AZ

Səhiyyə gücləndirilmiş rejimdə çalışacaq

“Yeni Klinika”da COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediaturda səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, direktorun müavinləri, qurumun müşavirləri və struktur bölmə rəhbərləri, tibb müəssisələrinin rəhbər heyəti, eləcə də media nümayəndələri və ictimai xadimlər iştirak ediblər.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı günlərində səhiyyə müəssisələrində yüksək səviyyəli tibbi xidmətlərin göstəriləcəyini diqqətə çatdırıb. Mühüm iqlim tədbirinin keçirilməsi üçün Azərbaycanın bütün dövlət və özəl qurumlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan icraçı direktorun sözlərinə görə, TƏBİB digər səhiyyə qurumları ilə yanaşı, zəruri tibbi xidmətləri keyfiyyətli şəkildə təşkil edib: “Bu istiqamətdə Səhiyyə Nazirliyi və COP29 Əməliyyat Şirkəti ilə də koordinasiyalı çalışmışıq. Tibb müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib. “Yeni Klinika”nın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili tibbi yardım, stasionar, reanimasiya şöbələri və əməliyyat otağı tibbi xidmətə zərurət ehtimalı nəzərə alınaraq tam səfərbər olunub. Yoluxucu xəstəliklər üçün Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanada 4-ü reanimasiya olmaqla, 14 çarpayı, böhran vəziyyətləri üçün 100 reanimasiya çarpayı olmaqla, 370 çarpayı ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş yanıq şöbəsi yaradılıb. Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb”.

TƏBİB rəhbəri, həmçinin qeyd edib ki, konfransın keçiriləcəyi günlərdə 60 briqada (həkim, orta tibb işçisi, sürücü daxil olmaqla) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. COP29 iştirakçıları üçün ayrılmış otellərdə, həm də tədbirin keçiriləcəyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Zəruri tibbi xidmətlərin göstərilməsi, çağırış ünvanlarına vaxtında çatmaq üçün 60 yeni ambulans ayrılıb ki, bunun da 3-ü elektromobildir. Onun sözlərinə görə, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərəcək heyət üçün təşkil olunmuş təlimlərdə 448 həkim, orta tibb işçisi və sürücü iştirak edib. Eyni zamanda, xarici qonaqlarla rahat kommunikasiyanı təmin edə bilmək üçün 331 nəfər ingilis dili kurslarına cəlb olunub.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov COP29 tədbiri günlərində tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün bütün səhiyyə qurumlarının koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini bildirib: “Həm TƏBİB-in, həm Səhiyyə Nazirliyinin tabeli tibb müəssisələri, həm də özəl xəstəxanalar olmaqla 9 xəstəxanada tibbi xidmətin təşkili üçün işlər görülüb. 10 minlərlə qonağın şəhərimizə gələcəyini nəzərə alaraq yaranmış təcili hallarla əlaqədar profilaktika istiqamətində də işlər görülüb. Xaricdən gələn şəxslər arasında epidemik xəstəlik daşıyıcıları da ola bilər. Bu məqsədlə Heydər Əliyev Beynəlxalq Aeroportunda termometrlər quraşdırılacaq ki, ilkin mərhələdə hərarət ölçülsün. Hətta, zəruri diaqnostik testlərlə təminatımız var. Hazırda poliklinikalarda qrip əleyhinə peyvəndlənmə də davam etdirilir. Bu da COP29 tədbirində vətəndaşlarımız arasında qripin ağırlaşmalarının və yayılmasının qarşısının alınmasına kömək edəcək. Nazir müavininin sözlərinə görə, mehmanxanalarda və ictimai iaşə obyektlərində də epidemik xəstəliklərin yayılmasının qarşısını almaq üçün dezinfeksiya işləri aparılacaq.

Sonda TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov həm xəstəxanalarda tibbi xidmətin təşkilindən, həm də təcili tibbi yardım briqadalarının təhkim olunduğu ərazilərdən bəhs edib. Qeyd olunub ki, “Heydər Əliyev Beynəlxalq Aeroportunda, Heydər Əliyev Mərkəzində, “Atletlər” kəndində, metronun “Koroğlu”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında, eləcə də qonaqların məskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkim məntəqələri təşkil edilib. Eyni zamanda, “103” Çağrı Xidmətində ingilis dilini bilən işçilərin növbəli fəaliyyəti təşkil olunub, Bakı Olimpiya Stadionuna ambulanslar təhkim edilib, COP29 Qərargahında növbətçilik təşkil olunub.

Brifinqdə media nümayəndələrinin çoxsaylı sualları cavablandırıldıqdan sonra iştirakçılar “Yeni Klinika”da yaradılan şəraitlə tanış olublar.

Zərifə HÜSEYNOVA
XQ

Seçilən
16
xalqqazeti.az

1Mənbələr