Niderland yığmasının keçmiş yarımmüdafiəçisi Uesli Sneyder hesab edir ki, 2010-cu ildə “Qızıl top”dan məhrum edilməklə, “qarət” edilib.
Arena.az “Football Talk” dərgisinə istinadən, niderlandlı keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:
“2010-cu ildə “Qızıl top”u verməyib məni “soydular”. Amma düzünü desəm, insanların 14 ildən sonra hələ də bu haqda danışması məni daha çox sevindirir. Mənə isə deyirlər: “Ues, səni 2010-cu ildə “qərət” ediblər”, deyə veteran futbolçu bildirib.
Xatırladaq ki, Sneyder 2009/2010-cu illər mövsümündə çıxış etdiyi “İnter”lə İtaliya A Seriyasını, İtaliya Kubokunu və Çempionlar Liqasının qazanıb, həmçinin Niderland yığması ilə 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının finalına yüksəlib. Sneyder bütün bu yarışlarda özünü fərdi baxımdan ən yüksək səviyyədə göstərib, istər klubda, istərsə də yığmada aparıcı oyunçu olub. Həmin mövsüm niderlandlı futbolçu həm oyun keyfiyyəti, həm məhsuldarlığı və həm də sabitliyi ilə seçilib. Buna rəğmən, o, “Qızıl top”un yekun sıralamasında Lionel Messi, Andres İnyesta və Xavidən sonra 4-cü olub.
Əlavə edək ki, son günlərdə Avropanın bir çox dərgilərinin apardığı sorğuların nəticələrinə əsasən, “Qızıl top” mükafatının gözdən düşdüyü qənaətinə gəlmək olar. Sorğuda iştirak etmiş kəslərin böyük əksəriyyəti mükafatın “örtülü bazar”a çevrildiyini düşünür.
Xatırladaq ki, hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış etmiş Sneyder özünün futbolçu karyerasına 2019-cu ilin avqustunda xitam verib.
Niderlandlı futbolçu karyerası ərzində “Ayaks”, “Real”, “İnter”, “Qalatasaray”, “Nitsa” və Qətərin “Əl-Ğarafa” komandalarında çıxış edib.
Uesli Sneyder 2003-cü ilin aprelində debüt etdiyi Niderland yığmasının heyətində 134 oyun keçirib, 31 qol və 32 məhsuldar ötürmə ilə fərqlənib.