YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə həmçinin Oskar Əfəndiyev küçəsi 24 ərazi partiya təşkilatının sədri Şəhla Məmiyevanın “Sənə Zəfər yaraşır” adlı kitabının təqdimatı olub.
“İki sahil” xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. Araz Xudadanov vurğulayıb ki, kitabda Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan tarixi qələbəmizin əhəmiyyətindən bəhs olunur.
Çıxış edən 2 nömrəli Doğum Evinin rəhbəri Səadət Şamilova qeyd edib ki, bu kitab gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayacaq.
Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elmira Həsənqızı, Azərbaycan Respublikasının əməkdar artisti Mətanət İsgəndərli, 290 nömrəli orta məktəbin müəllimi Mətanət Cabbarova, bədii qiraətçilər - Ləman Səlimova, Fidan Ağazadə çıxış edərək bildiriblər ki, kitabda Vətən müharibəsindəki Şanlı Qələbəmiz, qələbənin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti ətraflı işıqlandırılıb.
Daha sonra Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.