Futbol üzrə Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən “Alanyaspor” klubunda baş məşqçi Fatih Tekke istefa verib.
Arena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öz istəyi ilə vəzifəsindən ayrılıb.
O, Super Liqanın 11-ci turu çərçivəsində baş tutan “Bodrumspor”la səfər oyunundakı qolsuz heç-heçədən (0:0) sonra baş tutan mətbuat konfransında istefa qərarını açıqlayıb:
“Rəhbərlikdən hələ heç kimin xəbəri yoxdur, amma mən vəzifəmdən istefa verirəm. Məncə, buna ehtiyac var. Bir ildir “Alanyaspor”dayam. Qarşıda yeni baş məşqçi tapmaq üçün klubun vaxtı da olacaq. Həm komandanın oynamayacağı tur var, həm də milli komandaların oyunları ilə bağlı fasilə… Buraya layiqli bir baş məşqçinin gəlməsi üçün bu qərarı verdim. Burada hər kəslə çox gözəl günlərimiz oldu. Amma uğursuzluğu da qəbul etmək lazımdır. Tək səbəb mən olmasam da, nəyisə dəyişməyin vaxtıdır. Mənə görə, hazırda ən uyğun qərar budur. Rəhbərliyin önünü açmaq istədim. İnşallah, xeyirlisi qismət olar. Alanya həmişə qəlbimizdə qalacaq”.
Xatırladaq ki, Fatih Tekke 2023-cü ilin noyabr ayından “Alanyaspor”a rəhbərlik edirdi. 40 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 40 oyuna çıxarıb. Komanda bu görüşlərdə 12 qələbə qazanıb, 16 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.
Cari mövsümdə isə Alanya təmsilçisi keçirdiyi 11 oyunda cəmi 2 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyətlə üzləşib. Komanda hazırda Super Liqada 10 xalla 15-ci pillədə qərarlaşıb.
Fatih Tekke məşqçilik karyerası ərzində Türkiyənin U-23 yığmasına, həmçinin “Kayseri Ərciyəsspor”, “Boluspor”, “Manisaspor”, “Dənizlispor”, “Bursaspor” və “İstanbulspor” kimi komandalara da rəhbərlik edib.