Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika" Portuqaliya çempionatında 9-cu tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, Lissabon təmsilçisi bu dəfə səfərdə "Farense" ilə qarşılaşıb. Görüş "Benfika"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyuna həm Aktürkoğlu, həm də Kökçü start heyətdə başlayıb. Kerem 76-cı dəqiqədə Zeki Amdouni ilə, Orkun isə 90-cı dəqiqədə Renato Sançezlə əvəzlənib.
Aktürkoğlu bu matçda da öz oyunu ilə diqqəti üzərinə çəkib. 26 yaşlı hücumçu 21-ci dəqiqədə Alvaro Fernandezin vurduğu qolun ötürməsini verib.
Kerem bu ilin sentyabr ayında "Qalatasaray"dan "Benfika"ya keçib. O, Portuqaliya təmsilçisinin heyətində 8 oyuna çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib. Orkun isə ötən ilin yayından "Benfika"da oynayır. O, bu müddət ərzində 56 görüşdə 11 qol vurub və 14 qolun ötürməsini verib.
Qeyd edək ki, hazırda "Benfika" ölkə çempionatında 22 xalla 3-cüdür.