AZ

Dörd oyun, dörd məğlubiyyət!

Görəsən, “Sabah” rəhbərliyi Kurtinaytisi niyə saxlayır?
"Sabah" oktyabrın 30-da FIBA Avropa Kubokunda növbəti matça çıxdı.


G qrupunda yer alan Rimas Kurtinaytisin komandası Belçika təmsilçisi "Spiru"nu qəbul etdi. Səfərdə bu rəqibə minimal fərqlə (81:82) uduzan “bayquşlar”ın evdə qisas alacağını gözləməyə dəyərdi. Ancaq sən saydığını say, gör Kurtinaytis və yetirmələri nə sayır... Bəli, “Sabah” 4-cü oyunda 4-cü məğlubiyyətlə üzləşdi. Əvvəlcə matçın texniki nəticələrinə nəzər salaq.
Sabah – Spiru (Belçika) 68:78 (24:22, 17:16, 14:18, 13:22)
Sabah: Kam’ron Blu (16 xal), Trevon Düval (2), Hassani Qravett (24), Maykl Holton (7), Klavs Kavars (7), Andrey Voynaloviç (6), Şirzad Şirzadov (3), Artyom Butyankov (3), Əlikamran Məmmədov, Ramiz Quliyev, Aydın İbrahimov, Tariyel Yusifzadə.
Göründüyü kimi, “Sabah” ilk yarını öndə bitirsə də, 2-ci yarıda üstünlüyü əldən verib. Və... Allahın bəhanəsi çox! Litvalı mütəxəssis artıq neçənci dəfə məğlubiyyəti bəzi oyunçuların yoxluğu ilə izah edib:

“Yaxşı mübarizə apardıq. Azarkeşlərimiz önündə qələbə qazanmağı çox istəyirdik. Çox istəkliydik. Bəlkə də bunun yaratdığı təzyiqə görə sadə epizodlarda bəzən top itkilərinə yol verdik. Hətta köməkçilərimə dedim ki, karyeram boyunca bu qədər səhv görməmişəm. İki əsas oyunçumuzun - Endər Poladxanlı ilə DeAndrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı. Üstəlik Düval da qeyri-idmani davranışa görə texniki folla cəzalandı. Azarkeşlərə sona kimi bizə dəstək olduqlarına görə təşəkkür edirəm. Rəqib 11 basketbolçu ilə oynadı, biz isə 7. Klublarda yerli basketbolçularla bağlı müəyyən siyasət var. Hər komandanın heyətində yerli basketbolçu oynamalıdı ki, çempionatda rəqabət olsun. Ancaq digər tərəfdən, avrokubok oyunlarında heyətimizdə yerli oyunçuları görmürsüz. Onların 18 yaşı var, belə oyunlarda meydana buraxa bilmərəm. Hesab edirəm ki, birgə səylərlə nəsə etməliyik”.


Dünya şöhrətli legioner məşqçi ardıcıl 4 məğlubiyyətdən sonra yenə bəhanələrin arxasına sığınır, özündən başqa hamıda günah görür. Maraqlıdı, azərbaycanlı məşqçi məğlubiyyətləri sıralasaydı, “Sabah” rəhbərliyi bu qədər təmkinli davranardımı? Əslində sualı belə də qoymaq olar: “Sabah” rəhbərliyi “bir əldə iki qarpız tutan” Kurtinaytisin nəticəsizliyinə nə vaxta qədər dözəcək?
Bu qrupda keçirilən digər oyunun nəticəsi: Nopçepinq Dolfins (İsveç) – Marussi (Yunanıstan) 74:71 (15:12, 11:17, 18:21, 30:21).
1. Spiru 4 4 0 336-303 8
2. Marussi 4 2 2 321-303 6
3. Norçepinq 4 2 2 313-337 6
4. Sabah 4 0 4 289-316 4

Növbəti turun oyunları noyabrın 6-da keçiriləcək: Marussi – Sabah, Spiru – Norçepinq.
Seçilən
35
football-plus.az

1Mənbələr