AZ

Daha 544 mənzil güzəşt ilə satılır - 2 otaqlı mənzil üçün aylıq ödəniş 257 manatdan başlayır

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Sumqayıt Yaşayış Kompleksində və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan dərc olunub 

Marja.az xəbər verir ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı 06 dekabr 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 10 dekabr 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa Sumqayıt Yaşayış Kompleksi üzrə 392, Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzil olmaqla, ümumilikdə 544 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

 

Mənzil İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda, illik faiz dərəcəsi 4%, müddət 30 ilədək, minimal ilkin ödəniş 10 faizdir. Sumqayıt Yaşayış Kompleksi üzrə aylıq ödəniş 2 otaqlı mənzil üçün 257-262 manat,  3 otaqlı mənzil üçün 332-354 manat, Lənkəran Yaşayış Kompleksi üzrə aylıq ödəniş 3 otaqlı mənzil üçün 267-281 manat, 4 otaqlı mənzil üçün 362-419 manatdır. 

Sumqayıt Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti – 59 700 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 77 200 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzillərin qiyməti – 61 965 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmi internet səhifəsinə (mida.gov.az) daxil olaraq Sumqayıt və Lənkəran Yaşayış Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə güzəştli mənzil kalkulyatoru vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla mida.gov.az internet səhifəsində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (5 saylı Bakı, 1 saylı Sumqayıt və Lənkəran regional), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.

mida mənzillər sumqayıt lənkəran
Seçilən
7
4
marja.az

10Mənbələr