AZ

Çin elektromobil bazarında Avropanı necə məğlub etdi? – İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd

Yola saldığımız həftə dünyada yeni qarşıdurma ilə üzləşdik. Əvvəllər vaxtaşırı hərbi qarşıdurmalar gündəmə gəlirdisə, indi üzə çıxan iqtisadi müharibələrə yol açan məqamlar oldu.

Qlobal elektromobil bazarı

Dünyaca iki iqtisadi nəhəng qarşı-qarşıya gəldi. Avropa Komissiyası oktyabrın 29-da Çindən idxal edilən elektrik avtomobillərinə bir beşillik ərzində 35,3%-lik əlavə idxal rüsumunun tətbiqini təsdiqlədi. Qərarını da onunla əsaslandırdı ki, Çin hökuməti öz avtomobil şirkətlərinə yardım edir və bunun nəticəsində Avropada yerli istehsalçılar azad rəqabət apara bilmirlər. Öz növbəsində isə Çin Avropadan aldığı spirtli içkilərə və hətta donuz ətinin idxalına belə qadağa tətbiq edə biləcəyini gündəmə gətirdi.

Rəsmi Brüsselin bu qərarı “Volkswagen” kimi nəhəng avtokonsernin Almaniyada 3 avtomobil zavodunu yaxın zamanlarda bağlamaq istəyi ilə üst-üstə düşdü. Almaniya şirkəti bu addımı ona görə atmağa məcbur olub ki, ilin əvvəlindən azalan mənfəəti III rübdə rekord həddə qədər - 2,8 dəfəyədək azalıb.

Çinlə bazarlar uğrunda mübarizədə uduzan və ya uduzmaq təhlükəsini hiss edən isə təkcə Avropa deyil. Bu həftə o da məlum oldu ki, 2010-cu ildən dünyanın elektrik avtomobilləri bazarının tacı hesab edilən Amerikanın “Tesla” şirkəti III rübün yekunlarına görə, Çinin avtomobil nəhəngi BYD-yə qazanc məsələsində nə az, nə çox düz 3,04 milyard uduzub, özü də dollar hesabı ilə. Amma Qərb bir şeyi etiraf etmək istəmir ki, Çinin yaşıl avtonəqliyyatda olan üstünlüyü təkcə hökumətin subsidiyalarından qaynaqlanmır, Çin şirkətləri hazırda batareyalar üçün xammalın dünya miqyasında ehtiyatlarının 63%-nə də nəzarətə sahib çıxıblar. 

Azərbaycanın seçimi

Azərbaycan hökuməti isə yaşıl nəqliyyat məsələsində qızıl ortalıq məsələsindən çıxış edir, yəni qiymətin əlçatanlığı və istismarın uzunömürlüyü. Bu baxımdan rəsmi Bakı ictimai nəqliyyatda elektriklə işləyən hərəkət vasitələrinin seçimində məhz BYD şirkətinə üstünlük verib. 210 elektrik avtobusu noyabrdan başlayaraq şəhər sakinlərinə və onun qonaqlarına xidmət göstərəcək və Çin şirkəti elektrobuslarının istismar müddətinin 15 il olduğuna təminat verib.

COP29-un enerji təminatı

Noyabrın başlanğıcı ilə COP29 tədbirinin ab-havası daha çox hiss edilməyə başlayır. Bu da təbiidir, çünki Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında qəbul ediləcək qərarlar birbaşa və dolayısı ilə dünyanın gələcək inkişafı üçün təsirsiz ötüşməyəcək. Bu baxımdan da tədbirin özünün nə dərəcədə ətraf mühitə təsirsiz vasitələrlə həyata keçirilməsi də əhəmiyyətlidir.

Həftənin əvvəlində COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında Anlaşma Memorandumu imzalanarkən məlumat verilib ki, beynəlxalq tədbirin baş tutacağı məkanın elektrik enerjisi ilə təminatı yaşıl enerji hesabına həyata keçiriləcək. Tədbir müddətində COP29-un daimi infrastrukturunu elektrik enerjisi ilə təmin etmək üçün ümumilikdə 4 min kVt/saat enerji tələb olunacaq. Bu enerjinin daha böyük hissəsi generatorlar vasitəsilə həyata keçiriləcək. Bunun üçün ABŞ-dan idxal olunan xüsusi generatorlar hidratlaşdırılmış bitki yağı (HVO) ilə işləyəcək və elektrik enerjisi istehsal edəcəklər.

Həmçinin bir qədər əvvəl COP29 tədbirinin keçiriləcəyi məkanın yaxınlığında Böyük Şor gölü üzərində quraşdırılmış 100 kVt gücə malik üzən günəş panellərinin imkanından da yararlanmaq mümkün olacaq.  Bu isə COP29 məkanının enerji təchizatını tam olaraq “yaşıl enerji” mənbələri vasitəsilə təmin etməyə imkan yaradacaq.

Ümidlərimizi doğuran “Ümid”

Bu həftə müstəqil Azərbaycanın tarixində kəşf edilmiş ikinci qaz yatağımızdan ilk 10-cu milyard kubmetr mavi yanacaq çıxarılıb. Söhbət “Ümid” yatağından gedir. Adını həqiqi mənada doğruldan qaz yatağımızdan. O yataqdan ki, onun kəşfiyyatdan tutmuş istismar mərhələsinə qədər olan yolu məhz Azərbaycan Dövlət Neft Şirkətinin adı ilə bağlıdır. Əslində SOCAR-ın həyata vəsiqə qazandıqdan sonra açdığı yeganə yataq da elə “Ümid” olub.

Bu yataq çox mürəkkəb geoloji quruluşa malik olub. Burada dərin axtarış qazmasına 1977-ci ildə başlanılıb və 19 ildə 9 kəşfiyyat quyusu qazılsa da, məhsuldar laylar açılmayıb. Buna səbəb həmin dövrdə mövcud olan texnologiya ilə dərin qatlarda yerləşən məhsuldar layların açılmasının mürəkkəbliyi idi.

Müstəqillik illərində isə SOCAR o strukturda işləməyi hansısa xarici şirkətə təklif etmir və Sovet dövründə aparılan işləri daha əzmkarlıqla davam etdirir. Bu məqsədlə “Ümid-1” platforması 2009-cu ilin iyununda istifadəyə verilir və həmin ilin avqustunda platformadan ilk kəşfiyyat quyusunun qazılmasına başlanılır. Strukturun şimali-şərq qanadında qazılan axtarış quyusu 2010-ci ilin noyabrında 6006 metr dərinlikdə məhsuldar layda qaz olmasını aşkarlayır. 2012-ci ilin sentyabrında “Ümid” yatağından qaz hasilatı başlayır.

“Ümid-1” platformasında hazırda 6 hasilat quyusu fəaliyyət göstərir. Bir qədər əvvəl platformada U1-22 yüksək təzyiqli qaz-kondensat quyusundakı qazma işləri uğurla başa çatdırılıb. Bu quyunun qazılmasında tətbiq edilən bir sıra texnoloji həllər və mühəndislik işləri hesabına mühüm irəliləyişlər əldə edilib.

Belə ki, “Ümid” yatağının tarixində ilk dəfə olaraq, 237 gün üçün planlaşdırılan qazma işləri rekord tarixdə - 202 gündə 6 265 metr dərinliyə çatmaqla başa vurulub. Bundan öncəki quyu 263 günə, ondan əvvəlki isə 439 günə qazılmışdı. Demək ki, SOCAR-ın qazmaçıları artıq 6 min metr dərinliyi aşan, kəllə-çarxa çıxan lay təzyiqlərini ram etməyi mənimsəyiblər. Bu baxımdan da hasilatın stabilliyi və artımına nail olunub.

SOCAR-ın saytında son hesablamalara əsasalanaraq verilən məlumata görə, yatağın ehtiyatları 127.1 milyard kubmetr qaz və 19.9 milyon ton kondensat həcmində qiymətləndirilir.

Artıq “Ümid-1” platformasının ümumi gündəlik qaz hasilat potensialı 8,1 milyon kubmetrə çatıb. Və bunun nəticəsində “Ümid”dən əldə edilən mavi yanacaq hesabına ölkənin daxili qaz tələbatının 15%-ə qədərinin qarşılaması planlaşdırılır. Necə deyərlər, “Ümid” bizim ümidləri zamanında doğrultmağa başlayır.

İğdır-Naxçıvan kəməri

Qaz mövzusunu davam etdirərək nəzərinizə çatdırmaq istərdim ki, bu həftə Türkiyənin Naxçıvan Muxtar Respublikasıdakı baş konsulu Asip Kaya jurnalistlərə açıqlamasında bəyan edib ki, İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yaxın vaxtlarda başa çatdırılacaq. Diplomatın sözlərinə görə, Türkiyə ilə Naxçıvan arasında əlaqələrin inkişafı istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir və İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, onun bir mənbədən asılılığını da aradan qaldıracaq.

Təməli ötən il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan qaz kəmərinin uzunluğu 97,5 kilometr, o cümlədən Azərbaycan hissəsi 17,5 kilometrdir. Kəmər gündə 2 milyon kubmetr qaz nəql etmək gücündədir ki, bununla da Naxçıvanın təbii qaza olan ehtiyacını tamamilə ödəmək mümkündür.

“Qaradağ” GES-nın 1 yaşı

İndi isə diqqətinizi yaşıl enerjiyə yönəltmək istərdim. Bizim nəticə çıxartmaq üçün gözəl bir imkanımız yetişib. Belə ki, “Qaradağ” Günəş Elektrik Stansiyası istifadəyə verildiyi tarixdən artıq 1 il ötüb və bu müddət ərzində təqribən 460 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyinin məlumatına görə, bu stansiya Azərbaycanın ilk böyük yaşıl enerji mənbəli elektrik stansiyası hesab olunur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən stansiyanın layihə gücü 230 MVt-dır və onun tikintisi 262 milyon dollarlıq tam xarici sərmayə hesabına ərsəyə gəlib. Bu baxımdan həmin stansiyanın iqtisadiyyatımıza və ekologiyaya gətirəcəyi dividendlər vacibdir. Stansiyanın fəaliyyəti ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə və eyni zamanda atmosferə karbon emissiyalarının atılmasını 200 min ton azaltmağa imkan yaradır.

Bəs heç fikirləşmisinizmi, ümumiyyətlə, Azərbaycanın tamamilə “yaşıl enerji”yə keçidi neçəyə başa gələ bilər?

Tam “yaşıllaşmağın” dəyəri

2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olmaq üçün Azərbaycana 200 milyard dollar həcmində investisiya lazımdır. Bunu energetika nazirinin müavini, COP29-un  baş icraçı direktoru Elnur Soltanov oktyabrın 31-də Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən dialoq zamanı səsləndirib.

“Qərarlar daha qətiyyətli olmalı və arxasında böyük investisiyalar dayanmalıdır. Bəzi rəqəmlər doğrudan da təəccüblüdür. Lakin, xalis sıfır yanaşması qaçılmazdır - başqa yolumuz yoxdur”, deyə nazir müavini vurğulayıb. Onun sözlərinə görə, 2050-ci ilə qədər xalis sıfır emissiyası əldə etmək üçün Azərbaycana 40 gigavatdan çox günəş və külək enerjisi lazımdır. Bu isə Azərbaycandakı elektrik stansiyalarının hazırkı layihə gücünün 5 qatıdır.

COP icraçı direktoru əlavə edib ki, investisiya baxımından əsas pay 24% gödtərici olmaqla elektrik enerjisi istehsalı sektorunun üzərinə düşür. İkinci yerdə ev və binaların enerji effektivliyinin artırılması, üçüncü yerdə isə neft və qaz sektoru gəlir ki, bu sektor təxminən emissiyaların 26%-nə cavabdehdir. İqtisadiyyatda daha sonrakı sahələri nəqliyyat, sənaye, tullantılar və nəhayət kənd təsərrüfatı sektoru tutur.

Nazir müavininin açıqlamasından sonra sual yaranır: “yaşıl enerji”yə yönəltmək üçün biz bu qədər kapital tapa bilərikmi? Onun miqyası bizim üçün çox böyükdür. Çünki bütün müstəqilliyimiz illərində iqtisadiyyatımıza 300 milyard dollar vəsait yatırılıb, onun da 100 milyardından çoxunu neft-qaz sektoru özünə cəlb edib. Və bundan sonrakı 25 ildə 200 milyard dollar indiki qiymətlərlə dəyərləndirilən bir göstəricidir və onun sonda nə qədər olacağı yalnız sonda bilinə bilər.

Gəlin bir diqqət yetirək qarşıdakı illərdə həyata keçirəcəyimiz layihələrə və onlardan bəzilərinin açıqlanan dəyərlərinə. “Masdar” şirkəti Azərbaycanda inşa edəcəyi 445 MVt gücündə Biləsuvar günəş elektrik stansiyasını 380 milyon dollara, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyasını isə 280 milyon dollar tikməyi planlaşdırır.

Yəni 1 MVt alternativ mənbədən əldə edilən enerji üçün təqribən 1 milyon dollar kapital qoyuluşuna ehtiyac duyulur. Azərbaycanda istilik elektrik stansiyalarını tamamilə yaşıl enerji mənbəli elektrik stansiyaları ilə əvəzləmək üçün 40 milyard dollarlıq investisiya gərəkdir. Və bunu həll etsək,  iqtisadiyyatımızın cəmi 24%-nin “yaşıllaşdırmış” olacağıq. İndi görürsünüzmü, “sıfır emissiyalı” dünyanın bir hissəsi, hansındakı Azərbaycanın tullantıları cəmi 1% təşkil edir, nə qədər mürəkkəb və nə qədər enerji və kapital aparan bir prosesdir.

Bununla belə, başqa alternativ yol da görünmür hələ, kapital məsələləri isə COP29-un başlıca mövzusu olacaq. Necə həll yolları tapılmasına isə artıq çox qalmayıb.

Bizim.Media

Seçilən
58
13
bizim.media

10Mənbələr