət fikirlər səsləndirib. Halbuki, onun vəzifəsi təmsil etidiyi ölkə ilə səfir kimi çalışdığı dövlətin əlaqələrinə xidmət etməlidir. Amma Dekotini vəzifə səlahiyyətlərini aşaraq Ermənistanın “vəkili” funksiyasını yerinə yetirməkdədir.
Səfir Qarabağ ermənilərinin əvəzinə danışır?
Belə ki, o, bugünlərdə Ermənistanın “Hetq” media qurumuna müsahibəsində Azərbaycanın əleyhinə əsassız iddialar səsləndirib. Dekotini müsahibəsində iddia edib ki, guya Qarabağın bütün erməni əhalisi qaçmağa məcbur olub: “Deyirəm “məcbur olub”, çünki bu könüllü qərar deyildi. Doqquz aylıq blokadadan və “hərbi hücumdan” sonra bu könüllü qərar ola bilməzdi. Xüsusilə 5 oktyabrda Frankofoniya Beynəlxalq Təşkilatı tərəfindən qəbul edilmiş qətnamədə qeyd olunurdu ki, bu insanlar köçməyə məcbur edilmişdi. Fransa 2023-cü ildə “Dağlıq Qarabağ qaçqınlarına” və onları qəbul edən Ermənistan icmalarına humanitar yardım baxımından ilk donor ölkə olub”. Dekotini Qarabağda guya “erməni dini və mədəniyyət irsinin məhv edilməsindən də narahat olduğunu” deyib.
Əlbəttə, fransız səfirin dedikləri tamamilə yalandır. Çünki bütün dünya şahiddir ki, ermənilər Qarabağı könüllü surətdə tərk ediblər. Azərbaycan hökuməti onlar üçün reinteqrasiya proqramını açıqlayıb. Həmin erməniləri Qarabağdan köçməyə təşviq edən məhz Ermənistan və onun Fransa kimi havadarları olub. Məqsəd isə bu faktdan Azərbaycana qarşı təbliğat aparmaqdır. Digər tərəfdən, dini, tarixi və mədəni abidələri də dağıdan məhz ermənilərdir. Ermənistan 30 il ərzində işğal etdiyi torpaqlarımızda azərbaycanlı izini tamamilə silməyə çalışıblar.
XİN: Bu, Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Olivye Dekotininin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir. Onun sözlərinə görə, səfirin müsahibəsində Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir. “Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib”, - deyə Ayxan Hacızadə qeyd edib.
Fransanın indiki mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənilərin maraqları naminə bu ölkə beynəlxalq hüquqa hörmətsizlik edir, bəşəri dəyərləri ayaqlar altına atır. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransa parlamenti hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərdən qısa müddət sonra o vaxt Qarabağdakı separatçı rejimin tanınmasının zərurəti haqda qətnamə qəbul etmişdi. Eləcə də, ordumuz Qarabağda erməni separatizminin kökünü kəsərək suverenliyimizi tam bərpa etdikdən sonra rəsmi Paris ölkəmizə qarşı qərəzini daha da artırıb. Fransanın Ermənistanı silahlandırması isə Cənubi Qafqazda yeni müharibə təhlükəsi yaradır.
Rəsmi Parisin gerçək niyyəti
30 il ərzində Ermənistandan və işğal olunmuş ərazilərimizdən qovulan soydaşlarımızın taleyinə biganə qalan Fransa indi əsassız olaraq az sayda erməninin “etnik təmizlənməyə” məruz qalması barədə dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq bölgədən könüllü çıxan erməni sakinlərin geri qayıtması üçün canfəşanlıq edir. Eləcə də, Fransa Avropa İttifaqının Müşahidə Missiyası adı altında öz casuslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib.
Yeri gəlmişkən, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini dəfələrlə Azərbaycanla sərhədə gəlib, hansısa “təftiş” aparmağa çalışıb. Eləcə də, Ermənistana səfər edən Fransa rəsmiləri və deputatları da Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə Azərbaycanla sərhəddə olublar. Bugünlərdə isə missiyanın avtomobil karvanında Aİ-nin bayrağı ilə yanaşı, Fransa bayrağının da olması rəsmi Parisin gerçək niyyətini aşkara çıxarmış oldu.
Göründüyü kimi, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.
Nardar BAYRAMLI