COP29-a sayılı günlər qalır.
Bugünlərdə Azərbaycanın öz suverenliyini, ərazi bütövlüyünü təminindən narahat olanlar da öz kampanyalarını genişləndirməyə çəhd etməkdədirlər. Avropanın bəzi dövlət və dairələrinin təmsilçiləri, eləcə də ABŞ-dən bu kampaniyanın təşkilatçıları anti-Azərbaycan kampaniyalarının sıralarını artırmaq, kəmiyyət sayına nail olmaq istəyirlər. Bütün güclərini buna sərf edirlər.
Bununla bəşəri bir tədbirə qarşı başladılan bu kampaniyanın arxasında duranların nə qədər çirkin niyyətlərinin olduğu bir daha üzə çıxır. Dünyanı müharibə meydanına çevirən bu qüvvələr üçün heç bir bəşəri dəyər yoxdur. Öz marginal maraqları onlar üçün dünyadakı iqlim dəyişikliklərindən də, dünya əhalisinin bundan çəkdiyi əziyyətlərdən də vacibdir. Ukraynadan Yaxın Şərqə qədər bütün dünyanı oda bürüyən bu BELLONAlar Cənubi Qafqazda müharibənin bitməsini, Azərbaycanın qələbəsini üstündən 4 il keçsə də, qəbul edə bilmirlər.
30 illik işğala göz yumanlar, ATƏT-in Minsk Qrupu formasında təşrif buyurub, Azərbaycanı məğlubiyyətə sürükləmək istəyənlər indi başqa formada təzyiqlərini davam etdirirlər. Qarabağ, Şərqi Zəngəzur azad edilməyib, Qarabağda 30 illik hərbi cinayətlərin başında duranlar tutulmasaydı, bizə qarşı bu saxta ittihamlar səsləndirilməyəcəkdi. Əksinə, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürlər bitməyəcəkdi.
Bütün ittihamların alt qatında olan Azərbaycanın 2020-ci il Zəfəri və 2023-cü ildə keçirilən antiterror əməliyyatı, Qarabağın işğaldan azad edilməsi və erməni hərbi cinayətkarların həbsidir. Azərbaycana qarşı saxta ittihamlar səsləndirməkdə israrlı olan bu qrup Avropa Parlamentindən ABŞ Konqresinə qədər uzanır. Onlara qoşulan “yerlilərimiz” də özünü müxalifət kimi yox, bu qrupun sözçüsü – TUTUQUŞUsu kimi aparır.
Dünyanın qəbul etdiyi qaydalarda müxalifətçiliyin öz standartları var. Müxalifət siyasi hakimiyyətə qarşı mübarizə aparır, onun proqram və fəaliyyətini tənqid edib, xalqı inandırıb, hakimiyyətə gəlir. Dövlətə və dövlətçliliyə, ərazi bütünlüyünə, torpaqların işğaldan azad edilməsinə qarşı dirəniş göstərən xarici güclərin marginal maraqlarının ifadəçisinə çevrilmir. Təəssüf ki, bu gün Azərbaycanın daxilində o qüvvələr də idarə olunduqları mərkəzlərin iradələrinin ifadəçisi kimi mövcuddurlar.
Bununla da müxalifətçiliyi bir siyasi termin olaraq, xalqın gözündən salır, cəmiyyətin inamını sarsıtmaqda davam edirlər. Əli Kərimli, Cəmil Həsənli, özünə müxalifət deyən xaricdəki söyüş qrupu müxalifətçiliyin sərhədlərini elə bir duruma salıblar ki, cəmiyyət artıq gerçək, sivil, dövlətçi müxalifətə də yaxın durmaq istəmir. Bu gün müxalifətin sosial baza probleminin əsas kökü budur. Əslində müxalifətçiliyin standartları müəyyən olunub, dövlətçiliklə siyasi hakimiyyət arasında olan fərq və mübarizə metodları xalqa doğru çatdırılsaydı, indi fərqli bir mənzərə alınardı. Amma Əli Kərimli və onun yanında duranlar bunu etmək bacarığında deyildilər və ola da bilmədilər.
Bu səbədən də sığınacaq yerləri xarici qüvvələrdir. O qüvvələr isə bu adamları öz maraqlarına uyğun idarə edir. Xalqdan ümidi kəsilmiş şəkildə anti-Azərbaycan qüvvələrlə bir sırada yer tutan Əli Kərimlinin manipulyativ təsəlli çıxışlarının sifarişi xaricdən verilir. Bu dəfə də sosial şəbəkələrdəki çıxışlarında guya COP29-un boykot olunduğunu, dünya liderlərinin sammitə qatılamaqdan məhz onların fəaliyyətinə görə imtina etdiklərinə dair iddia səsləndirir.
Məsələ burasındadır ki, Əli Kərimlinin adını çəkdiyi liderlərin sammitdə iştirakdan imtinası ilə bağlı rəsmi heç bir mövqe yoxdur. Məsələn, Böyük Britaniya kralının səhhəti ölkə xaricindəki tədbirlərdə iştiraka imkan vermir.
Fransa Prezidenti Makron özü xahiş etsə belə, onu nəinki Azərbaycanda, hətta bölgədə belə görmək istəmirlər. Putinin səfər proqramı hələlik açıqlanmayıb. COP29 keçirildiyi müddətdə ölkəsində prezident seçkisi keçirilən Baydeni zatən kimsə bu tədbirdə gözləmir. Hələlik son məlumata görə, COP-29 liderlər sammitində 100-dən çox dövlət və hökumət başçısının, vitse-prezidentin iştirakı gözlənilir.
Bu, rəsmi məlumatdır. COP29-da iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası katibliyi vasitəsilə 50 mindən çox adan qeydiyyatdan keçib.
Bu məlumatlardan aydın görünür ki, bütün ölkələr və dövlətlər dünya üçün mühüm əhəmiyyət daşıyan sammitdə nümayəndələrlə iştiraklarını təsdiqləyiblər. Bu, onu göstərir ki, COP29 sammiti Avropa Parlamentinin hansısa kağız parçası və ya amerikalı konqresmenlərin hansısa çağırışları, eləcə də onların çaldıqları bütün havalara oynayan əli kərimlilərin sosial şəbəkədəki çıxışları ilə boykot olunmur, əksinə, mötəbər qonaqların iştirakı ilə yüksək səviyyədə baş tutacaq.