Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin ötən ilin oktyabrından bəri 50 minə yaxın insanın ölümünə səbəb olan Qəzza zolağındakı aqressiv hərəkətlərini əsrin ən dəhşətli soyqırımlarından biri adlandırıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğan bu barədə İstanbulda çıxışı zamanı danışıb. Onun sözlərinə görə, İsrailin Qəzza və Livana qarşı təcavüzünə ən yaxşı cavablardan biri Fələstinin müstəqilliyinin bir çox dövlət tərəfindən tanınması olacaq. Türkiyə prezidenti, həmçinin İslam dünyası ölkələrini ixtilafları bir kənara qoyub, Fələstin və Livan xalqlarını ədalətli mübarizədə dəstəkləməyə çağırıb.
O əlavə edib ki, Türkiyə Qəzzada böhran başlayandan bəri Misir vasitəsilə bölgəyə 85 min tondan çox humanitar yardım çatdırıb. Ərdoğan İsraillə ticarət əlaqələrinin dayandırıldığını və ölkəsininin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya qoşulduğunu bildirib.