Həmin bataqlığa burnunuzla girsəniz, vallah, ayağınızı da qurtara bilməyəcəksiniz.
Sadəcə ölümün sonu görünmür anlayışı bir kənara, estetik cərrahiyyənin də sonunu görmək mümkün deyil. İnsanların özlərini gözəllik anlayışı uğrunda bu qədər rahat qurban edə bilməsi məndə təəccüb doğurur. Üstəlik öz profillərindən uzaqlaşmaq üçün ətək-ətək pul tökməyə, stress yaşamağa dəyərmi?
Məncə, yox!
Hazırda bütün sahələrdə bir çox mütəxəssislərin başının içini elm bəzəmək yerinə otağını sertifikatlar bəzəyir.
Reklamlar...
Özündən çox sertifikatının şəklini göstərən mütəxəssisdən nə gözləmək olar?
İnstagramda takibçisi çoxdur deyə, birinə özünü qurban etmək bu qədər asan olmamalıdır. Əslində buna estetika da demək doğru deyil. Bu, başdan-ayağa plastikadır. Əməliyyatdan sonra yaranan o vulqar görünüşün altında neçə xanım yatır, kim bilir?
Ümumiləşdirsək, tək adı var bu insanların- "Gözəllik" qurbanı.
İlahi, hələ kampaniya ilə əməliyyat edən həkimlər var! Adını-sanını eşitmədiyimiz onlarca klinika və ucuzdur deyə üz tutan qadınlar. İnsanlar bir gün tamamilə dəyişəcək bu "gözəllik" anlayışı altında zamanlarını, sağlıqlarını və ən əsası kimliklərini itirirlər.
Bir cəmiyyətin xarici görünüşə bu qədər önəm verməsi onu cəhalətdən başqa heç yerə aparmayacaq...
Əfsanə Kamal
Demokrat.az