Günlərlə müzakirə edilən məsələyə Hakimlər Komitəsinin sədri Frank De Blekere də münasibət bildirdi:
“13-cü dəqiqədə cərimə meydançasının daxilində “Turan Tovuz”un oyunçusu Denis Marandiçi ilə “Kəpəz”in futbolçusu Nicat Süleymanov arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim “Turan Tovuz”un üzvünün sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etməmək qərarını qəbul etdi. Hər təmas qayda pozuntusu deyil. Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik. Bu vəziyyətdə VAR müdaxiləsi edilmir".
“Kəpəz” bu açıqlamadan narazı qalıb. Hətta klubun rəsmi “feysbuk” hesabı mübahisəli epizodun fotosunu paylaşaraq “Cənab De Blekerenin nəzərinə” yazıb.
Bəs “Kəpəz” bundan sonra nə umur? Komandanın baş məşqçisi Azər Bağırovun “Football-plus.az”a söylədikləri:
“Artıq o oyun barədə fikirləşmirik. Hər şey geridə qalıb, önümüzə baxırıq. "Səbail"lə matça hazırlaşırıq. Düşünürəm ki, "Kəpəz" və bizi sevərlər üçün hər şey yaxşı olar. Çünki futbolda qaydalar var. Qərar verilibsə, ona riayət etmək bizim peşəkar borcumuzdu. Həmin oyundan sonra nələrisə media vasitəsilə deyirik. Amma bilirik ki, artıq qərar verilib, hər şey bitib. Çox təəssüf ki, həmin oyunda hakim haqsızlığı ilə üzləşdik. Oyunun sonuna 10 dəqiqə qalmış daha çox səhv oldu. Əlbəttə, xırda foullar da tam bizim əksimizə idi. Amma önümüzə baxırıq. Düşünürəm ki, gələcəyə baxmaq, nikbin olmaq lazımdı. Daim çalışıb oyunumuzu getdikcə daha da yaxşılaşdırmalıyıq ki, nə qədər səhv olarsa, onlara sinə gəlməyi bacaraq”.
RÖYANƏ OĞUZ