Krista Pikkat niyə erməni təəssübkeşi kimi çıxış edir?
Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO Azərbaycanın erməni işğalında olmuş ərazilərinə hələ də missiya göndərməyib. Dörd ildir ki, torpaqlarımız erməni işğalından azad olunub, ərazi bütövlüyümüz təmin edilib. Lakin UNESCO hələ də ermənilər tərəfindən viran edilmiş ərazilərimizə missiya göndərməyib.
Buna əsas səbəb isə UNESCO-nun Fransanın təsiri altında olmasıdır. Fransanın sabiq mədəniyyət naziri Odre Azule 2017-ci ilin oktyabrından qurumun baş direktoru vəzifəsini icra edir. Azulenin Fransanın hakimiyyət orqanlarından gələn sifarişləri qeyd-şərtsiz həyata keçirməsi heç kimə sirr deyil. Hətta bu təşkilat da ermənilərə havadarlıq etməyə başlayıb. Bugünlərdə isə UNESCO-dan növbəti dəfə Azərbaycanla bağlı təxribatçı açıqlamalar verilib. Bu dəfə onun rəsmiləri Qarabağdakı “tarixi” erməni abidələrinə ziyan vurulması ilə bağlı “narahatlıqlarını” bildiriblər. Qurumun Mədəniyyət və Fövqəladə Hallar Təşkilatının direktoru Krista Pikkat xarici KİV-lərə müsahibəsində “Qarabağdakı xristian abidələrinin 2020-ci ildə baş verən müharibədən ciddi təsirləndiyini və məhvolma təhlükəsi ilə üz-üzə qaldığını” iddia edib.
Qarabağda yaşayan ermənilərin regionu tərk etməsinə də münasibət bildirən Pikkat bununla bağlı “dərin narahatlıq duyduğunu” söyləyib. UNESCO rəsmisi Qarabağda yerləşən xristian məbədlərini və abidələrini ümumiləşdirərək, “qədim erməni arxitekturası” kimi təqdim etməyə çalışıb.
Qərbi Azərbaycan İcması UNESCO-dan vəzifə borcunu yerinə yetirməyi tələb edir
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat verib. Bəyanatda UNESCO-nun nümayəndəsi Krista Pikkatın Azərbaycan ərazisindəki mədəni abidələr ilə bağlı Ermənistanın iddiaları əsasında ölkəmizə missiya göndərilməsi məsələsinə dair ifadə etdiyi mövqe qınanılıb və rədd edilib. Qeyd olunub ki, UNESCO rəsmisinin vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması ilə bağlı UNESCO-nun müvafiq addımlar atması üçün dəfələrlə göndərilmiş müraciətlərin mahiyyəti üzrə cavabsız qalmasına aydınlıq gətirmək əvəzinə, Ermənistanın əsassız iddialarına yer verməsi qəbuledilməzdir. UNESCO-nun Azərbaycan xalqına qarşı dini və etnik əsasda nümayiş etdirdiyi bu ayrı-seçkilik bu təşkilatın Fransanın əlində anti-Azərbaycan siyasət üçün bir alətə çevrildiyini göstərir.
İcma UNESCO-dan Azərbaycana və xalqımıza qarşı böhtan və ayrı-seçkiliyə son qoymağı, Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən dağıdılması ilə bağlı öz vəzifə borcunu nəhayət yerinə yetirməyi, o cümlədən bu ölkəyə xüsusi monitorinq missiyası göndərməyi tələb edib.
Təşkilat məlumatlı olsa da...
Qeyd edək ki, təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Qurumun tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. Hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun proqramında qeyd olunan əsas məqsədi elm, təhsil və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməkdir. Təəssüf ki, bəzi hallarda təşkilat öz proqram məqsədlərinə uyğun davranışlar nümayiş etdirmir. Azərbaycan hələ 44 günlük müharibədən əvvəlki mərhələdə işğal altına düşən ərazilərimizdəki mədəni-dini irs nümunələrinin ermənilər tərəfindən dağıdılması, özününküləşdirilməsi və yaxud təhqirlərə məruz qalması barədə UNESCO-nu mütəmadi qaydada məlumatlandırıb. Ancaq UNESCO tərəfindən bununla bağlı heç bir addım atılmayıb. Qurum 30 il ərizində respublikamızın çoxsaylı çağırışlarına rəğmən, mədəni irsimizə dəyən ziyanın dəyərləndirilməsi məqsədilə işğal olunmuş ərazilərə missiya göndərməyib.
UNESCO-nun bəhanəsi
Müharibədən əvvəl UNESCO bəhs olunan ərazilərə missiya göndərməməsini siyasətə qarışmaması ilə əlaqələndirirdi. Eyni zamanda, işğalçı Ermənistan buna mane olurdu. Ancaq müharibədən sonra qurumun mövqeyində birdən-birə dəyişiklik müşahidə olundu. Belə ki, UNESCO-nun bəzi rəhbər şəxsləri Ermənistanın Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki xristian abidələrini guya dağıtması ilə bağlı iddialarına cavab olaraq öz missiyalarını regiona göndərməyə hazır olduqlarını bildirdilər. Təşkilat rəsmilərinin Ermənistanın müraciətinə belə çevik reaksiya verməsi cəmiyyətimizdə haqlı etiraz doğurdu. Azərbaycan missiyanın regiona gəlib obyektiv araşdırma aparmasına tərəfdardır və bununla bağlı mövqeyini UNESCO-ya çatdırıb. Lakin görünən odur ki, təşkilat rəsmiləri yalnız ermənilərin marağına uyğun missiya təşkil etmək istəyirlər. Azərbaycan isə buna heç vaxt razı deyil.
Xatırladaq ki, UNESCO-nun tabe olduğu BMT-nin Təhlükəsizlik Şurası hələ 1993-cü ildə Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın işğal altına düşən ərazilərindən qeyd-şərtsiz çıxarılmasını özündə ehtiva edən dörd qətnamə qəbul edib. Həmin qətnamələrin icrasını Azərbaycan 44 günlük müharibədə öz gücünə təmin etdi. Belə çıxır ki, BMT-nin strukturlarından biri olan UNESCO öz fəaliyyətini Ermənistanın əsassız etirazları əsasında qurur. Bu amili Prezident İlham Əliyev 24 avqust 2021-ci il tarixində BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bir daha diqqətə çatdırmışdı: “Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər”.
Məqsəd və mərama uyğun olmayan davranış
UNESCO-nun Azərbaycanın 30 il ərzində Ermənistanın işğalı altında qalan ərazilərində ermənilər tərəfindən dağıdılan, təhqirlərə məruz qalan tarixi mədəni-dini irs obyektlərinə laqeyd münasibət bəsləməsi ikili yanaşma nümunəsidir. Belə yanaşma UNESCO-nun məqsədləri ilə bir araya sığmır və suallar doğurur. Təşkilat öz statusuna uyğun fəaliyyət göstərməli və obyektivlik nümayiş etdirməlidir.
Nardar BAYRAMLI