AZ

Sən Azərbaycan əsgərisən!

Min illərdi Azərbaycan “mayəsi də, qayəsi də nur” olan məmləkət kimi tanınır, sevilir. Bu ilahi nurun haləsinin Vətən olduğu da etiraf edilir. Çoxlarına (həm dövlət olaraq, həm də fərd olaraq) Vətənin nə olduğunu da bu nur nişan verir. Bu məmləkətin torpağında cücərən gülü-çiçəyi də, çaxan şimşəyi də, axar bulağı da, qaranlıqları əridən çırağı da, çiçəklərin ləçəyinə düzülən şehi də, boy göstərən dağı da, çiçəklərin ləçəyinə sərilən şehi də, yarpaqları titrədən mehi də, yağışdan sonra gözümüzün də, könlümzün də ecazkarlıq tacına dönən qövsi-qüzehi də, ... zaman-zaman hamı Vətən bilib deyə, hamımızın ruhunun nənnisi olub, Ana, Vətən, Ana Vətən kəlmələri illərinin ninnisi, şərqisi. Sən də belə düşünürsən və nə gözəl düşünürsən, Azərbaycan əsgəri! Kəlmələrin and kimi səslənir...

Sən həm də deyirsən ki, Vətən təkcə sərhədlərlə əhatələnmiş ərazi deyil, ruhun əzizləndiyi, ruhun əzizlədiyi, sərhədlərini milli-xəlqi ruh müəyyənləşdirən ərazidi. Bu ərazi çox genişdi – tarixin hansı dönəmindəsə bugünkü sərhədlərin o üzündə qalan ərazilər də Vətəndi...

Yaşaya-yaşaya yaşadılan, yaşadıla-yaşadıla müqəddəsləşən torpaqdı Vətən – sən bu düşüncələrin də əsgərisən, Azərbaycan əsgəri, sənin ömür fəlsəfən bu düşüncələrdən keçir. Babandan, müəllimlərindən eşidib-öyrənibsən ki, zamanında əli silah tutanlar, barmağı tətik sıxanlar da belə düşünüb, Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də döyüş əzmi belə olub. İndi yeniyetmələr, gənclər də belə düşünür...

Müharibədə döyüşlərdə bu düşüncələr döyüş əzmi idi, qələbə ruhu idi. Bu düşüncələr şəhidlərimizin son nəfəsinin kəfəni oldu. “Döyüşlərdə şəhidlərimiz döyüş əzmimizin, qələbə ruhumuzun bayrağı idi...” – Azərbaycan əsgərinin şəhidlərimizə ehtiramı da Vətənə sevgidir. Azərbaycan əsgəri nə gözəl düşünürsən!..

Dədə Qorqud öyüdüdü: Torpağı qorumadınsa, əkib-becərməyə dəyməz, əkib-becərmədinsə, qorumağa dəyməz. Neçə yüz illərdi yeniyetmələr bu ruhla formalaşır, gəncləşir, gənclər bu ruhla əsgərləşir. Torpaqlarımıza sərhədlər düşəndən – dövlətimiz, dövlətçiliyimiz yaranandan belədi. Sərhədlərimizdə yad atları kişnəyəndə qeyrət kəsərli qılınca dönüb, analar oğullarını, qızlar qardaşlarını, gəlinlər əzizlərini döyüşlərə uğurlayıb, ərənlər hər döyüşü son döyüş bilib...

İllər qərinələşib, yüz illər ötdü. Azərbaycan dövlətçiliyi dünyaya yeni nizam gətirdi, dünya azərbaycançılığın fəlsəfəsini dərk elədi: Bildi ki, mayəsi də, qayəsi də nur olan bu məmləkətin hər daşından alov dilli ox ola bilər!..

Ermənistan Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Bu müharibə azərbaycançılığın erməniliklə müharibəsi idi. Bu müharibədə qazanılan Böyük Qələbə dünyanı “Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, haqqın da yenilməz yolu, dönməz üzü vardır!” kəlamına – Tofiq Fikrətin şeir fəlsəfəsinə biətə gətirdi.

Azərbaycan əsgəri, sənin atan, atamın yaşıdları Birinci Qarabağ müharibəsində döyüşlərə bu ruhla gedirdi. İkinci Qarabağ müharibəsində səndən üç-dörd yaş böyük olanlar bu ruhla döyüşürdü, bu ruhla döyüşlərə can atırdı. Sən də, yaşıdların da ataların, Vətən müharibəsi iştirakçılarının döyüş xatirələriylə formalaşdınız, çağırışçı yaşına çatdınız.

Siz də bilirdiniz ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Bağanis Ayrımda, Meşəlidə, Başlıbeldə, Qaradağlıda, Ağdabanda, Xocalıda faciələr törədib, yüzlərlə azərbaycanlı qətlə yetirilib, əsir düşənlər oldu. Ermənilik sizin də qəlbinizi qana döndərirdi, siz də səngərləri sərhədlərə köçürmək qətiyyəti ilə xidmət edənlərin sırasında olmaq üçün gecələrin səhərinin xəyalını qururdunuz. Çağırışçılar hərbi xidmətə Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdə iştirak etmək ümidi ilə gedirdi. Onlar da, əhali də, əhalinin sırasında siz də bilirdiniz ki, əsgər ürəyindən başlanır Vətən. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Sən, Azərbaycan əsgəri, onda yeniyetməydin, orta məktəbdə oxuyurdun. Sentyabrın 28-də sən də, yaşıdların da yaşının azlığına təəssüflənmişdiniz...

Xarici havadarlarından həm siyasi, həm də hərbi dəstək alan işğalçı Ermənistan Birinci Qarabağ müharibəsində müharibə qanunlarına məhəl qoymurdu, kəndlərdə qırğınlar törədirdi, qırğınları dünya ictimaiyyətindən, tarixdən gizlətmək üçün kütləvi məzarlıqlar yaradırdı. Belə məzarlıqlar Vətən müharibəsindən sonra neçə yerdə aşkar edildi. Bunları eşidəndə, o məzarlıqları televiziyada görəndə sənin də yumruqların düyünlənmişdi, qaşların çatılmışdı. Nələr düşünmüşdün onda, bu günün əsgəri? Heysiyyətin sənə nələr demişdi? İndi nələr düşünürsən?.. 

İkinci Qarabağ müharibəsi Azərbaycan üçün xalqın müharibəsi oldu. Azərbaycan Ordusu düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Döyüşlərin – müharibənin ilk günündə neçə-neçə kənd işğaldan azad olundu. Ordumuz döyüşə-döyüşə irəliləyir, irəliləyə-irəliləyə döyüşürdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində demişdi: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz Zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”. Azərbaycan Ordusu bu qətiyyətlə döyüşürdü, Azərbaycan əsgəri!

Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Şuşa döyüşləri, qazanılan qələbə indi də heyrətlə xatırlanmaqdadır. Bu heyrət Azərbaycan Ordusunun şücaətinə, qüdrətinə, döyüşənlərin mərdliyinə, ərənliyinə heyrətdi. Azərbaycan hərbçiləri Cıdır düzünə, Şuşaya Şuşanın dağlarını nərdivana döndərib çatmışdılar. Şuşanın dağlarında son nəfəsində qanı ilə dağa “Qarabağ Azərbaycandı” yazmış döyüşçünün Vətənə sevgisi yaşadılır. Yağan yağışlar, qar-boran, yellər o yazını bəlkə də nə vaxtsa siləcək, şəhid döyüşçünün son nəfəsinə bürüncək olmuş “Qarabağ Azərbaycandı” kəlmələri ürəklərdən, düşüncələrdən ruhdan üzülməyəcək. Sən belə oğulların ruh qardaşısan, belə əsgərlərin davamçısısan, Azərbaycan əsgəri!..

Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Sən Azərbaycanın ərazi bütövlüyünün əsgərisən, bu bütövlüyü qoruyursan.

Sən Azərbaycan əsgərisən! Qətiyyətin, məhəbbətin, dövlətə, dövlətçiliyə sədaqətin əsgərisən!..

 Rəşid FAXRALI

 

 

Seçilən
26
herbiand.az

1Mənbələr