Rusiyada hökumət ölkədəki fərdi kriptovalyuta mədənçiləri üçün aylıq 6 min kilovat-saat elektrik enerjisi istehlakı limiti tətbiq edib
Valyuta.az xəbər verir ki, yeni qaydalara əsasən mədənçilər əldə etdikləri kriptovalyuta miqdarını Federal Vergi Xidmətinə mütləq şəkildə bildirməli, fərdi kriptovalyuta mədənçiliyi ilə məşğul olanlar isə ayda 6 min kilovat-saat elektrik istehlakı limitini keçə bilməyəcəklər. Bu limiti aşanların "fərdi sahibkar" olaraq qeydiyyatdan keçmələri tələb olunacaq.
Həmçinin hökumət də elektrik təchizatında problem yaşanan bölgələrdə mədənçiliyi qadağan edə biləcək.
Rusiya Energetika nazirinin müavini Yevgeni Qrabçak, 30 oktyabrda verdiyi açıqlamada, artıq elektrik istehlakı səbəbindən ölkənin Uzaq Şərq və Cənubi Sibir kimi bəzi bölgələrində kriptovalyuta mədənçiliyinin qadağan ediləcəyini bildirmişdi.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin kriptovalyuta mədənçiliyini qanuniləşdirən fərmanı 8 avqustda təsdiqləmişdi.