“Erməni lobbisi bu cür şəbəkəni yaratmaqla öz istəyinə çatmayacağını yaxşı bilir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Analitik COP29-la bağlı “X” sosial şəbəkəsində Azərbaycana qarşı başladılan qarayaxma kampaniyası ilə mübarizə aparmaq üçün hansı addımların atılması haqqında fikirlərini bölüşüb.
Onun sözlərinə görə, ölkəmizi gözü götürməyənlər tərəfindən hər zaman ölkəmizə qarşı belə hallar müşahidə edilib. “İstər idman yarışlarında, istər “Avroviziya”da, istər Avropa Oyunlarında, istərsə də İslam Oyunları ərəfəsində hər zaman Azərbaycana qarşı qarayaxma kampaniyaları başladılıb.
Hətta pandemiya dövründə dövlətimizin yardıma ehtiyacı olan digər ölkələrə əlini uzatdığı zaman belə onlar bu işlərdən əl çəkmədilər. Düzdür, həmin qüvvələr kimlər olduğunu gizlətməyə çalışır, ancaq araşdırmalar əsasında aydın olur ki, onlar hamısı bir nöqtədən idarə olunur. Yəni oxlar erməni lobbisini göstərir”. Siyasi təhlilçi əlavə edib ki, erməni lobbisi bu cür şəbəkəni yaratmaqla öz istəyinə çatmayacağını yaxşı bilir: “Belə addımlar sülh prosesinə kölgə salmaqdan başqa bir şey deyil. Məqsədləri sadəcə olaraq kiçik də olsa Azərbaycana ləkə vurmaqdır. Bu prosesdə sapı özümüzdən olan baltalar da iştirak edəcək. Hətta biz yaxın günlərdə xaricdə yaşayan və erməni lobbisinin maliyyəsi ilə hərəkət edən bəzi azərbaycanlı “YouTube” “qəhrəmanları”nın da prosesdə iştirakını görəcəyik”.
“Bu proseslərə şəxsən Ermənistan özü nəzarət edir. Belə ki, erməni lobbisi maliyyəsi hesabına xüsusi şəbəkə yaradılıb. Həmin şəbəkə sosial şəbəkələrdə daim Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirir. Lakin bu, heç də bizə əngəl deyil, heç bir zaman da olmayıb. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər hər zaman yüksək səviyyədə baş tutub. Bu dəfə də elə olacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli