AZ

Sudanda nə baş verir?

Uzun müddətdir ki, Şimali Afrikada yerləşən Sudanda hökm sürən böhranlı vəziyyət bütün dünyada narahatlıqla izlənilir. Vaxtaşırı müxtəlif səbəblərdən qaynaqlanan vətəndaş qarşıdurmalarına səhnə olan və iqlim dəyişmələrinin fəsadları ilə üzləşən ölkədə çox kədərli mənzərə hökm sürür, insanlar humanitar fəlakətlə üz-üzədirlər.

Qanlı vətəndaş müharibəsinin yeni mərhələsi

Müstəqilliyini 1956-cı ildə elan edən Sudanda vaxtaşırı təkrarlanan vətəndaş qarşıdurmalarını şərtləndirən mühüm amillərdən biri milli-dini etnik müxtəliflikdir. 1983-cü ildə ölkədə dini zəmində yaşanan vətəndaş qarşıdurması Sudanın iki hissəyə bölünməsi ilə sonuclanıb - müsəlmanlardan ibarət şimal və xristianlardan ibarət cənub hissələri. Bununla belə, qarşıdurmalar səngiməyib. 2005-ci ilə qədər davam edən qanlı toqquşmalar ölkə tarixində “ikinci vətəndaş müharibəsi” kimi qalıb. İkinci vətəndaş müharibəsinin davam etdiyi 22 il ərzində aclıqdan, xəstəlikdən, işgəncələrdən və döyüş əməliyyatlarında 2 milyondan çox insan həlak olub, 4 milyondan artıq insan isə qaçqın düşüb. Uzun sürən daxili müharibədən sonra 2005-ci ildə Şimali Sudanla Cənubi Sudan arasında qarşıdurmalara son qoymaq və keçid dövrü barədə razılığa gəlinib. Danışıqlar uzun sürüb. 2011-ci ildə keçirilmiş referendumdan sonra Cənubi Sudan müstəqillik əldə edib.

İmperialist güc mərkəzləri Sudanda da ənənəvi siyasətlərini həyata keçirirlər. Məsələn, ABŞ Sudanın hər iki hissəsinə siyasi və hərbi dəstək verir ki, bu da Vaşinqtonun geoasiyasi və geoiqtisadi maraqlarından qaynaqlanır. Məsələ burasındadır ki, Cənubi Sudan resurslarla zəngindir, burada neft hasil olunur, ixrac kəmərləri və terminallar isə  Şimali Sudanda yerləşir. Bu səbəbdən də ABŞ ənənəvi siyasətinə sadiq qalaraq özünü hər iki tərəfin yanında olan kimi göstərir.

Hazırda ölkə yeni vətəndaş müharibəsi dönəmini yaşayır. 2019-cu il aprelin 11-də Sudanda başlayan etirazlar 1989-cu ildən ölkəni idarə edən Ömər əl-Bəşirin devrilməsi ilə nəticələnib. Silahlı qüvvələr onun 30 illik hakimiyyətinə son qoyublar. İnqilabdan sonra ölkə daxilində siyasi qütbləşmə yenə də səngiməyib və  hərbi idarəetmə üsul-idarəsinə əsaslanan müvəqqəti hökumət qurulub. 2021-ci ildə konstitusiya dəyişikliyi ilə mülki idarəetmə qurulsa da, hərbi qüvvələr hələ də idarəçilikdən çəkilməyiblər. Bu da siyasi böhranın dərinləşməsinə rəvac verir. Bütövlükdə, mülki hökumət və hərbi idarəetmə arasındakı gərginlik, siyasi partiyalar,  qeyri-hökumət təşkilatları arasında qütbləşmə, iqtisadi böhran, korrupsiya, sosial ədalətsizlik, demokratikləşmə prosesindəki pozuntular, etnik və dini münaqişələr yaşanan yeni vətəndaş müharibəsinin əsas qaynaq mənbələridir.

Xatırladaq ki, 2023-cü ilin aprel ayında Suveren Şuranın sədri olan ordu başçısı Əbdülfəttah əl-Burhan ilə Çevik Dəstək Qüvvələrinin (HDK) komandiri Muhammed Hamdan Dagalu arasında fikir ayrılığı səbəbindən Sudanda vəziyyət gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılması vaxtı və ordunun baş komandanının kim olacağı ilə bağlıdır. Aprelin 15-də Merove hərbi bazası yaxınlığında və paytaxt Xartumda iki struktur arasında toqquşmalar başlayıb. Sonradan toqquşmaların arealı daha da genişlənib.  Hərbi əməliyyatlar Darfur regionunun qərbində etnik zorakılığa və dünyanın ən böyük daxili köçkün böhranına səbəb olub. Hazırda ölkəyə nəzarət rəqib düşərgələr arasında bölünüb.

Yüz minlərlə insanın üzləşdiyi humanitar fəlakət

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən ilin aprelində başlayan münaqişə nəticəsində 12,5 mindən çox insan ölüb, 24,7 milyon nəfər humanitar böhranla üzləşib, 1,45 milyondan çox sudanlı isə ölkəni tərk etmək məcburiyyətində qalıb. Bir ildən çoxdur ki, davam edən müharibə Sudanın 14 bölgəsində qida çatışmazlığı ilə bağlı ağır nəticələrə səbəb ola bilər. Bu barədə Ümumdünya Ərzaq Proqramının apardığı qlobal aclıq monitorinqində bildirilib. Sudan hazırda dünyada ən böyük aclıq böhranı təhlükəsi ilə üz-üzədir. Bununla ən çox paytaxt Xartum şəhəri, Darfur və Kordofan bölgələri və Əl-Gezira əyaləti üzləşib. Monitorinqin nəticələrinə əsasən, Sudanda təxminən 755 min insan qarşıdakı aylarda aclığın pik səviyyəsinə çatmaq riski altındadır.

ÜƏP-nin məlumatına görə, qida böhranı ilə yanaşı, Cənubi Sudan həm də qaçqınlar və geri qayıdanlar üçün əsas giriş nöqtəsi olan Renk dairəsində vəba epidemiyası ilə mübarizə aparır. Epidemiya xüsusilə beş yaşından kiçik uşaqlar arasında daha geniş yayılıb.

Qeyd edək ki, Ümumdünya Ərzaq Proqramının qlobal aclıq üzrə xəbərdarlıq sistemi 20 il əvvəl yaradılıb və indiyədək yalnız iki dəfə - 2011-ci ildə Somalidə və 2017-ci ildə isə Cənubi Sudanda təhlükə xəbərdarlığı elan edilib.

Mübariz ABDULLAYEV

Seçilən
14
yeniazerbaycan.com

1Mənbələr