AZ

Azərbaycan startapları dünyanın nüfuzlu tədbirlərində - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “PAŞA Holding”in dəstəyi ilə beş yerli startap (“Polygraf AI”, “Dosty”, “Recepta”, “Adviad”, “Iomete”) “Roadshow” layihəsi çərçivəsində dünyanın ən nüfuzlu texnologiya və startap tədbirlərindən biri “TechCrunch Disrupt 2024”də iştirak edib. 

Valyuta.Az xəbər verir ki, builki “TechCrunch Disrupt”da Azərbaycan startapları və İRİA heyətinin də yer aldığı “İpək Yolu” pavilyonu çoxsaylı regional iştirakçılarla diqqət mərkəzində olub.

“İpək Yolu” ən böyük pavilyon olmaqla bir neçə ölkədən ümumilikdə 24 startapı təmsil edib. Azərbaycandan olan startaplar xüsusi stendlərində öz innovativ məhsul və həllərini sərgi iştirakçılarına nümayiş etdiriblər. Bununla yanaşı, dünyanın aparıcı texnologiya şirkətləri və investorlarla görüşlər keçirilib, potensial əməkdaşlıq və qlobal bazara çıxış imkanları ətrafında məhsuldar müzakirələr aparılıb.

“TechCrunch Disrupt 2024” sammitindən əlavə, San-Fransiskoda Azərbaycan startaplarının da iştirakı ilə daha bir tədbir keçirilib – Mərkəzi Avrasiya Texnologiya Sammiti. 

25 oktyabr tarixində baş tutmuş bu tədbirdə “TechCrunch Disrupt”da ölkəni təmsil edən startaplarımız layihələrini nümayiş etdirərək əsas sənaye oyunçuları ilə əlaqələrini gücləndirmək imkanı əldə ediblər. 

Sammitdə İRİA-nın İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin rəhbəri Ağahüseyn Əhmədovun moderatorluğu ilə “Mərkəzi Avrasiyada Startap Ekosisteminin Qurulması və Dəstəklənməsi” mövzusunda panel diskussiyası keçirilib. Paneldə regionun sürətlə inkişaf edən texnologiya mərkəzləri, innovasiya potensialının artması və qlobal rəqabət qabiliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “TechCrunch Disrupt” hər il qabaqcıl startapları, investorları və texnologiya liderlərini bir araya gətirir. Tədbir innovasiyaları qlobal miqyasda tanıtmaq, yeni bazar imkanları üçün fürsətlər yaratmaq və regional ekosistemlərin inkişafına təsiri baxımından müstəsna əhəmiyyətə malikdir.

Seçilən
47
valyuta.az

1Mənbələr