AZ

Prezident seçkilərində Qaqauz türkü Stoyanoqlo, yoxsa moldavanka Sandu qalib gələcək?

Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçirilir. Prezident kürsüsü uğrunda mübarizə əslən qaqauz türkü olan Moldovanın keçmiş Baş prokuroru, hazırda müxalifəti təmsil edən Aleksandr Stoyanoqlo və iqtidarın namizədi Maya Sandu arasında gedir.

Xatırladaq ki, oktyabrın 20-də keçirilən səsvermənin birinci turunda Sandu 42,49% (656 852 seçici), Stoyanoqlo isə 25,9 faiz səs (401 215 seçici) toplayıb.

Prezident kürsüsü uğrunda mübarizə aparan və əslən qaqauz türkü olan Aleksandr Dmitriyeviç Stoyanoqlo 1967-ci ildəQaqauziyanın Komrat şəhərində anadan olub.

O, 1995-2001-ci illərdə Qaqauziya prokuroru, 2001-2007-ci illərdə Moldova Respublikası Baş prokurorunun müavini, 2009-2010 və 2010-2014-cü illərdə Moldova Demokratik Partiyasının fraksiyasından VII-VIII çağırış Moldova Respublikası parlamentinin deputatı, Moldova Respublikası Parlamentinin vitse-prezidenti (2009-2010), parlamentin Dövlət Təhlükəsizliyi, Müdafiə və İctimai Asayiş Komissiyasının sədri, həmçinin 29 noyabr 2019-cu ildən 5 oktyabr 2021-ci il tarixədək Moldova Respublikasının Baş prokuroru vəzifələrində işləyib.

Aleksandr Stoyanoqlo beynəlxalq aləmdə də tanınmış siyasi xadim hesab edilir. Hazırda müxalifətdə olan Sosialist Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi irəli sürülmüş Aleksandr Stoyanoqlo Moldovanın Avropa ilə inteqrasiyasının əleyhinədir və eyni zamanda Rusiya ilə yaxınlaşma tərəfdarı kimi tanınır.

Aleksandr Stoyanoqlonun rəqibi PAS (Hərəkət və Həmrəylik) partiyasının dəstəklədiyi hazırkı prezident Maya Sandu da kifayət qədər tanınmış siyasi xadimlərdən hesab edilir. Sandu Stoyanoqlodan fərqli olaraq Avropa ilə inteqrasiya tərəfdarıdır və Rusiya ilə yaxınlaşmanın əleyhinədir.

Prezident seçkilərinin birinci turunda Maya Sandu səslərin 42,49 faizini (656 852 seçici), Stoyanoqlo isə 25,95 faizini (401 215 seçici) toplayıb. Bununla belə namizədlərin heç biri səslərin 50 faizindən çoxunu toplaya bilmədiyi üçün ikinci turun keçirilməsi qaçılmaz olub.

Prezident seçkilərində Maya Sandunun, yoxsa Stoyanoqlonun qalib gəlməsi isə ilk növbədə seçkilərin nəticələrinin saxtalaşdırılıb- saxtalaşdırılmamasından asılı olacaq. Bu baxımdan iqtidarda olan Sandu seçkilərin nəticələrini öz xeyrinə dəyişmək üçün bütün imkanlara malikdir. Sandu seçkiləri saxtalaşdırsa belə Qərbdən olan müşahidəçilər və beynəlalq təşkilatların buna göz yumacağı gözlənilir. Belə ki, Qərb üçün Rusiya tərəfdarı olan Stoyanoqlo ilə müqayisədə Avropaya inteqrasiya yolu seçən Sandunun yenidən prezident seçilməsi daha məqsədəuyğundur.

Ümumilikdə Rusiyanın da Stoyanoqlonun qalib gəlməsi üçün seçkilərə mütəlif yollarla müdaxilə edəcəyi də şübhə doğurmur. Necə deyərlər Moldovada keçirilən prezident seçkiləri yalnız Sandu və Stoyanoqlo arasında deyil, həm də Qərblə Rusiya arasında gedir.

Ekspertlərin fikrincə hər iki namizədin prezident kürsüsü uğrunda mübarizədə qalib gəlmə imkanları bərabərdir. Belə bir fikir vurğulanır ki, Stoyanoqlonun seçkilərdə qalib gəlməsi seçkilərin nəticələrinin saxtalaşdırılıb-saxtalaşdırılmamasından asılı olacaq. Stoyanoqlo seçkilərdə məğlub olacaqağı təqdirdə onun tərəfdarlarının səslərin yenidən sayılması tələbi ilə etiraz aksiyaları keçirəcəyi də istisna edilmir.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda seçicilər 2219 seçki məntəqəsində səs verəcəklər. O cümlədən, Moldova ərazisində 1988, o cümlədən Dnestr çayının sol sahilində yaşayan Moldova vətəndaşları üçün 30, xaricdə isə 231 seçki məntəqəsi açılıb.

Seçkilərin ilkin nəticələri bu gecəyarısı məlum olacaq.

Əziz Mustafa

Seçilən
35
37
oxumeni.az

10Mənbələr