Sahəsi kiçik olan bina evlərində otaq sayını artırmaq üçün eyvanların mətbəxə və ya adi otağa çevrilməsi adi bir hala çevrilib. Lakin bu dəyişikliklər təhlükəsizlik baxımından bir sıra məsələləri gündəmə gətirir.
Eyvandan otaq və ya mətbəx kimi istifadə edilməsi nə dərəcədə təhlükəsizdir?
Məsələ ilə bağlı "Operativ Media"ya danışan təhlükəsizlik üzrə ekspert Elmar Nuraliyev bildirib ki, evin konstruksiyasında edilən hər hansı bir dəyişiklik tikinti norma və standartlarına uyğun olmalıdır:
"Evdə hər hansı bir konstruksiya dəyişikliyi, xüsusilə evin təməl sütunlarının sökülməsi və ya yerinin dəyişdirilməsi, tikinti norma və standartlarının pozulmasına səbəb ola bilər. Bu sütunlar pozulduqda, evin konstruksiyasında həyata keçirilən digər dəyişikliklər də təhlükəli olur. Bu cür dəyişikliklər tikinti norma və standartlarına zidd olduqda, evin dayanıqlılığına xələl gətirir. Xüsusilə təbiət hadisələri zamanı, məsələn, zəlzələlər və digər fövqəladə hallarda, belə bir evin daha çox zərər görməsi ehtimalı artır.
Başqa bir məsələ isə mətbəxin yerinin dəyişdirilməsidir. Mətbəxin başqa bir yerə köçürülməsi zamanı qaz təsərrüfatı və digər kommunikasiya xətləri, məsələn, su və elektrik xətləri, yeni yerə keçirilməlidir. Bu dəyişikliklər, əslində, təhlükəlidir. Çünki evin tikintisi zamanı bütün kommunikasiya sistemlərinin harada yerləşməsi, həmin otaqların təyinatı və funksiyaları, məsələn, qaz peçlərinin yerləşdiyi otaqda havalandırmanın və ventilyasiyanın olması, bütün bunlar nəzərə alınır. Əgər mətbəxin yeri dəyişirsə, havalandırma sisteminin yeri də dəyişir və yeni mətbəxdə nəfəslik və ya ventilyasiya olmaya bilər. Bu da, öz növbəsində, qazın yığılmasına, yanğın təhlükəsinin artmasına və digər ciddi təhlükəsizlik problemlərinə səbəb ola bilər".
Ekspert qeyd edib ki, evin konstruksiyasında edilən hər hansı bir dəyişiklik, xüsusilə də əsas strukturların, kommunikasiya xətləri və sistemlərinin yerinin dəyişdirilməsi tikinti norma və standartlarına uyğun olmalıdır. Bu, yalnız evin dayanıqlılığı üçün deyil, həm də sakinlərin təhlükəsizliyi üçün vacibdir.