AZ

Deputat: “COP29 amilindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur”

“COP29 konfransı yaxınlaşdıqca ölkəmizə qarşı sistemli hücumlar daha aydın müşahidə edilməkdədir. Qərb mətbuatında Azərbaycana qarşı səsləndirilən iddialar sözün əsl mənasında gülüncdür. Əsas tezislərdən biri ondan ibarətdir ki, Azərbaycan ənənəvi enerji istehsalçısı, yəni neft və qaz istehsalçısı və ixracatçısı olduğu üçün iqlim tədbirinə ev sahibliyi etmək səlahiyyətinə malik deyil. Tamamilə absurd iddiadır. Bu günə qədər keçirilmiş COP konfranslarına baxsaq, görərik ki, ev sahibliyi etmiş bütün ölkələr ənənəvi enerjidən istifadə edən ölkələrdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. 

E.Mirbəşiroğlu qeyd edib ki, “yaşıl enerji” istehsalının inkişaf etdirilməsi istiqamətində görülən işləri kütləvi informasiya vasitələrində daha çox qabartmaq lazımdır:

“Azərbaycan bu gün külək və günəş istilik enerjisi mənbələrinin yaradılması istiqamətində ən çox fəallıq göstərən ölkələrdəndir. Beynəlxalq ictimaiyyətin diqqətini buna çəkmək lazımdır. Perspektivdə bərpaolunan enerji mənbələrinin yaradılması ilə bağlı planlar haqqında da ictimaiyyəti məlumatlandırmaq lazımdır. Bu bizim üçün vacibdir. 

Azərbaycanın “yaşıl enerji” strategiyası özünün bütün komponentlərinə sahibdir. Azərbaycan gələcəkdə bu sahədə çempion dövlət olacaq. Qara dənizin dibi ilə alternativ enerji mənbələrindən alınan enerjinin dünya enerji bazarına çıxarılması məqsədilə kabellər inşa olunmaqdadır. Bunlar göstərir ki, Azərbaycan iqlimlə bağlı konfranslara ev sahibliyi etməkdə hamıdan çox mənəvi haqqa sahibdir”.

Deputat bildirib ki, Avropa Parlamentinin, Fransa Senatının bəyanatlarında COP29 amilindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur:

“Guya Xankəndidə ermənilərə məxsus hansısa mədəniyyət elementləri məhv edilib, halbuki belə bir fakt yoxdur. Ən birincisi ona görə ki bütün tarixi elementlər Azərbaycan xalqının özünə məxsusdur. Bundan başqa tələb edilir ki, UNESCO-nun missiyası keçmiş münaqişə zonasına göndərilsin, burada erməni mədəni irsinin vəziyyəti araşdırılsın. Yenə də aşkar riyakarlıq hiss olunur. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayanda və hazırkı Ermənistan ərazisində Azərbaycana aid heç bir mədəni abidə salamat qalmayıb, hamısı məhv edilib. 

Həmçinin, Azərbaycandan tələb olunur ki, ermənilər vaxtilə yaşadıqları ərazilərə qaytarılsınlar. Nəzərdən qaçırırlar ki, Azərbaycan Prezidenti şəxsən reinteqrasiya ilə bağlı ermənilərə çağırış etmişdi və bildirmişdi ki, ermənilər yalnız Azərbaycan vətəndaşı statusunda Azərbaycan ərazisində tam təhlükəsiz şəraitdə və bütün hüquqları tanınaraq yaşamağa davam edə bilərlər”.

Deputat hesab edir ki, Azərbaycan mediası bütün bu faktları ciddi şəkildə arqumentləşdirərək dünya mediasına çıxarmalıdır:

“Azərbaycanın hər zaman müdafiə etdiyi və beynəlxalq hüquqa uyğun olan mövqeyi sistemli şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Ermənistanın hər zamankı təxribat xarakterli addımları barədə də məlumat verilməlidir. Hesab edirəm ki, bunun üçün kifayət qədər dəlil və sübutlar və imkanlar var”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
0
demokrat.az

1Mənbələr